beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DÜNYANIN HƏQİQƏTİNİ AÇIQLAYAN MİSALLAR (On dördüncü misal)

Dünyanın halı malları və ailəsi ilə səfərə çıxan bir qövmün halına bənzər. Bu qövm dərəsi, suyu və meyvələri çox olan vadinin yanından keçdikləri zaman oraya enib çadırlarını qurur və orada evlər və qəsrlər tikirlər.

Elə bu arada onların yanından nəsihətləri, dürüstlüyü və etibarlılığı ilə tanınmış bir adam keçərək: «Mən bu vadinin arxasında sizi hədəfə götürmüş ordunu bu iki gözlərimlə gördüm. Mənim arxamca gəlin, sizi başqa yolla aparım ki, ondan xilas olasınız. Qövmün az hissəsi onu təqib edir, o isə: “Ey camaat! Qurtuluşa gəlin! Qurtuluşa gəlin!” – deyərək onları səsləyirdi. Ona itaət edənlər ailələrinə, mallarına və qəbilələrinə xilas olmağı qışqırırlar. Qövmün qalan hissəsi isə: “Yaşayışımız, mallarımız, evlərimiz burda olduğu halda və burada məskunlaşdığımız halda bu vadini necə qoyub gedə bilərik?!” – deyirlər. Adam onlara: “Hər biriniz yüngül əşyalarınızı götürməklə canını qurtarsın. Əks təqdirdə, özü əsir düşəcək, malı isə qarət olunacaqdır” – deyir. Bütün bu çağırışlara baxmayaraq, mal-dövlət sahiblərinə və qövmün qəbilə başçılarına buradan köçmək, içində yaşadıqları nemətdən, rifahdan və rahatlıqdan ayrılmaq ağır göründü. Axmaqlar isə burada qalanlara baxıb: “Onların var-dövləti bizimkindən çox, ailələri isə bizimkindən böyükdür. Onlara nə müsibət üz versə, bizə də verər” – deyirlər. Beləliklə, qövmün az hissəsi həmin adamla gedir və qurtuluşa çatırlar. Düşmənlər səhərisi gün tezdən vadinin sakinlərinə hücum çəkir, onları öldürür, var-dövlətlərini isə qarət edirlər».
Peyğəmbər  bu misala Buxari və Müslimin Əbu Bürdədən, o da Əbu Musadan rəvayət etdiyi hədisində eyni ilə belə işarə etmişdir: «Mənim və Allahın mənimlə göndərdiyinin halı qövmünün yanına gəlib: “Ay camaat! Mən ordunu gözlərimlə gördüm. Mən dürüst xəbərdarlıq edənəm. Qurtuluşa gəlin! Qurtuluşa gəlin!” – deyən insanın halına bənzər. Qövmünün də bir hissəsi ona tabe olub gecə yola çıxar və yavaş-yavaş gedərək xilas olarlar. Onlardan bir qismi isə həmin adamı yalançı sayıb yerlərindən tərpənməzlər. Düşmənlər isə səhər tezdən hücuma keçərək onları öldürər, var-dövlətlərini isə qarət edərlər. Mənə itaət edib gətirdiyimə tabe olanın halı ilə mənə asi olub Haqdan gətirdiyimi təkzib edənlərin halı belədir».(əl-Buxari, 7283; Müslim, 2283.)


Tarix: 15.04.2013 / 19:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 127 Bölmə: Maraqlı melumatlar