beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeddinci günün adventistləri

Yeddinci Günün Adventistləri - protestant xristian məzhəbiMündəricat
1 Yaranması
2 İnkişafı və əqidə üsulları
3 Dünyada yayılması
4 Azərbaycanda fəaliyyəti
5 Mənbə


Yaranması

1831-ci ilin yayında Amerika Birləşmiş Ştatlarının Hempton şəhərində yaşamış baptist icmasının moizəçisi Uilyam Miller vaiz kürsüsünə çıxaraq, İsa Məsihin ikinci zühurunun yaxınlaşdığını bildirmişdir. Onun sözlərinə görə, bu əlamətdar hadisə on iki il sonra, yəni 1843-cü il martın 21-də baş verməli idi. Uzun illər Bibliyanı tədqiq etdikdən sonra belə nəticəyə gəldiyini iddia edən və bu məqsədlə "Məruzə icmallarında izah edilmiş İsa Məsihin 1843-cü ildə ikinci dəfə zühur edəcəyinə dair Müqəddəs Kitabdan və tarixdən dəlillər" adlı kitab nəşr edən Miller qısa müddətdə həm ölkəsində, həm də onun hüdudlarından kənarda xeyli tərəfdar toplamışdır. Beləliklə, yeni xristian dini cərəyanının əsası qoyulmuş və Millerin ardıcılları adventistlər (latınca "adventus" – zühur etmək) adlanmağa başlamışlar.

İsa Məsihin gəlişini səbirsizliklə gözləyən Millerin ardıcılları onun alovlu nitqlərini maraqla dinləmiş və həmin ana sidqi-ürəklə hazırlaşmışlar. Bu "tarixi gün" gəlib çatdıqda minlərlə insan əllərində gül dağlara qalxaraq İsa Məsihi qarşılamağa çıxmış, lakin bunun baş vermədiyini görüncə məyus olmuşlar. İnamını itirməyən və insanlar qarşısında yalançı çıxmaq istəməyən Müller İsa Məsihin növbəti ilin yazında gələcəyini bildirmişdir.

1844-cü ilin yazında gözlənilən zühur baş vermədikdə, Miller yeni tarix müəyyənləşdirmişdir. Onun fikrincə, İsa Məsih 1844-cü ilin oktyabrında gəlməli idi. Lakin bu da olmayınca, Miller və ardıcılları ümidsizliyə qapılmış, bu dövr cərəyanın tarixinə "Böyük məyusluq" adı ilə düşmüşdür. Nəticədə, adventistlərin sayında azalma baş vermişdir.

Bütün bu olanlardan dərs çıxaran Miller bir daha dəqiq tarix göstərməmiş və bildirmişdir ki, İsa Məsih 1844-cü ildə Göylər Məbədinin müqəddəs məkanına daxil olmuşdur.

Millerin ölümündən sonra adventistlər "Yevangelist Adventistlər", "Allah kilsəsi", "İkinci Günün Adventistləri" kimi müxtəlif qruplara bölünmüşlər. Onlar arasında ən geniş yayılmışı "Yeddinci Günün Adventistləri"dir.

İnkişafı və əqidə üsulları

XIX əsrin 40-cı illərində bəzi adventistlər Əhdi-Ətiqin şənbə günü barədə hökmünə istinad edərək, bu günün bütün qaydalarına riayət etmiş və beləliklə digər adventist cərəyanlarından fərqlənmişlər. Yəhudilər kimi, onlar da həmin günü işləmir və şənbəni Tanrıya həsr etməklə, ibadətlə məşğul olurlar.

1863-cü ildə şənbəyə riayət edən adventistlər "Yeddinci Günün Adventistləri" (YGA) adında vahid və mərkəzləşmiş təşkilatda birləşərək, yeni xristian protestant təmayüllü icmanın əsasını qoymuşlar. Gənc qadın Yelena Uayt bu icmanın inkişafında böyük rol oynamışdır. Tanrıdan vəhy aldığını iddia edən həmin qadın müxtəlif əsərləri ilə adventizmi təbliğ etmiş və özünə tərəfdar toplaya bilmişdir.

Adventistlərin gözündə "peyğəmbər" obrazı qazanan Yelena gərgin fəaliyyəti nəticəsində icmaya canlılıq qazandırmışdir. O, pərakəndə halda olan adventistləri rəhbərliyi altında birləşdirərək, onların dini nəzəriyyələrini formalaşdırmış, icmanın iyerarxiya quruluşunu müəyyənləşdirmiş, adventistlərə alkoqollu və kofein tərkibli içki (çay, kofe və kola), tütün maddələrinin istifadəsini qadağan etmişdir. Sağlam həyat sürməyi önə çəkən Yelena ardıcıllarını "murdar" heyvanların ətlərini yeməkdən imtina etməyə çağırmışdır. Ona görə də adventistlər Əhdi-Ətiqə əsaslanaraq donuz, "pulsuz" balıq, ilan, kərtənkələ və həşəratları qətiyyən yemirlər. Yelenanın islahatlarından sonra "Yeddinci Günün Adventistləri" dünyada sağlam həyat tərzini təbliğ etməyə başlamış, müxtəlif sağlamlıq mərkəzləri və siqareti tərgitmə kursları açaraq tərəfdar toplayıb saylarını artırmağa çalışmışlar.

Dünyada yayılması

Dünyanın 200-dən yuxarı ölkəsinə yayılmış və sayları 15 milyona çatan "Yeddinci Günün Adventistləri" protestant olduqlarından bu xristian məzhəbinə məxsus özəllikləri özlərində daşıyırlar. Müqəddəs Kitabı imanın əsas mənbəyi hesab edən adventistlərin ibadət şəkilləri və dua evləri sadə görünüşlüdür. Onlar şənbə günü toplaşaraq, dini mövzulu nəğmələr oxuyur, moizə dinləyir və İncili öyrənirlər.

Azərbaycanda fəaliyyəti

Azərbaycanda adventizmin yayılma tarixi XIX əsrə təsadüf edir. 1894-cü ildə ölkəmizə gələn ilk Adventist təbliğatçısı Yakov Kleinin dini fəaliyyəti nəticəsində burada yaşayan yeddi almana etiqadını qəbul etdirə bilmişdir. Az sonra bu yeni dini cərəyanın ardıcıllarının sayı 100-ə çatmışdır. Alman, rus və digər qeyri-azərbaycanlılardan ibarət olan adventistlər,əsasən, Bakı, Gəncə və Füzulidə yaşamışlar.

Sovet hakimiyyəti illərində "Yeddinci Günün Adventistləri"nin dua evləri bağlanılmış, üzvləri isə repressiyaya məruz qalmışdır. Gizli mənzillərdə toplaşan adventistlərin həyatında yalnız XX əsrin 60-cı illərində ibadət evinin açılmasına icazə verilmişdir.


Tarix: 08.03.2013 / 15:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 373 Bölmə: Kilseler