Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xristologiya

Xristologiya (yunan. Χριστός, xristos, "Məsih", + yunan. λογος, logos, "elm") yaxud Bibliya xristologiyası – xristian teologiyasının bir sahəsi, Nazaretli İsanın şəxsiyyəti, təbiəti və işləri haqqında Bibliya əsasında qurulan təlim.

Xristianların Müqəddəs Yazılarında İsanın şəxsiyyəti dünyanın Xilaskarı olaraq təqdim olunduğuna görə, Bibliya xristologiyası soteriologiya (xilas haqqında təlim) ilə sıx əlaqəlidir.

Bibliya xristologiyası “Əhdi-Ətiq xristologiyası” və “Əhdi-Cədid xristologiyası” olmaq üzrə iki böyük bölməyə ayrılır. İsadan əvvəlki Müqəddəs Yazılarda (Əhdi-Ətiqdə) dünyaya gələcək olan Xilaskar-Messiyadan (Məsihdən) bəhs edən parçaları tədqiq edən Əhdi-Ətiq xristologiyası həmçinin messianizm adlanır. Əhdi-Cədid xristologiyası artıq İsanın şəxsində dünyaya gəlmiş olan Məsihi tədqiq edir.Mündəricat
1 Messianizm
2 Xristian təfəkkürü tarixində Bibliya xristologiyasının inkişafı
3 İsanın adlarının semantik təhlili
3.1 Bəşər Oğlu
3.2 Məsih
3.3 Allahın Oğlu
4 İstinadlar
5 Mənbə


Messianizm

Məsih (yaxud Messiya) və Məsihin Padşahlığı haqqında təlim başlanğıcdan sabit və dəyişməz şəkildə əmələ gəlməyib, tədricən formalaşmışdır. Bibliyada messianizmin bir neçə mərhələsini görmək olar:
İlk nişanəsi. Adəm ilə Həvva günaha batanda, Allah-Taala onları yoldan çıxardan ilana belə deyib: “Mən səninlə qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, sən də onu dabanından sancacaqsan”.[1] Yustin, İriney, Kiprian, İoann Xrizostom, İyeronim kimi qədim kilsə ataları bu sözlərin Həvvanın özünə deyil, İsanı dünyaya gətirən Məryəmə aid etmişlər[2]
Allah-Taalanın İbrahimə verdiyi vəd. "Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq".[3] Əhdi-Cədiddə həvari Paul bu kəlamın İsa Məsihə aid olduğunu şərh etmişdir: “Müqəddəs Yazı Allahın başqa millətləri imanları ilə saleh sayacağını qabaqcadan görüb İbrahimə «bütün millətlər sənin vasitənlə xeyir-dua alacaq» deyərək Müjdəni qabaqcadan bildirdi... Belə ki İbrahimin aldığı xeyir-dua Məsih İsada bütün başqa millətlərin üzərinə gəlsin və biz vəd edilmiş Ruhu iman vasitəsilə alaq”[4]
"İkinci Musa" haqqında peyğəmbərlik. Musa Peyğəmbər İsrail övladlarına demişdir: “Allahınız Rəbb sizin üçün aranızdan – öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asın”[5]
Davud Oğlunun əbədi hökmranlığı haqqında peyğəmbərlik. Allah peyğəmbərin dili ilə Davud Peyğəmbərə bu sözləri deyib: “Ömrün başa çatıb ataların kimi dünyadan getdiyin zaman yerinə sənin övladını – oğullarından birini çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm. O Mənim üçün ev tikəcək və Mən onun taxtını əbədi möhkəm edəcəyəm. Mən ona Ata, o isə Mənə oğul olacaq. Lütfümü səndən əvvəl olan adamdan geri aldığım kimi ondan geri almayacağam. Onu Öz evimin və padşahlığımın üzərinə əbədi olaraq qoyacağam, onun taxtı əbədi möhkəm qalacaq”.[6]
2-ci Məzmur. Burada gələcək Xilaskar məsh olunmuş padşah (Məsih) və “Oğul” adlandırılır. “Nə üçün millətlər belə vurnuxmaya düşür, ümmətlər boş şeylər düşünür? Dünya şahları yığışır, hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir... Göylərin sakini gülür, Xudavənd onlara istehza edir… O deyir: «Mən padşahımı Müqəddəs dağım Sionda əyləşdirmişəm». Rəbbin fərmanını elan edəcəyəm. Rəbb mənə dedi: «Sən Mənim oğlumsan, Mən bu gün sənə Ata oldum...”[7]
Yeşaya peyğəmbər ilk dəfə Məsihdən konkret tarixi şəxsiyyət kimi bəhs etmişdir: “Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq... Çünki bizim üçün körpə doğuldu, bizə oğul verildi, hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq. Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq, O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək, O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək… Yesseyin kötüyündən yeni bir fidan çıxacaq, kökündən çıxan bir budaq bar verəcək. Rəbbin Ruhu, hikmət və anlayış ruhu, öyüd-nəsihət və qüdrət ruhu, bilik və Rəbb qorxusu ruhu Onun üzərində olacaq... sular dənizi bürüdüyü kimi dünya Rəbbin biliyi ilə dolacaq. O gün Yesseyin kökü xalqlara bayraq olacaq, millətlər ona tərəf yönələcək, məskunlaşdığı yer izzətlə dolacaq...”[8]
Yeremya peyğəmbər gələcək Məsihin Padşahlığını "Yeni Əhd" adlandırmışdır: “Rəbb bəyan edir: «İsrail xalqı və Yəhuda xalqı ilə Yeni Əhd bağlayacağım günlər yaxınlaşır... «O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım Əhd belədir: qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq» Rəbb belə bəyan edir. «Bundan sonra bir kəs öz qonşusunu yaxud qardaşını “Rəbbi tanıyın” deyib öyrətməyəcək. Ona görə ki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. Çünki təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam» Rəbb belə bəyan edir”.[9]
Yezekel Peyğəmbər Məsihin bağladığı əhdi “Əbədi əhd” adlandırmışdır: “Mən onlarla sülh əhdi bağlayacağam. Bu onlarla əbədi bir əhd olacaq”.[10]
Yeşaya Peyğəmbərin Kitabı 53-cü fəsildə Məsih əzab çəkərək dünyanın günahlarını Öz üzərinə götürən Rəbbin Qulu kimi təsvir olunur: “Adamlar ona həqarətlə baxıb rədd etdi. O, dərdli, xəstəlikləri görən insan idi, adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik. Əslində xəstəliklərimizi o çəkdi, dərdlərimizi öz üzərinə götürdü. Biz isə onun Allah tərəfindən cəzalandırıldığını, vurulub iztirab çəkdiyini zənn etdik. Bizim üsyankarlığımıza görə onun bədəni deşildi, şər əməllərimiz naminə əzildi, bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq. Hamımız qoyun kimi yolu azmışdıq, hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu. Ona zülm etdilər, O iztirab çəkdi, amma ağzını açmadı. Kəsilməyə aparılan quzu kimi, qırxımçıların qabağında dilsiz qoyun kimi ağzını açmadı. Ədalətsizliklə məhkum olunaraq ölümə aparıldı. Onun nəsli haqqında kim düşünə bilərdi? Axı xalqımın üsyankarlığına görə O edam olundu, dirilər arasından atıldı”.[11]
Daniel Peyğəmbərin Kitabında Məsih və Onun Padşahlığı Bəşər Oğlu obrazında göstərilir: “Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər Biri göyün buludları ilə gəlir. O, Əzəldən Var Olana yaxınlaşdı və Onun hüzuruna gətirildi”.[12]

Ümumiyyətlə, Əhdi-Ətiq xristologiyasının iki cəhətini qeyd etmək olar: Allahın insanlara zühur edəcəyi inancı və məsh olunmuş Padşahın dünyaya gələcəyi inancı. Xristian əqidəsində bu iki inanc Məsihin ilahi və bəşəri təbiətlərinə malik olması təlimində öz əksini tapmışdır.


Tarix: 12.03.2013 / 20:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 473 Bölmə: Kilseler
loading...