beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Soteriologiya

Soteriologiya (yunan. σωτηρία, soteriya, "xilas", + yunan. λογος, logos, "elm") yaxud Bibliya soteriologiyası – xristian teologiyasının bir sahəsi, insanların xilası haqqında Bibliya əsasında qurulan təlim.Mündəricat
1 Qədim dinlərdə və Bibliyada xilasın müqayisəsi
2 Əhdi-Ətiqdə xilas
3 Əhdi-Cədiddə xilas
4 Bibliyada xilasın üç ölçüsü
5 Bibliya soteriologiyasının şərhləri
6 İstinadlar
7 Mənbə


Qədim dinlərdə və Bibliyada xilasın müqayisəsi

E.ə. I minillikdən öncəki bütpərəst dinlərində xilas ideyasına rast gəlinmir. Bütpərəst şüuru kainatı statik, dəyişməyən, sabit olaraq dərk edirdi. Xilasın ilk əlamətlərini səmavi qüvvələrin insanı bu dünyada xata-baladan qoruması inancında görə bilirik. Misirlilərin dini kimi qədim inanclarda xilas ideyası artıq axirətə şamil olunmağa başladı. Misirlilər saleh adamın axirət məhkəməsində azad edilərək Osirisin padşahlığında bəxtiyar həyat sürəcəyini ümid edirdilər. E.ə. I minillikdə dünyanın pozulmuş vəziyyəti ideyası inkişaf etdiyi zaman, ilk “xilas dinləri” yaranır. Bunların arasında buddizm və zərdüştilik xüsusi yer alır. Buddizmə görə, dünyada keçib-gedən həyat mahiyyətcə şərdir. İnsan özü səy göstərərək “yaşamaq arzusu”ndan azad ola bilər. Dünyadan xilas olmaq üçün xüsusi üsullardan istifadə edən buddistlər hər şeyin ali məqsədi olan Nirvanaya nail ola biləcəklərinə inanmışlar. Nirvananın əsas mənası müvəqqəti həyatın “sönməsi” və insanın dərkedilməz “fövqəlhəyat”da həll olunmasıdır. Zərqüştiliyin xilas ideyası fərqlidir. Zərdüştilik iki əzəli ilahi başlanğıcın (bir yandan Nur və Xeyir qütbü olan Ahura Məzda, digər yandan Zülmət və Şər qütbü olan Əhrimən) arasında gedən mübarizə inancına əsaslanır. İnsan Ahura Məzdanın tərəfində mübarizə etməyə dəvət olunur. Zərdüştilikdə artıq soterioloji esxatologiya (dünyanın sonunda xilas ideyası) mövcuddur. Axırda Ahura Məzdanın Zülmətə qələbə çalacağı və Nurun kainatda əbədi olaraq hökm edəcəyi elan edilir.

Bibliyanın xilas haqqında təlimi buddizminkindən köklü surətdə fərqlənir, çünki Tövrat dünya həyatını şər deyil, Allahın yaratdığı xeyir olaraq səciyyələndirir. Zərdüştiliyin xilas təliminin Bibliyaya daha yaxın olmağına baxmayaraq, zərdüştiliyin dualizmi və şərin əzəldən var olan İlahi mənbə olması fikri Bibliyanın monoteizmi ilə kəskin ziddiyyət təşkil edir. Qədim “xilas dinləri” kimi Bibliya da dünyanın pozulmuş vəziyyətdə olduğunu öyrədir, ancaq eyni zamanda bunlardan fərqli olaraq, Allahın yaratdıqlarının başlanğıcda yaxşı olub xeyir üçün yarandığını təsdiq edir.[1] Bu xeyri pozan şər, yaradılışın özündən meydana gəldi, lakin axırda Yaradanın niyyəti İlahi Səltənətində gerçəkləşəcəkdir. Bibliyada bu cür açıqlanan xilas ideyası Əhdi-Ətiq mərhələsi və Əhdi-Cədid mərhələsi olmaq üzrə iki əsas mərhələdən ibarətdir.

Əhdi-Ətiqdə xilas

Xristian ilahiyyatçıları xilasa aid olan ən qədim şəhadəti Tövratın ilk səhifələrində tapırlar. Yaradılış Kitabının 3-cü fəslində Adəm ilə Həvvanın günaha batması əhvalatında Allah Həvvaya xitab edərək günahının faciəli nəticələrini elan etməklə yanaşı gələcək nəslinin “ilan” üzərində qələbə çalacağını vəd edir: “Mən səninlə qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, sən də onu dabanından sancacaqsan”.[2]

Allahın İbrahim Peyğəmbərə verdiyi vəddə də Xilaskara aid gizli bir şəhadət görürlər: “Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq”.[3] Lakin İsrail xalqının əcdadlarının (İbrahim, İshaq, Yaqub) və Musa Peyğəmbərin dövründə xilas hələ xata-baladan qorunma olaraq dərk edilirdi. Allahın Öz seçdiklərini qoruduğu, əsarətdən qurtardığı və “vəd olunmuş torpağa” gətirdiyi qəbul edilirdi. Ondan sonra yəhudilər xilası əksərən İsrailin dünyəvi qələbəsi olaraq anlamışlar. Tövratda xilasın ruhani, esxatoloji (son günlərə aid), Məsihlə əlaqəli olan mənasını yalnız e.ə. VIII əsrdən fəaliyyət göstərməyə başlayan, yazıları Əhdi-Ətiqə düşən peyğəmbərlər görməyə başlamışlar.

Yeşaya Peyğəmbər Məsihin gəlişini, son qələbəsini elan etdi, Məsihin padşahlığında təbiətin ahəngdar vəziyyətə qayıdacağını, cənnətin bərpa olunacağını elan etdi.[4] Əhdi-Ətiqdə xilas nəinki Məsihin, həm də Allahın Özünün dünyaya gəlişi ilə bağlı olaraq təqdim edilir.[5] Xilas bütün yaradılışın qlobal fəlakətlərdən keçərək kamala çatması şəklində təsvir olunur. Yəhudilərin Məsihə (Messiyaya) inancı siyasi və mistik elementlərdən ibarət idi.


Tarix: 12.03.2013 / 20:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 593 Bölmə: Kilseler