beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mahrasa məbədi

Mahrasa monastırı — Gədəbəy rayonunda Şəmkir çayının sahilində yerləşən qədim alban məbədi.

Tarixi

Şəmkir çayı ətrafındakı şəhər xarabalığında müasir dövrə qədər salamat qalmış abidələrdən biri də "Mahrasa" məbədidir. Abidənin adına əsaslanaraq demək olar ki, Mahrasa məbədi yarandığı ilkin mərhələdə göy cisimlərinə etiqad olunan müqəddəs yer kimi tanınmışdır. Hətta IV əsrin əvvəllərində Qafqaz Albaniyasında xristianlığın yayılmasına baxmayaraq Mahrasa atəşpərəsliyin möhtəşəm məbədlərindən biri kimi fəaliyyət göstərmişdir. "Mahrasa" sözünün elmi təhlili də bu fikri təsdiq edir.

Belə ki, sözün kökü olan "mah" həm farsca, həm də türkcə "ay" deməkdir. "Rəsad" isə göy cisimləri müşahidə olunan yerə deyilir. İki söz birləşməsindən "Mahrəsad" yaranır. Sözün sonunda gələn "d" səsi çətin ifadə olunduğuna görə məbəd "Mahrasa" adlandırılmışdır. Azərbaycanın Gəncə, Kəlbəcər və başqa ərazilərində də mahrasa adını daşıyan abidələrimiz vardır. Bu abidələrdə də aya sitayiş izləri, divar təsvirləri qeydə alınmışdır.

I əsrdə yaşamış yunan coğrafiyaşünası Strabon Albaniyanın dağlıq hissələrində möhtəşəm ay məbədlərinin tikilməsi haqqında geniş məlumat vermişdir. Strabonun verdiyi məlumata görə Ay məbədlərinin içərisi Ay İlahəsinə həsr olunmuş barlyeflərlə, divar rəsmləri ilə bəzədilmişdir. Həmin məbədlərin müxtəlif yerlərində Ayın, Günəşin təsvirləri həkk olunmuşdur.

Bu məbədlərin böyük torpaq sahələri olmuşdur. Burada çoxlu qullar, nökərlər işləmişdir. Ay məbədlərinə kahinlər rəhbərlik etmişlər. Baş kahin ölkənin ən nüfuzlu şəxslərindən sayılmışdır. Ay məbədləri Albaniyada xristianlığın yayıldığı zamana qədər fəaliyyət göstərmişdir. Gədəbəydəki Mahrasa məbədi Albaniyanın Girdiman vilayətinin mərkəzi məbədlərindən biri olmuşdur. Tarixi məlumatlara görə İran şahı II Xosrovun yaxın qohumu Mehran 30 min ailə ilə birlikdə buraya gəlmiş, məbəddə yaşayan 12 nəfər kahini öldürmüş və məbədə sahib olmuşdur. Mehranilər xristianlığı qəbul etdikləri üçün bura sonradan rekonstruksiya olunaraq xristian kilsəsinə çevrilmişdir. Gədəbəyin başqa ərazilərində də bir çox xristian kilsələri inşa edilmişdir. Xristian kilsələrinin tikintisində yunan əsirlərindən də istifadə olunmuşdur.


Tarix: 06.03.2013 / 14:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 350 Bölmə: Kilseler