beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əxlaqımızla dinimizin divarlarını yıxırıq

Bizləri Özünü tanımada müvəffəq etdiyi və şükür etmə nemətindən məhrum etmədiyi üçün Ona şükür olsun! Müsəlman olmağımıza sevinməli və bunun üçün Allaha şükür etməliyik.Lakin, şübhəsiz ki, gündəlik həyatımızda elə məsələlər var ki, onlara kədərlənməli və halımıza ağlamalıyıq.

İbadət və itaətkarlığımızı bir kənara qoyaraq adi insanlarla rəftarımıza və cəmiyyətdaxili əxlaqımıza nəzər yetirsək, İslamdan çox uzaq olduğumuzu anlayarıq. Gəlin, özümüzə belə bir sualla müraciət edək: Bir-çox müsəlmanın evinə diqqət yetirsək, onların evinin daxili ilə qeyri-müsəlmanların (kafir, xristian və yəhudilərin) evinin daxilinin fərqləndiyini söyləmək mümkündürmü? Bir müsəlman kimi evimiz müsəlman olmayanlarınkından fərqlənirmi?
Heç bir güzəştsiz və bəhanələr gətirmədən etiraf etməliyik ki, bu günki durumumuz ürəyimizdə olanları əks etdirir. Ədəb və əxlaqımız İslamın ən böyük düşməninə çevrilib ki, bundan da dolayı başqalarında dinə qarşı ikrah hissi oyanıb. Zahiri görünüşümüz belə, dinimizin həqiqətini göstərə bilmir. Ümmət və millətimiz getdikcə dərinliklərə batır, düşmənlərimiz isə ətrafımızda durub baxırlar. Bu isə, düşmənlərimizin etdiklərini təkrarlamağımızdan irəli gəlir.
Əqidəmizdə qüsurlar ortaya çıxmış, əxlaqımız yox olmuş, müsəlman olmayanlarla aramızda heç bir fərq qalmayıb. Faiz alıb-vermə o dərəcədə baş alıb gedir ki, artıq nəfəsimizi belə faizlə alırıq. Telekanallar və oradakı teleserialların təsirindən iki cins arasında olan saf, insani əlaqələr tamamilə pozulub. Küçələrdə qadınlarımız o qədər açıq-saçıq gəzirlər ki, artıq hansı məxluqla müqayisə olunması da sual altındadır. Cəmiyyətdə, ailələrdə, tədris ocaqlarında və insanlar arasında o qədər problem baş qaldırıb ki, hamı ağrı, qəm və kədər içindədir. İnsanların Allah təalanın onlar üçün qoyduğu qanun-qaydalardan imtina etmələri, bəs, necə nəticələnməlidir?!
Müsəlman olmayanlar onsuz da yalnız öz dünyaları üçün çalışırlar. Ancaq, biz “dinimiz”, “İslam” desək də onlar kimi dünyanın arxasınca qaçırıq. Görün, nə hala düşmüşük! Gənclərimiz ya futbolçuların ayaqları altında itib batır, ya müğənni və “yeni ulduzlar”ın ovsunlarına tuş gəlir, ya da qərb ölkələrində gördüklərini bir-bir həyata keçirməyə çalışırlar. Qadınlarımız saatlarla teleserial qarşısında, yaxud bazarlarda, yaxud da qonşularla qeybətdədirlər. Məktəbə gedən uşaqlarımıza belə, mobil telefon alıb veririk və nə ilə məşğul olduqlarından belə xəbərimiz yoxdur.
Sualımızdan çox uzaqlaşdıq. Qayıdaq müsəlmanların evlərinə. Əvvəllər islami mənasını nəzərə alınmasa da belə, ailələrin çoxunda yenidoğulanlara Abdullah, Məhəmməd, Əli və s. kimi adlar qoyulurdu. İndi isə uşaqlarımıza tanınmış əcnəbi və ya yerli müğənnilərin adlarını qoyuruq. Müsəlmanların hamısının evində səhərdən axşama kimi musiqi səsi dinləmək mümkündür, yalnız tək-tək evlərdə Quran sədası eşidilir. Artıq qardaşlarda da bacılarının qeyrətini çəkmək hissi qalmamış, kim nə paltarda istəyir küçəyə də onunla çıxır. Hətta, bəzi evlərdə qardaşla bacını bir-birindən fərqləndirmək də çətin olur. Evdə ana qızından fərqlənmir, ata isə sanki pul kəsən maşındır, evində baş verənlərdən heç xəbəri yoxdur. Bu da bizim evimizin içi. Qeyri-müsəlmanlardan fərqlənirikmi?!
Bu gün müsəlmanın şəxsiyyəti qeyri-müsəlmanın və İslamdan xəbəri olmayanların şəxsiyyətindən fərqlənməlidir. O, davranışı, hərəkəti və hər bir addımı ilə başqalarında xoş rəy formalaşdırmalıdır. Müsəlman öz şəxsiyyəti, ailəsi, evi və dostları ilə başqalarına nümunə olmalıdır. Bununla İslamın həqiqi sifətini əks etdirə bilərik və bununla da insanlarda İslam haqqında həqiqi təsəvvür formalaşar. Biz İslamdan və Qurandan saatlarla danışsaq da, əgər əməllərimiz bunu təkzib edirsə, onda biz başqalarının İslama nifrət etməsinə heç də təəccüblənməməliyik. Bu, bizim boynumuzda bir əmanətdir və biz müsəlmanlar hamımız bir-bir Allah qarşısında məsuliyyət daşıyırıq. Hamımız bir nəfər kimi etdiyimiz əməllərə görə və başqalarına İslamı necə çatdırmağımıza görə Allah qarşısında cavab verəcəyik. Peyğəmbərimizə (s) dəstək olanlar, səhabə və onlardan sonra gəlib onların yolu ilə gedənlər bu dini bizə lazımi şəkildə çatdırdılar. Bütün əsrlərdə Allah təala bu dini qoruyub gələcək nəsillərə çatdırmaq üçün bəzi şəxsləri müəyyənləşdirib, onları müvəffəq edib və onlara dəstək olub. Allahdan arzu etməliyik ki, o şəxsiyyətlərdən biri olaq. Əxlaqımızla dinimizin divarlarını söküb yıxmamağa çalışaq və islami qaydalara riayət etmək istəyənlər qarşısında sərhəd qoymayaq.
İslami qayda-qanunlara daha da riayət etmək istəyənlərə isə məsləhətimiz budur ki, başqalarında gördükləri mənfi cəhətlərin İslam dinindən olduğunu düşünməyin. Müsəlmanların xoşagəlməz və nalayiq hərəkətləri İslamın həqiqətini göstərmir. Müsəlmanların yollarını azması, Allahın qanunlarında qüsurun olması demək deyildir. Allahın dini və qanunları kamildir. Kamilliyə gedən yol çətindir və kamilliyi isə hər insan qazana bilmir. Allah yalnız istədiyinə hidayət verir.


Tarix: 21.11.2012 / 13:57 Müəllif: [Ram] Baxılıb: 984 Bölmə: Maraqlı melumatlar