beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BAL (Faydası və müalicəvi xüsusiyyətləri)

Allah-taala Qurani-Kərimdə bal arısı haqqında danışarkən balın insan üçün bir şəfa vasitəsi olmasını belə vurğulayır: «...(O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şühəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!»
(ən-Nəhl, 69)

Ayədə də deyildiyi kimi arıların qarınlarından çıxan bal, arı südü, arı yapışqanı(Arıların hasil etdikləri və səbətin ağzına yığdıqları yapışqanlı maddə) və digər maddələrin altında bir şəfa gizlənir ki, bunun da insanlara böyük xeyri vardır. Bunun üçün ilk öncə balın xüsusiyyətlərinin nədən ibarət olmasına, alimlərin bu barədəki biliklərinə, aparılmaqda olan tədqiqatlara və bu günə kimə davam edən təcrübələrə toxunulacaqdır.
Ümumiyyətlə, bal təkcə şirin dadı olan adi maye və ya vaxtaşırı ağzımızı şirin etmək üçün bir-iki qaşıq daddığımız bir nemət deyildir. O həm də bir çox müxtəlif xarakterli xəstəliklərin müalicə açarıdır. Necə deyərlər, min bir dərdin dərmanıdır. Aparılan çoxsaylı təcrübələr də bir daha onu sübut edir ki, balın sağalmaz yaraların, irinləmələrin və ümumi xəstəliklərin müalicəsindəki rolu danılmazdır. Əlinizdə olan bu kitabça sayəsində siz bal aləminə, onun tərkibinə, faydasına, növlərinə, qəti bir əlac kimi istifadəsi mexanizminə, balın əsasında hazırlanmış reseptlərə, qədim və müasirlərin balın əhəmiyəti barəsindəki baxışlarına qısamüddətli səyahət etmək imkanını əldə edəcəksiniz.

QURAN VƏ SÜNNƏDƏ BALDAN ŞƏFA VASİTƏSİ KİMİ İSTİFADƏ


Qurani-Kərim balın müalicəvi xüsusiyyətlərini nəzərə alaraq onda insanlar üçün bir şəfa olduğuna işarə etmişdir. Allah-taala bu barədə buyurur: «Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: "Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal); Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: "Rəbbinin yollarını itaətlə tut!") (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şühəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!»(ən-Nəhl,68-69)
Burada vurğulanması qaçılmaz olan bir neçə məqam vardır ki, onlara da aşağıda toxunacayıq:
Birinci: bal arısı dağları, ağacları seçərək özünə məskən etmiş, sonra insan əlinin məhsulu olan və bizlərin “Arıçılıq təsərrüfəti” adlandırdığımız pətəklərdə, damlarda, üzümlüklərdə pətək salmışdır. Allah-taala bal arısına insanların bilmədiyi bir yol ilə dağlarda, ağaclarda və təknələrdə məskən salmasını vəhy etmişdir.
İkinci: bal arıları müxtəlif çiçəklərin üzərinə qonaraq onlardan şirə çəkir və qonduğu çiçəklərin rəngarəngliyi topladığı balı faydalı ünsürlərlə zənginləşdirir. Bunun üçün də insan balı qəbul etdiyi zaman bədəninə seyr edən şəfanı dərhal hiss etməyə başlayır. Lakin bəzi insanlar balı gündəlik qidalarına daxil etmələrinə baxmayaraq, bunun bir faydasını görməmələrindən şikayətlənirlər. Bunun səbəbi onunla izah olunmalıdır ki, insan bal istehsalına çirkin şəkildə müdaxilə edir, çiçək şirələrinin yerinə şəkər tozu qatır və bunun nəticəsində də bal Quranın qeyd etdiyi tərkibini dəyişir və özünün şəfa təsirini itirmiş olur.
Üçüncü: bal arısı çiçəkdən çiçəyə qonur, özünə qida toplayır. Arıların yaşadığı ərazidə çəmənlik, ağaclıq azlıq təşkil etdikdə isə bal arısı topladığı bal ilə qidalanmaq məcburiyyətində qalır. Lakin arıçılıqla məşğul olanlar adətən pətəkdəki balı tam çəkir, orada arının qidalanması üçün ehtiyat bal saxlamır və bəzən də onun əvəzinə şəkər tozu qoyduqlarını görürsən. Bu da bal arısının düzgün qidalanmamasına gətirib çıxarır.
Dördüncü: Allah-taala bal arısını azad çalışan bir bir canlı olaraq yaratmışdır. Ona heç nə mane ola bilməz və heç bir şey onu yolundan edə belməz. Onun həyatı ibadətlə və sadə bir tərzdə keçməkdədir.
Beşinci: bal arıları müxtəlif növ çiçəklərin şirələrini soraraq onları qarınlarında xüsusi bişirmə əməliyyatından keçirir və şirəni şan balına çevirirlər. Məhz bunda insanlar üçün bir şəfa vardır.
Altıncı: balın tamı arıların üzərinə qonduğu çiçəklərin və meyvələrin müxtəlifliyinə görə fərqlənir. Məhsul tərkibi maddələrin fərqliyinə, çoxsaylı rənglərinə, dadına və rayihəsinə ögrə müxtəlifdir.
Yeddinci: tam şəfa insan əlinin müdaxilə etmədiyi təmiz balın qəbul olunması ilə baş verir. Bununla yanaşı, balda başqa bir yaxşı keyfiyyət vardır ki, o da cismdən şirəni sormaq iqtidarında olmasıdır. Bu da şirəliyini itirən hər bir mikrobun ölməsi deməkdir.
Allahın bal haqqında “Bunda insanlar üçün bir şəfa vardır” – deməsinə gəlincə, buradakı məqsəd balın hər bir dərdin dərmanı və şəfası olmasını vurğulamaqdır. Bu da insanı bir növ Allahın yaratdıqları barəsində düşünməyə, onlardan özünə ibrət və fayda götürməsinə sövq edir.
Bal həmçinin ən əfzəl qidalardandır və Allahın əbədiyyət Cənnətinin sakinləri üçün hazırladığı yeməklərdəndir. Bu barədə Allah-taala Qurani-Kərimdə buyurur: «Müttəqilərə və’d olunan Cənnətin vəsfi belədir: orada dadı dəyişməyən (qoxumayan) sudan irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən (günahlardan) bağışlanma gözləyir. (Məgər bu cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?!»(Məhəmməd, 15)

Baldan şəfaverici bir vasitə kimi istifadəni təlqin edən bir çox peyğəmbər hədisləri vardır ki, onlardan da bəziləri aşağıda qeyd olunmuşdur.
1. Allahın elçisi (s) buyurmuşdur: “İki şeydə şəfa axtarın: balda və Quranda”.
(İbn Macə, 3450-ci hədis)

Bu hədisdən belə anlaşılır ki, Allah-taala balı xəstəliklər və dərdlər, Quranı isə qəlbin şəkk-şübhələri üçün bir şəfa etmişdir.
2. Peyğəmbər (s) buyurmuşdur: “Şəfa üç şeydədir: həccamın(Qanalma ilə məşğul olan şəxs)neştərində(cərrah bıçağı)bal içməkdə və [odla] dağlamaqda. Mən isə ümmətimə [odla] dağlamağı qadağan edirəm”.(Buxari, 10/137.)
Hədisin mənası ondan ibarətdir ki, müalicə təkcə qanalma və balla məhdudlaşmır. Burada həkimlərin tövsiyə etdikləri başqa müalicə tədbirləri də vardır. Lakin Peyğəmbər (s) bu hədisi ilə diqqəti qanalmanın və balın əhəmiyyətinə, onların ağrıların yüngülləşdirilməsində və şəfa zirvəsinə çatmaqda mühüm rola malik olmalarına yönəltmişdir.
3. Aişədən (Allah ondan razı olsun!) rəvayət olunur ki, Peyğəmbərin (s) ən çox xoşladığı qida məhsulu bal idi.(İbn Sini, Əbu Nəim.)
4. Yenə də Aişədən (Allah ondan razı olsun!) rəvayət olunur ki, Peyğəmbər (s) halvanı və balı çox xoşlayardı.(əl-Buxari, 5431.)
5. Rəsulallah (s) hər gün bir qədəh suya qatılmış bal içərdi. əl-Bağdadi bunun səhhətin qorunmasında qeyri-adi bir hikmətli üsul olduğunu bildirmişdir.(əl-Bağdadi, Peyğəmbər təbabəti, 133.)
Qeyd olunan bu hədislərdən də balın peyğəmbər metodunu təqlid etməklə yanaşı güclü şəfaverici təsirə malik olması bir daha öz təsdiqi tapır.

ARI MƏHSULLARI

BAL

Bal işçi arıların bal verən bitkilərin çiçək nektarından hazırladığı və yem ehtiyatı kimi istifadə etdiyi şəkərli mayedir. Qiymətli qida maddəsi sayılan bal iki cür olur: 1. çiçək balı (müxtəlif bitkilərin nektarından toplanır). 2. şirə balı (yarpaq və gövdələrin şirin ifrazatından alınır). Çiçək balına cökə, qırxbuğun, üçyarpaq yonca, günəbaxan yağıotu balı aiddir. Balın rəngi ağ, sarı, qonur olub, kimyəvi tərkibi bitkinin növündən və hava şəraitindən asılıdır. Bal yetişdikdən sonra arılar şanları mum qapaqlarla bağlayır. Əmtəəlik bal sentrifuqa üsulu ilə, bəzən də presləməklə şanlardan alınır. Balın qatılığını normalaşdırmaq, istənilən ətrin, rəngin və dadın alınması üçün müxtəlif sortlar qarışdırılır. Bal cökə, fıstıq, sidr və s. ağaclardan hazırlanmış çəlləkdə saxlanılır. Palıd çəlləklərdə qaralır, iynəyarpaqlı ağaclardan qayrılmış çəlləklərdə saxlandıqda isə qatran iyi verir.
Tərkibi: Balın tərkibində yetmişdən artıq maddə cəmlənir. Adətən 13-20% su, 80%-dən artıq karbohidrat, bunların arasında 40% fruktoza, 30% qlükoza, 4% qamış şəkəri, maltoza (səməni şəkəri - disaxorid), nişasta və s. şəkərlərlə yanaşı maqnezium, potasium, kalsium, natrium-xlor, kükürd, dəmir, sink, selenium, miss, xrom, maqanez və fosfor kimi minerallar və mineral duzlar, bir çox üzvü turşular, lumu cövhəri, alma, tartaraq, kərə yağı, ənbər, turşəng, süd və digər turşular da vardır. Həmçinin müxtəlif növ fermentlər (amilaza, katalaza, invertaza) də mövcuddur. Çiçək tozu öz mənbələrinin xassələri ilə əlaqədar olaraq dəyişir və bunun nəticəsində də balda 1,5 mq B2, 0,1mq B1, 2 mq B3, 1 mq B5, 5 mq B6, 30-54 mq C6 və digər vitaminlər yaradır.
Eyni zamanda balın tərkibində antibakterioloci təsir xüsusiyyətlərinə malik maddələr də vardır. Bunlara estrogenin parçalanmasından yaranan cinsi harmonları misal göstərmək olar.
Buradan da belə məlum olur ki, bal güclü effektiv müalicəvi və prafilaktik dərmanlardan ibarət müəkkəmməl bir xəzinədir.

ARI YAPIŞQANI – PROPOLİS


Propolis bal arısının ağacların qabığından və bəzi bitkilərin tumurcuqlarından topladığı yapışqanlı maddələrdir. Arılar bu maddələrdən qış aylarında pətəklərin giriş qapısının daraldılmasında, səbətin taxta çərçivələrinin biri-birinə yapışdırılmasında, yaşadıqları yuvaların tavanlarını örtən şanın bərkidilməsində, habelə kərtənkələ və siçan kimi pətəyin içinə soxulan həşəratları neştərləri ilə sancaraq öldürdükdən sonra onların cəsədlərini balzamlamada istifadə edirlər. Belə ki, onlar pətəyin atmosferasının korlanmaması üçün ölmüş cəsədi mum təbəqəsi ilə örtürlər. Propolis yaşıl-qəhvəyi rəngli, yapışqan formula malik bir maddədir. Qoxusu tumurcuqlar, bal, mum və vanilin qarışığı kimi xoş və təravətlidir. Yandığı zaman ondan ətirli yapışqanın qoxusu gəlir.
Propolisin tərkibində bir neçə təbii antibiotiklər vardır ki, onların da tərkibi son dərəcə təbii olduğu üçün qaraciyərə, böyrəklərə heç bir mənfi təsir göstərmək qabiliyyətinə malik olmur. Hələ İkinci Dünya müharibəsi zamanı fəal və dərhal təsir gücü olan dərmanların qıtlığı ucbatından yaralananların ölümünə səbəb olan bir çox qorxulu xəstəliklər var idi ki, onların da müalicəsində on minlərlə təbii antibiotiklərdən istifadə edilirdi.
Tərkibi: 55% qatran, 30% mum, 10% uçucu ətirli yağlar, 5% isə tozcuq dənələrindən ibarətdir.
Müalicəvi xüsusiyyətləri: propolis tam müvəffəqiyyətlə bir çox yara və irinləmələrin, habelə müxtəlif növ göbələk və oynaq xəstəliklərinin müalicəsində yaxından istifadə olunur. Propolis bakterioloci silah və qanaxmanın qarşısını alan bir vasitə olaraq mühüm rola malikdir. O həm də imunitetin güclənməsinə və xərçəng xəstəliyinə tutulmuş hüceyrələrin vaxtında məhvinə gətirib çıxarır. Bu yapışqanlı maddə dəfələrlə Rusiyanın xəstəxana və tibbi laboratoriyalarında təcrübədən keçirilmiş və sübuta yetirilmişdir ki, toxumaların inkişafına və yeni ətin yaranmasına kömək edən təmizləyici amildir.


Tarix: 14.04.2013 / 13:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 405 Bölmə: Maraqlı melumatlar