beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qiyamət günü dağlar qədər savablar ilə gələcək lakin Allah təalanın əməllərini səpələnmiş toza çevir

Sual: Bu yaxınlarda gizli, xəlvəti işlənən günahlar- qiyamət günü isə bu günahların saleh əməlləri puça çıxaracağı əməllər barədə bir hədis oxudum. Bu məsələdən olduqca narahat oldum və bilmək istəyirəm ki, bu günahlardan tövbə etmək kifayətdir, yoxsa tövbədən daha böyük bir şey etmək lazımdır.

Hədisin mənası təxminən belədir: “Qiyamət günü ümmətimdən bəzi insanlar dağlar qədər saleh əməllər ilə gələcəkdir və Allah onların (əməllərini) puça çıxaracaqdır. (Bunu eşidən) səhabələr Rəsulullahdan (Ona Allahın salavatı və salamı olsun) soruşdular: Ey Allahın Rəsulu, onlar kimlərdir? Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) söylədi: “Onlar sizin kimi eyni (insanlardır), sizin kimi namaz qılır, oruc tutur, gecə namazını qılırlar, lakin təkbaşına qaldıqda, Allahın haram etdiklərini işləyirlər”. Məncə bu səhih hədisdir və hədisin səhihliyi mənim təlaşımı daha da artırır. Keçmişdə işlədiyim günahlar ilə bağlı nə etməli olduğum barədə mənə nəsihət etməyinizi xahiş edirəm.



Cavab:

Həmdü-sənalar Allaha məxsusdur.

Əvvəla:

İbn Macə (4245) Səubəndən (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Ümmətimdən bəzi insanların qiyamət günü Tihamə dağları boyda həsənətlər (savab, əcr) ilə gələcəyini yəqinliklə bilirəm, lakin Allah Azzə və Cəllə bunları (onların qazandıqları savab və əcrləri ) səpələnmiş toza çevirəcəkdir.” Səubən (Allah ondan razı olsun) dedi: “Ey Allahın Rəsulu, onları bizə vəsf et, onlar barədə ətraflı danış ki, birdən bilməyərəkdən biz də onlardan olarıq.” O (Ona Allahın salavatı və salamı olsun) dedi: “Onlara gəldikdə, onlar sizin qardaşlarınızdır və sizin dərinizdəndirlər (irqdən), sizin kimi onlar da gecə namazı qılırlar, lakin onlar elə bir qövmdür ki, Allahın haramları ilə təkbaşına buraxıldıqda, Allahın qoyduğu həddləri çeynəyərlər.”

Bu səhih bir hədisdir; Buveysəri “Misbəh əl-Zücəcəh” (4/426) və Əlbani “əs-Sahihə” əsərində hədisi səhih olaraq təsnif edib. Əl-Münziri “ət-Tərğib vəl-Tərhib” (3/170) əsərində demişdir: Hədisin raviləri (rəvayətçiləri) “siqadır” (etibarlı, əmin, güvənilən).

İbn Həcər əl-Heytəmi, Allah ona rəhmət etsin, “əl-Zəvacir” (3/49) əsərində hədisin şərhində demişdir: “Zahirən saleh, xeyirxah görünüb, lakin Allahın qoyduğu müqəddəs həddlərə (haramlara) təcavüz edənlər”. Hətta işlədiyi günahlar kiçik olsa belə, xəlvətdə işləndiyi zaman böyük günah kimi sayılır və dəlil qismində yuxarıdakı hədisi gətirərək demişdir:

“Çünki, özünün xeyirxah, yaxşı əməllərini təzahür etdirmək adəti olub, lakin qəbahətlərini gizlədən kəsin müsəlmanlara zərəri və zəlaləti daha çoxdur. Çünki, onun salehliyi, qorxu və təqvası yoxdur. Sitatın sonu.

İkincisi:

Allah Təalaya ixlasla, sidqi-qəlbdən tövbə etmək, belə ki, bu özündən öncə gələn günahları silir. Günah nə olursa-olsun fərq etməz. Allah təala buyurur:

“Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.” [ən-Nisa 4:48]

“53 (Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!

54 (Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz!

55 Qəfil əzab özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə (Qurana) tabe olun!” [əz-Zumər 39:53-55]

Allah təala Özünün və saleh yaxın dostlarının (övliyalarının) nifrət etdiyi, ikrah hissi keçirdiyi böyük günahlar və əxlaqsız əməlləri (fahiş əməlləri) sadalayaraq buyurur:

“68 Onlar Allahla yanaşı başqa bir ilaha ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər.

69 Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar.

70 Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!” [əl-Furqan 25:68-70]

Əl-Həravi, (Allah ona rəhmət etsin) demişdir:
Allaha tövbə yalnız üç şey edildiyi halda səhih, doğru olur: digər insanların haqqlarını vermək (bərpa etmək), günahlara görə peşmançılıq hissi keçirmək və fövtə verdiyi saleh, xeyirxah əməllərin yerini doldurmağa çalışmaq.

İbn əl-Qeyyim demişdir:

Digər insanların haqqlarını vermək: Yəni, Allahın əmrinə qarşı çıxaraq etdiyi günahlardan tövbə etmək və digər insanlara olan borcunu, haqqını ödəmək.

Günahlara görə peşmançılıq hissi keçirmək: bunu iki cür şərh etmək olar: (i) etdiyi günahlara görə özünü pis, qəmgin hiss etmək, belə ki, bu cür hissiyyat həmin insanın təkrar Allaha döndüyünə dəlalət edir; öz günahlarından məyus olmayan kəs isə bundan fərqlidir, bu da həmin insanın qəlbinin pozulduğu, fəsada uğradığı və öldüyünə dəlalət edir; (ii) qardaşının günahlarına görə məyus olmaq, sanki qardaşının etdiyi günahları məhz özü etmiş kimi hisslər keçirir və qardaşının bədbəxtliyinə, uğursuzluğuna görə sevinməz. Bu xislət isə həmin insanın qəlbinin yumşaq olduğu və Allaha olan sevgisindən xəbər verir.

Fövtə verdiyi saleh, xeyirxah əməllərin yerini doldurmağa çalışmaq; yəni, əldən buraxdığı itaət və ibadətlərin yerini doldurmağa cəhd etmək və həmin əməllərə bənzər və yaxud onlardan daha xeyirlisini etməklə Allaha daha da yaxınlaşmaq. Əlalxüsus da, Allah ilə qarşılaşacağına az qalmış bir müddətdə, ömrünün qalan hissəsində bunun üçün çalışmaq.

Mədaric əs-Salikin, 1/434

Ən doğrusunu Allah bilir.


Tarix: 12.04.2013 / 19:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 221 Bölmə: Maraqlı melumatlar