beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zül-hiccə ayının ilk on gününün fəziləti (Dekabr ayının 11-20 )

Bir çox günlər vardır ki, onların sayı az, özləri isə mübarək günlərdir. Belə günlərdən biri də Zül-hiccə ayının ilk on günüdür. Bu günlər xeyir, bərəkət, səadət və nicat günləridir. Bu günlərin savabını qazanmağa çalışanlar onun bəhrəsini bu dünyada və axirətdə görəcəklər. Allah təala buyurur: “(Ya Rəsulum!) De: “Allahın neməti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!”

Bu günlərdə edilən saleh əməllər ilin başqa günlərində edilən əməllərdən Allaha daha xoşdur. Sələfilər “üç onluğu” hər zaman təntənəli günlər hesab edirdilər. Bunlar: “Zül-hiccənin ilk on günü, Ramazanın son on günü və Məhərrəm ayının ilk on günüdür”.
1.Ibn Abbas (allah ondan razı olsun) Peyğəmbərin (sav) belə buyurduğunu demişdir: “İlin başqa günlərindən fərqli olaraq, bu on gündə edilən əməl Allaha daha xoşdur” Səhabələr dedilər: Hətta Allah yolunda cihad da?! Peyğəmbər (sav)buyurdu: “Hətta Allah yolunda edilən cihad da. Yalnız öz malı və canı ilə Allah yolunda cihada çıxıb heçnəsiz qayıdan (yəni, şəhid olan - tərc.) kişi müstəsnadır” (Buxari: 2/457).
Allah təala Zül-hiccə ayının ilk on gününü Öz kitabında qeyd edərək buyurmuşdur: “And olsun dan yerinə. And olsun on gecəyə (Zül-hiccə ayının birinci on gecəsinə)” (əl-Fəcr: 1-2). Ibn Kəsir bir təfsir alimi kimi deyir ki, burada deyilən “on gün” Zül-hiccənin ilk on günüdür.
Allah təala buyurur: “Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin!” (əl-Həcc: 28). Alimlər ayədə deyilən “məlum günlərdə...” sözünün Zül-hiccə ayının ilk on günü olması qənaətindədirlər. Ibn Abbas (r.a) deyir: “məlum günlər Zül-hiccənin ilk on günüdür”.
Abdullah Ibn Ömər (r.a) Peyğəmbərin (sav) belə buyurduğunu deyir: “Bu on gün Allah yanında əzəmətli və sevimli gündür. Bu gündə edilən saleh əməllər Allaha daha xoşdur. Siz də bu vaxtlar çoxlu təhlil (Lə iləhə illəllah), təkbir (Allahu əkbər) və təhmid (Əlhəmdu lilləh) edin” (Hədisi imam Əhməd rəvayət edib və Əhməd Şakir isnadının səhih olduğunu qeyd edib). Zül-hiccənin on günlərindən:
A.Ərəfa günü:
Bu gün, Allahın dini tamamladığı məşhur gündür. Bu gün bağışlanma və Cəhənnəmdən qurtulma günüdür. Cəhənnəmdən xilas olanların çoxluğundan bu gündə şeytan daha zəlil, təhqirolunmuş və qəzəbli olur. Allah Ərafa günündə mələklərin yanında yer əhli ilə iftixar edəcək. Bu gün oruc tutmaq həcc etməyənlərə aiddir. Əbu Qatadə deyir ki, Ərafa günü tutulan orucun fəziləti haqda Peyğəmbərdən (sav) soruşduqda o buyurdu: “Bu gündə tutulan oruc, əvvəlki və ondan sonrakı ilin günahlarını bağışlar” (Müslim). Aişə (r.anha) Peyğəmbərin (sav) belə buyurduğunu rəvayət edir: “Allah bəndələrinin çoxunu Ərafa günü Cəhənnəmdən xilas edir. Bu gündə Allah bəndələrinə daha yaxın olur və mələklərinin yanında onlarla fəxr edir” (Müslim). Peyğəmbərin (sav) bəzi zövcələri deyirlər: “Peyğəmbər (sav) Zül-hiccənin doqquzu, aşura gününü və qalan ayların üç gününü oruc tutardı...” (Əbu Davud və Nəsai. Albani hədisin səhih olduğunu qeyd edib).

B.Qurban günü
Bu gün böyük həcc günüdür. Ərafada dayandıqları andan həmin gündə həcc edənlər bağışlanır, müsəlmanlar İslamın beşinci əsası olan həcci yekunlaşdırırlar. Müsəlman qardaş, sənə bu günləri ibadətdə keçirməyi tövsiyə edirəm.
Belə əməllərdən biri tövbə etməkdir. Onun şərtləri bunlardır: əstəğfirullah demək, edilən günahı tərk etmək, qəlb ilə bir daha bu işə qayıtmayacağına əmin olmaq, yaramaz dostları tərk etmək və haqqını əlindən aldığın kimsənin haqqını qaytarmaq.
Zül-hiccənin doqquzuncu (Ərafa) günü oruc tutmaq.
Zül-hiccənin ilk on günündə çoxlu təkbir (Allahu əkbər), təhmid (əlhəmdulilləh), təhlil (lə iləhə illəllah), təsbih (sübhənəllah) demək Sünnə qaydalarındandır. Bunu özünün və yanındakıların eşidə biləcəyi bir səslə yolda, məsciddə, evdə və Allahı zikr etmək mümkün olan yerlərdə ibadətin şənini yüksəltmək və Allahın əzəmətini bildirmək üçün demək olar. Çünki Peyğəmbər (sav) buyurub: “Siz də bu vaxtlar çoxlu təhlil (Lə iləhə illəllah), təkbir (Allahu əkbər) və təhmid (Əlhəmdu lilləh) edin”.
Edilən saleh əməlləri daha da çoxaltmaq. Bu haqda Peyğəmbər (sav) buyurub: “Bu on gün Allah yanında əzəmətli və sevimli gündür. Bu gündə edilən saleh əməllər Allaha daha xoşdur....”


Tarix: 14.04.2013 / 13:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 211 Bölmə: Maraqlı melumatlar