beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏBU SUFYAN –radıyallahu anhu– nun HERAKLLA GÖRÜŞÜ

6.«Necə ola bilər ki, onlar (kitab əhli) Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanların hamısı istər-istəməz ona (Allaha) təslim olmuşlar və onun hüzuruna qayıdacaqlar». (Ali-İmran 83). «(Ya Muhəmməd!) Söylə ki, Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək! Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: İndi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq (Allaha təslim olanlarıq)». (Ali-İmran 64).İbn Abbas – radyallahu anhu – deyir ki, Əbu Sufyan(Əbu Sufyan b. Hərb – radyallahu anhu – 630-cu ilə qədər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in qatı düşmənlərindən olub. Lakin Məkkənin fəthi günü İslamı qəbul edir. Qızı Ramlə b. Əbu Sufyan (həmçinin Ummu Həbibə də deyirdilər) Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yoldaşı idi. ) – radyallahu anhu – mənə dedi: «Mənimlə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in arasında imzalanmış sülh müqaviləsi müddətində(HUDEYBIYYƏ – Qureyş müşrikləri ilə Peyğəmbər – sallallahu aleyhi və səlləm – arasında bağlanmış sülh müqaviləsidir. Mart 628-ci il Məkkə yaxınlığında. ) mən Qureyşin ticarət karvanı ilə birlikdə Şama (indiki Livan, Suriya, İordaniya və Fələstinin ərazisi sayılır. ) getmişdim. Mən Şamda olduğum müddətdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən Rumun İmperatoru Herakliyusa (Bizans imperatoru 610-641-ci illərdə hökmranlıq edib) bir məktub gətirilmişdi. Bu məktubu (Rumun imperatoruna) Dihyətul Kəlbi (Səhabələr içərisində gözəlliyi ilə seçilən bir səhabə idi. Cəbrail – əleyhissəlam – əksər vaxtlarda onun görkəmində gələrdi. ) gətirmiş və Busranın əmirinə vermişdi. Busranın əmiri də məktubu Herakliyusa göndərmişdi. Herakliyus da: «Burada (yəni Şamda) Peyğəmbər olduğunu iddia edən adamın qövmündən bir kimsə varmı?» deyə xəbər aldı. Əyanları: «Bəli, vardır!» dedilər. Bundan sonra (Əbu Sufyan – radyallahu anhu – bir qrup yoldaşları ilə) birlikdə imperatorun hüzuruna İliyuya (Yerusəlimin qədim adlarından biridir. (Həmçinin Beytul Məqdis, Qüds).) gətrildilər. Herakl Rumun tanınmış insanlarının əhatəsində onları və tərcüməçisini öz yanına çağıraraq (tərcüməçisi vasitəsilə): «Peyğəmbər olduğunu iddia edən bu şəxsə nəsəb (qohumluq) etibarı ilə ən yaxın olanınız hansınızdır?» deyə soruşdu. Əbu Sufyan: «Nəsəb etibarı ilə ən yaxın olan mənəm» dedim. Herakl: «Onu mənə yaxın otuzdurun, yoldaşlarını isə onun arxa tərəfində otuzdurun!» dedi. Sonra Herakl tərcüməçisinə: «Mən Peyğəmbər olduğunu iddia edən o, şəxs haqqında bu adamdan bəzi şeyləri soruşacağam. Əgər o, mənə yalan desə sizlər onun yalanını təkzib edin!» dedi. Əbu Sufyan: «Allaha and olsun ki, yoldaşlarım tərəfindən yalanımın hər tərəfə yayılmasından qorxmasaydım Peyğəmbər haqqında şübhəsiz ki, yalan uydurardım» dedim. Sonra (Herakl) Peyğəmbər haqqında mənə ilk sualını verdi.
«Sizin içinizdə onun nəsəbi necədir?» deyə soruşdu. Mən: «İçimizdə onun nəsəbi çox böyükdür. O, hörmətli bir ailədəndir» deyə cavab verdim. O: «Sizdən bu sözü ondan öncə söyləmiş (yəni ondan əvvəl Peyğəmbərlik iddiası etmiş) bir kimsə olubmu?» deyə soruşdu. Mən: «Xeyr!» deyə cavab verdim. O: «Ata-babaları içərisində bir padşah olubmu?» deyə soruşdu. Mən: «Xeyr!» deyə cavab verdim. O: «Ona kimlər tabe olur. İnsanların şərəfliləri (yəni tanınmışlar, varlılar), yoxsa insanların zəifləri (kasıblar, sadələr)?» deyə soruşdu. Mən: «İnsanların zəifləri (kasıbları, sadələri)» deyə cavab verdim. O: «Ona tabe olanlar artır, yoxsa azalırlar?» deyə soruşdu. Mən: «Xeyr, azalmır. Əksinə artırlar!» deyə cavab verdim. O: «İçərilərində onun dininə girdikdən sonra bəyənməməzlikdən onun dinini tərk edən varmı?» deyə soruşdu. Mən: «Xeyr!» deyə cavab verdim. O: «Bu dediklərini deməzdən (yəni Peyğəmbərlikdən) əvvəl heç onu yalan (danışmaqda) ittiham etmisinizmi?» deyə soruşdu. Mən: «Xeyr!» deyə cavab verdim. O: «Heç əhdini pozubmı?» deyə soruşdu. Mən: «Xeyr, əhdə vəfasızlıq etməz. Lakin indi biz onunla bir müddətlik sülh müqaviləsi bağlamışıq. Bu müddət ərzində onun nə edəcəyini bilmirik. Mən bu dediklərimə heç bir söz əlavə edə bilmədim. (Yəni Peyğəmbərə qarşı heç bir söz deyə bilmədim)» deyə cavab verdim. O: «Heç onunla müharibə etdinizmi?» deyə soruşdu. Mən: «Bəli» deyə cavab verdim. O: «Onunla etdiyiniz müharibənin nəticəsi necədir?» deyə soruşdu. Mən: «Onunla bizim aramızda olan müharibə qarşılıqlı olub. O, da bizə qalib gəlib, biz də ona qalib gəlmişik» deyə cavab verdim. O: «O, sizə nəyi etməyi əmr edir?» deyə soruşdu. Mən: «O, bizə tək Allaha ibadət etməyi və Ona heç bir şeyi şərik qoşmamağı bir də ata-babalarımızın dediyi şeylərdən çəkinməyimizi əmr edir. Sonra bizə namaz qılmağı, düz söz danışmağı (yalan danışmamağı), yaxşılıq etməyi və qohumluq əlaqələrini möhkəmləndirməyi (kəsməməyi) əmr edir!» deyə cavab verdim.
Onda (Herakl) öz tərcüməçisinə əmr etdi ki, mənə desin: «Mən səndən onun nəsəbi haqqında soruşdum. Sən də: «İçimizdə onun nəsəbi çox böyükdür. O, hörmətli bir ailədəndir» deyə cavab verdin. Axı bütün (əvvəlki) Peyğəmbərlər də belə qövümlərin yüksək nəsəb sahiblərinin içindən göndərilmişlər. Mən səndən: «Sizdən bu sözü ondan əvvəl söyləmiş (yəni ondan əvvəl Peyğəmbərlik iddiası etmiş) bir kimsə olubmu?» deyə soruşdum. Sən də: «Xeyr!» deyə cavab verdin. Mən də düşündüm ki, əgər kimsə belə bir şey (Peyğəmbərlik iddiası) haqqında ondan əvvəl söyləmiş olsaydı, onda belə qərara gəlmək olardıki o, da özündən əvvəl kimsə tərəfindən deyilmiş bir sözü təkrar edir. Mən səndən: «Ata-babaları içərisində bir padşah olubmu?» deyə soruşdum. Sən də: «Xeyr!» deyə cavab verdin. Mən də düşündüm ki, əgər ata-babaları içərisində bir padşah olsaydı, onda belə qərara gəlmək olardıki o, (ata-babalarının) mülkünü geri almaq istəyən bir kimsədir. Mən səndən: «Bu dediklərini deməzdən (yəni Peyğəmbərlikdən) əvvəl heç onu yalan (danışmaqda) ittiham etmisinizmi?» deyə soruşdum. Sən də: «Xeyr!» deyə cavab verdin. (Bu sözlərdən) mənə aydın oldu ki, əgər o, insanlara qarşı yalan danışmayıbsa deməli Allaha qarşı da yalan danışmaz (uydurmaz). Mən səndən: «Ona kimlər tabe olur. İnsanların şərəfliləri (yəni tanınmışlar, varlılar), yoxsa insanların zəifləri (kasıblar, sadələr)?» deyə soruşdum. Sən də: «İnsanların zəifləri (kasıbları, sadələri)» deyə cavab verdin. Məhz (Peyğəmbərlərə) tabe olanlarda onlardır. Mən səndən: «Ona tabe olanlar artır, yoxsa azalır?» deyə soruşdum. Sən də: «Xeyr, azalmır. Əksinə artırlar» deyə cavab verdin. Məhz iman da belədir. (Qəlbə girdimi) kamillik dərəcəsinə çatana qədər artar. Mən səndən: «İçərilərində onun dininə girdikdən sonra bəyənmədən onun dinini tərk edən varmı?» deyə soruşdum. Sən də: «Xeyr!» deyə cavab verdin. Məhz həqiqi iman da belədir. Qəlbə girib orada (kök atdıqda). Mən səndən: «Heç əhdini pozarmı?» deyə soruşdum. Sən də: «Xeyr, əhdə vəfasızlıq etməz!» deyə cavab verdin. Peyğəmbərlər də heç vaxt əhdə vəfasızlıq etməzlər. Mən səndən: «Heç onunla müharibə etdinizmi?» deyə soruşdum. Sən də: «Bəli» deyə cavab verdin. Mən: «Onunla etdiyiniz müharibənin nəticəsi necədir?» deyə soruşdum. Sən də: «Onunla bizim aramızda olan müharibə qarşılıqlı olub. O, da bizə qalib gəlib, biz də ona qalib gəlmişik» deyə cavab verdin. Peyğəmbərlər də belədirlər. Onlar (Allah tərəfindən səbr etdiklərinə görə əcrləri böyük olsun deyə) bəlalara düçar olurlar. Lakin sonra yaxşı aqibət onların leyhinə olur. Mən səndən: «O, sizə nə etməyi əmr edir?» deyə soruşdum. Sən də: «O, bizə tək Allaha ibadət etməyi və ona heç bir şeyi şərik qoşmamağı, bütlərə ibadətdən çəkinməyimizi əmr edir. Sonra bizə namaz qılmağı, düz söz danışmağı (yalan danışmamağı) və yaxşılıq etməyi əmr edir» deyə cavab verdin. Əgər o, şəxs haqqında dediklərin doğrudursa, yəqinliklə söyləyirəm ki, onun mülkü mənim bu iki ayaqlarımın altında olan yerlərə qədər çatacaqdır. Şübhəsiz ki, mən onun çıxacağını bilirdim. Lakin onun sizdən olacağını düşünmürdüm. Əgər mən əmin olsaydım ki, ona çata biləcəyəm, onunla görüşmək üçün çalışardım. Əgər onunla görüşsəydim mütləq ona (xidmət edərək) ayaqlarını yuyardım» dedi və sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – in məktubunu istədi. Məktubu gətirən şəxs onu Herakla verdi. Məktubu açaraq oxumağa başladı. Orada bunlar yazılmışdır.
«Rahmən və Rahim olan Allahın adı ilə. Allahın Rəsulu Muhəmməd – sallallahu aleyhi və səlləm – dən Rumun İmperatoru Herakla! Salam olsun doğru yolda olanlara! Sonra: «(Ey Rum imperatoru!) Mən səni İslama dəvət edirəm. İslamı qəbul et və canını qurtar. Allah da sənin əcrini iki qat versin. Əgər bu dəvətimi qəbul etməzsənsə ətrafındakı Xristianların da günahı sənin boynunadır. «(Ya Muhəmməd!) Söylə ki, Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək! Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: İndi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq. (Allaha təslim olanlarıq)». (Ali-İmran 64).
Əbu Sufyan: «(Herakl) deyəcəklərini dedikdən və məktubu oxuduq-dan sonra yanında səslər yüksəldi və gurultu çoxaldı. Bizim çıxarılmağı-mızı əmr etdi. Biz də onun yanından çıxarıldıq. Çıxarıldığımız zaman mən yoldaşlarıma: «İbn Əbu Kəbşə (8) o, qədər mühüm bir insandır ki, hətta ondan Bəni Əsfarın (9) məliki də qorxur. Artıq o, vaxtdan (Peyğəmbər – sallallahu aleyhi və səlləm – in) qalib gələcəyinə və Allahın İslamı qəlbimə yerləşdirdiyi günə qədər əmin olmaqda davam etdim».
İbn ən-Natur İliya (yəni Beytul Məqdisin) əmiri idi. Herakl isə Şamın Xristianlarının yepiskopu idi. (İbn ən-Natur) deyir ki: «Herakl İliyu (yəni Beytul Məqdisə) gəldiyi zaman günlərin birində səhər çox kədərli göründü». Patriklərindən bəziləri ona: «Sənin halın bizim xoşumuza gəlmir» dedilər. İbn ən-Natur: «Herakl münəccim (Ulduzlar haqqında elmi öyrənən insana verilən ad ) və gələcəkdən xəbər verən bir kimsə (kahin) olduğu üçün onların sualına belə cavab verdi: «Bu gecə ulduzlara baxdıqda gördüm ki, sünnətlər məliki zühr edib (qalib gəlib). (Mən də bilmək istəyirəm) bu ümmət içərisində sünnət olunanlar kimlərdir!» dedi. Ona: «Yəhudilərdən başqa sünnət olunan yoxdur. Bu da səni narahat etməməlidir. Öz məmləkətinin şəhərlərinə məktublar göndər ki, oradakı Yəhudiləri öldürsünlər!» dedilər. Bu vaxt Heraklın hüzuruna Qassani (ərəb knyazlığı. ) məliki tərəfindən Peyğəmbər – sallallahu aleyhi və səlləm – haqqında xəbər gətirən bir nəfər gətirilir. (Herakl) o, kimsəni sual-cavab etdikdən sonra öz (əlaltılarına) əmr edir ki, o kimsənin sünnətlimi, yoxsa sünnətsizmi olduğunu yoxlasınlar. Onlar yoxladıqdan sonra sünnətli olduğunu bildirdilər. Bundan sonra Herakl o, kimsədən ərəblər haqqında soruşmağa başladı. (O, da) onların da sünnət olunduq-larını xəbər verdi. (Qulaq asdıqdan sonra) Herakla aydın olur ki, sünnətlər məliki onların içindəndir (yəni ərəblərdəndir). Sonra Herakl Rumiyyədə (yəni Romada) elmdə onun kimi olan bir dostuna məktub yazaraq Xımsa(Suriya ərazisində şəhərdir) yollanır. Bu şəhərdən dostundan cavab məktubu gəlincəyə qədər ayrılmır. (Məktubda isə) Peyğəmbərin zühur etdiyi və bu şəxsin həqiqi Peyğəmbər olduğu haqqında mənim sözlərimə (fikirlərimə) uyğun bir məktub gəldi. Herakl Xımsda Rumun böyüklərini hüzuruna dəvət etdi. Dəvət olunanlar saraya daxil olduqdan sonra (sarayın) qapılarının bağlanmasını əmr etdi. Sonra hündür bir yerə çıxaraq: «Ey Rum cəmaatı! Haqq yoluna yönəlmək və mülkünüzün qalmasını istəyirsinizsə bu Peyğəmbərə beyət edin!» deyə xitab etdi. (Bu sözləri eşidcək) onlar vəhşi eşşəklər kimi qapılara doğru qaçmağa başladılar. Lakin qapıların bağlı olduqlarını gördülər. (Herakl) bu dərəcədə nifrətin və onun sözlərinin (onlar üçün) heç bir əhəmiyyət kəsb etmədiyini, onların iman gətirməyəcəklərinə ümüdünü kəsərək: «Onları geri çağırın!» deyə əmr etdi. (Onlar qayıtdıqda) O: «Mən bu sözləri yalnız sizi dininizə bağlılığınızı yoxlamaq üçün söylədim. İndi isə (sizin dininizə bağlılığınıza) gözlərimlə şahidi oldum!» deyə cavab verdi. Bu sözlərdən sonra oradakılar (öz məmnuniyyətlərini bildirməkdən ötrü) onun qarşısında təzim olaraq səcdəyə qapandılar. Bu da Heraklı (İslam ilə bağlayan) son hadisə idi» (Buxari 7, Müslim 1773)


Tarix: 25.04.2013 / 18:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 396 Bölmə: Maraqlı melumatlar