Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mingəçevir kilsə kompleksi

Mingəçevir kilsə kompleksi – 1946–cı ildə Mingəçevir SES–in tikintisi zamanı aşkarlanmış IV-VII əsrə aid alban kilsə kompleksi. Kilsə qədim zərdüşti məbədinin özülləri üstündə inşa edilmişdir.[2][3]Mündəricat
1 Tədqiqi
1.1 1 №-li məbəd
1.2 Digər abidələr
1.3 Tapıntılar
1.4 Kompleksə daxil olan məbədlərin planı
1.5 Arxeoloji qazıntılar nəticəsində əldə edilən əşyalar
2 Həmçinin bax
3 İstinadlar


Tədqiqi

Kompleksin ümumi planı

Kompleksə daxil olan əsas məbəd binası günbəzsiz olmuşdur. Bu cür uzunsov, günbəzsiz məbədlər Albaniyanın ən erkən kilsə binaları olmuşlar. Xronoloji baxımdan bu cür abidələrin tikintisi IV əsrdə, digər daha mürəkkəb tikililərlə eyni zamanda başlanmış, VIII əsrədək memarlıqda mövcudluğunu saxlamışdır.[4]

Məbədin dövrümüzə yalnız xarabalıqları qalmış və bu xarabalıqlar da arxeoloji qazıntılar nəticəsində aşkarlanmışdır. Lakin həmin xarabalıqlar belə bu möhtəşəm kilsə haqqında təsəvvür yaratmağa imkan verir.[5]

1 №-li məbəd

Kompleksə daxil olan daha qədim tikili Mingəçevirdəki 1 №-li məbəddir.[6] Bu məbəd 3 №-li qədim yaşayış yerinin birinci – aşağı təbəqəsində aşkara çıxarılmışdır.[7] Plan baxımından həmin məbəd uzunluğu 19,4 metr, eni isə 7,7 metr olan dördguşəli tikilidir. Şərq divarları istisna olunmaqla məbədin qalan divarları qismən salamat qalmışdır.[8] Bu məbəddə səcdəgah absidası yox idi və burada qapı Şərq divarından qoyulmuşdu. Başqa divarlarda qapı oyuğu izlərinin aşkar olunmaması bu qənaətə gəlməyə əsas verir.[9] Məlum olduğu kimi, şərq tərəfdən giriş xristian tikililəri üçün səciyyəvi deyildir. Lakin bu cəhət Albaniyanın bəzi başqa erkən xristian tikililərində vardır.[10]

1 №-li məbədin şimal və cənub divarlarının içərisində 6 çıxıntı vardır. Həmin çıxıntılar ibadət edənlər üçün oturacaq rolunu oynamışdır. Ruhanilər üçün oturacaq yerləri yalnız bəzi pravoslav kafedral kilsələri və patriarx kilsələri üçün səciyyəvi idi. Bu cür yerləri, adətən, kilsə döşəməsindən bir və ya iki pillə yuxarıda, xorun yanında, səcdəgaha doğru səmtdə tikirdilər. Mingəçevir məbədindəki çıxıntılar məbədin ortasına doğru yönəlmişdir. Bunun səcdəgahın Şərq hissəsində deyil, məbədin ortasında yerləşməsi ilə bağlı olduğunu güman etmək olar. Arxeoloq R.M.Vahidovun fikrincə, səcdəgah məbədin qərb hissəsində yerləşirdi.[11]

Səcdəgah absidasının olmadığı məbədlərdə qapı oyuğu, adətən, Şərq divarında yerləşirdi. Bu cəhət başqa oxşar abidələrdə, habelə Amarasdakı (IV əsrə aid olan) Müqəddəs Qriqoris məbədində, Müqəddəs Yelisey monastırının ilkin kompleksinin planlaşmasında, habelə səcdəgah absidası olmayan bir sıra zəng qüllələrində müşahidə edilir.[12]

Mingəçevir məbədinə oxşar xristian tikililəri Albaniyada hələ kilsə qurğularının planlaşmasının ciddi qanun-qaydalarının işlənib-hazırlanmadığı dövrdə ucaldılmışdı. Ona görə də qanunla müəyyən olunmuş normalardan müəyyən sapmalar Albaniyada erkən kilsə tikililərinin səciyyəvi cəhəti idi.[13]

Katolikosluğun təsis olunmasından sonra kilsə binalarının tikintisi ciddi tələblərə tabe olunmağa başlandı. Mxitar Qoşun "Qanunnamə"sində deyilir ki, "kilsənin özülü pravoslavlığın qaydaları əsasında qoyulmalıdır, bu məsələdə yalnız yepiskop və yaxud onun əmri ilə xoryepiskop və yaxud peretut haqlıdır. Kim yepiskopun və yaxud xoryepiskopun icazəsi olmadan kilsənin özülünü qoymağa cəhd edərsə, biz əmr edirik ki, bu cür kilsə dağıdılsın və özül yenidən qoyulsun, beləliklə, kilsə qaydasına toxunulmaz şəkildə əməl edilsin. Bu qayda sarsılmazdır".[14]

Digər abidələr

Mingəçevirdəki ikinci məbədin tikilişi ərəfəsində artıq ölkədə kilsə tikintisinin qanunları təşəkkül tapmışdı.[15] Məbədin tikintisi IV əsrə aid edilir.[16] Bu məbəd birinci məbəddən 8 metr cənubdadır. Abidə plan baxımından dördguşəli olan böyük zaldan ibarətdir, zalın uzunluğu 12,4 metr, eni isə 5,4 metrdir. Birinci məbəddən fərqli olaraq bu məbədin şərq tərəfində nalşəkilli absidada səcdəgah yüksəkliyi vardır. Həmin altlıqlar taxtadan olan sütunlar üçün dayaq rolunu oynayır, sütunlar isə tavan örtüyünü saxlayırdı.[17]

Üçüncü məbəd V – VI əsrlərdə, bilavasitə birinci məbəd üzərində tikilmişdir, ibadət zalına (12,5x5,7 metr ölçülərində) və yarımdairəvi absidaya malik olan birnefli kilsə olmuşdur.[18] Çiy kərpiclərdən tikilmiş divarların qalınlığına əsasən demək olar ki, məbəd tağtavanla örtülmüşdü.[19]

Dördüncü məbəd üçüncü məbədin xarabalıqları üzərində tikilmişdir. Bu abidə müxtəlif zamanlarda tikilmiş üç binadan ibarət idi. İlk bina məbəd olmuş, məbədin yanında əlavə tikili inşa edilmiş, sonralar isə həmin binaların lap yanında üç otaqdan ibarət olan üçüncü bina ucaldılmışdı. Ən böyük otaq əlavə tikili idi. Qalan 2 otaq isə hücrə və yaxud məbədin təsərrüfat otaqları ola bilərdi. Məbəd VI – VII əsrlərə aid edilir. Kilsə üçüncü məbədin plan quruluşunu ciddi şəkildə təkrarlayır. Yeni binanın planlaşmasında əski məbədin planının dəqiq konturlarının dəfələrlə təkrarlanması üsulları Qafqaz Albaniyasında ənənələrə riayət etmək tələbini qoyan qanunun mövcud olduğuna dair ehtimalın irəli sürülməsinə əsas verir. Bu hal Mingəçevir kompleksi üçün xüsusilə səciyyəvidir.[20]

Tapıntılar

Mingəçevirdə, VI əsr məbədinin qazıntıları zamanı daş üzərində oyma sənətinin çox gözəl nümunələri aşkar olunmuş sütun və kapitel qalıqlarında, pəncərənin oyuq və haşiyələrində, divarların dekorativ tərtibatı ünsürlərində qorunub saxlanmışdır.[21][22] Sütunların başı, pəncərə yerlərinin haşiyələri və məbədin digər memarlıq detalları əsasən nalvari tağ şəklində oyulmuş, sütunların dairəvi əsasları qədim keramika və metal məmulatını bəzəyən qabırğavari naxışlarla örtülmüşdür.[23] Məbədin tikintisində oyma sənətinin belə geniş tətbiqi, müxtəlif forma və çeĢidli divar bəzəklərinin – buruqların, xonçaların, rəsmlərin olması onun zəngin tərtibatını bir daha sübut edir.

Qəbirüstü abidələrin dekorativ tərtibatında da daş üzərində bədii oyma üsulu tətbiq edilirdi. O dövrə dair tapıntılar belə abidələrdə qədim alban bəzək motivlərindən – üzüm salxımı, altıguşəli xonça, günəş, xaç, dolama və buruq şəkilli xətlərdən istifadə edildiyini göstərir.[24] Qəbirüstü daşlarda oyulmuş ov, ziyafət, süvarinin görüşü və b. səhnələr öz plastikliyi, təsviri motivləri, habelə kompozisiya xüsusiyyətlərinə görə Bakıda Azərbaycan Tarixi Muzeyində saxlanılan tunc möhürlər və üzük qaşlarındakı təsvirlərlə uyuşur.[25] Həmin təsvirlər Sankt-Peterburqdakı Dövlət Ermitajında saxlanan alban yazılı daş lövhəsindəki relyefləri də xatırladır.[26][27]

Mingəçevirdə qədim albanların müqəddəs od məbədinin yerində aparılmış qazıntılar zamanı tapılmış iki relyefin kompozisiyası çox plastik və ifadəlidir.[28] V – VI əsrlərə aid olunan bir relyef yazılı daş üzərində həkk edilmişdir. Burada üz-üzə dayanmış "müqəddəs" baftalı iki tovuzquşu təsvir olunmuşdur. Onları bir-birindən "müqəddəs" ağac rəsmi ayırır. Tədqiqatçıların fikrincə, yuxarı hissəsində geniş oyuğu olan bu daşın üstündə qurban kəsilirdi. Digər relyefdə sol əli ilə yüyəni tutmuş atlı təsvir edilmişdir. Atlının başını və atın ayaqlarını təsvir edən hissə dağılsa da, yəhərin və süvarinin paltarının əksi relyefin həyatiliyini təsdiq edir.[29]

Alimlərin fikrincə (K.V.Trever və b.), bu dövrdə artıq xristianlığı qəbul etmiş albanlar öz incəsənət əsərlərində hələ də əvvəlki etiqadlarını əks etdirən surətləri (o cümlədən "müqəddəs" ağacı, "müqəddəs" baftalarla bəzənmiş, xristian simvolikasına görə həyat, bütpərəstlikdə isə ölüm rəmzi olan tovuz quşlarını və s.) qoruyub saxlamışdılar.


Tarix: 07.03.2013 / 15:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 540 Bölmə: Kilseler
loading...