beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DÜNYANIN HƏQİQƏTİNİ AÇIQLAYAN MİSALLAR (On beşinci misal)

Bir kişi ev hazırlayar, onun içini bəzəyər, içərisini lazımi məişət əşyaları ilə təmin edər və insanları evinə qonaq çağırar. Hər bir qonağı yumşaq döşəyin üzərində əyləşdirər.

Hər bir qonağa qızıldan olan qabda ət gətirər. Qonaqların süfrəsinə bahalı qablarda ehtiyacları olan hər bir şey qoyar. Qonaqlara ev sahibinin xidmətçiləri qulluq edərlər. Ağıllı insan bunların ev yiyəsinin malı, mülkü və kölələri olduğunu bilir və evdə olduğu müddətdə qablardan və ziyafətdən istifadə edir. Qəlbini belə şeylərə bağlamır, heç ürəyində də bu qabların onun olmasını fikirləşmir. Bir qonağın ev sahibinə qarşı necə davranmaq lazımdırsa, eləcə də davranar. Onun əyləşdirdiyi yerdə əyləşər, qabağına qoyulanı yeyər və ev sahibini tanıdığını, onun necə qonaqpərvər və səxavətli olduğunu bilməklə kifayətlənib əlavə başqa bir şey soruşmaz. Hörmətlə evə daxil olar, orada hörmətlə davranar və hörmətlə də bu evi tərk edər ki, ev sahibi onu məzəmmət etməsin. Axmaq insana gəldikdə, o bu evin sakini olmasını, buradakı qab-qacağı öz evinə aparmağı və orada istədiyi kimi istifadə etməyi ürəyindən keçirər. Məclisdə özünə bir yer seçər, bu qab-qacaqları həmin yerə qoyub gizlədər və hər dəfə də ev sahibi ona hər hansı bir əşya təqdim etsə, ürəyində bu əşyanın özünə məxsus olmasını arzular. Ev sahibi onun nə etdiyini görər, lakin qonaqpərvərliyi onu evdən qovmasına mane olar. Bu axmaq isə əşyalara və evə sahib olduğunu zənn etdiyi, evdən və əşyalardan həqiqi ev sahibi kimi istifadə etdiyi və oranı öz evi saydığı zaman ev sahibi qulluqçularını göndərib onu amansızcasına evdən qovdurur, üzərində olan hər şeyi əlindən alır və adam heç bir qab-qacağa sahib ola bilmir. Əksinə, ev sahibinin qəzəbini qazanır, onun adamları və xidmətçiləri yanında rüsvay olaraq evdən qovulur.
Ağıllı insanlar bu misal ətrafında layiqincə düşünsünlər. Çünki bu həqiqətə tam uyğundur. Yardım diləmək üçün üz tutulan yeganə varlıq Allah-taaladır.
Abdullah ibn Məsud (r.a) belə demişdir: «Bu dünyada yaşayan hər kəs qonaq, malı isə əmanətdir. Qonaq gedər, əmanət isə sahibinə qaytarılar».
(əl-Buxari, 7283; Müslim, 2283)
Buxari və Müslim Ənəs ibn Malikin belə deməsini rəvayət edirlər: «Əbu Təlhanın Ümm Süleymdən olan bir oğlu ölmüşdü. Ümm Süleym yaxınlarına: “Heç kəs mən söyləməmiş Əbu Təlhaya oğlunun öldüyünü söyləməsin” – demişdir. Əbu Təlha gələndə ona şam yeməyi gətirmiş, əri yeyib-içdikdən sonra onun üçün həmişəkindən daha gözəl görünməyə çalışmış, bəzənib-düzənmiş və əri də onunla cinsi əlaqədə olmuşdur. Ümm Süleym ərinin doyduğunu və cinsi əlaqəni bitirdiyini görüb: “Ey Əbu Təlha! Əgər bir camaat bir ev əhlinə əmanət olaraq nə isə verib sonra da onu geri istəsə, ev əhli onu qaytarmaya bilərmi?” – deyə soruşmuş, Əbu Təlha isə ona: “Xeyr” – deyə cavab vermişdir. Bu zaman Ümm Süleym ərinə: “Onda oğlunun ölümünə səbir edərək savabını istə” – deyərək oğlunun ölüm xəbərini vermişdir. Bunu eşidən Əbu Təlha əsəbləşmiş və: “Nə üçün sən məni çirkli bir vəziyyətdə buraxdıqdan sonra oğlu¬mun öldüyünü dedin?” – demişdir. O, evdən çıxıb Allah elçisinin (sav) hüzuruna gəlmiş və əhvalatı ona nağıl etmişdir. Allahın elçisi (sav) isə: “Allah sizin gecənizi bərəkətli etsin!” – deyə dua etmişdir».(əl-Buxari, 1301; Müslim, 2144. Ləfz Müslimindir)


Tarix: 15.04.2013 / 19:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 122 Bölmə: Maraqlı melumatlar