beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Septuagintanın xüsusiyyətləri

Septuagintaya bütün yəhudi Müqəddəs Yazıları daxildir. Bəzi yazıların adları və təşkili yəhudilərinkindən fərqlənir; Ester, Yeremya və Daniel kitablarına daha çox fəsillər əlavə olunub. Septuagintaya həmçinin bir sıra apokrifik əsərlər daxil edilib – bunlar katolik kilsəsi tərəfindən kanonik kimi qəbul edilir.

Bu tərcüməni yaradan alimlər ibrani mətnində olan bəzi "boşluqları" dolduraraq nəzərdə tutulan məlumatı açıqlayıblar. Məsələn, Yaradılış 4:8 ibrani mətnində belədir: "Və Qabil qardaşı Habilə dedi (danışdı). Və onlar çöldə ikən Qabil qardaşı Habilə qarşı qalxdı və onu öldürdü". Septuagintada isə bu ayə belə tərcümə olunub: "Və Qabil qardaşı Habilə dedi: Çölə gedək. Və onlar çöldə ikən..." Septuaginta çox vaxt orijinal ibrani mətnin mənasını daha dəqiq ifadə edir.

Ayrı-ayrı kitabların tərcüməsi həmçinin üslub müxtəlifliyi ilə seçilir. Tövrat daha formal və sözbəsöz surətdə, Əyyub və Süleymanın Məsəlləri isə sərbəst tərcümə olunub. Ümumiyyətlə, Septuaginta bədii baxımdan olduqca zəngin bir tərcümədir. Məşhur rus filologu S.S.Averinsev qeyd edirdi ki, "Septuagintanın yaradıcıları yunan və semit dil quruluşlarını üzvi surətdə birləşdirməyi bacarmışlar; onların üslubu danışıq ifadələrinə yaxın olmaqla birlikdə, sakral ruh yüksəkliyini və "kənar edilmişliyini" qoruyub-saxlayır".[1]

Septuagintanın əhəmiyyəti

Septuagintanın mətn tənqidi üçün əhəmiyyəti ilk növbədə bundan ibarətdir ki, bu tərcüməni yaradan alimlər b.e.ə. III əsrdən əvvəlki dövrə aid olan çox qədim ibrani mətnlərdən istifadə ediblər. Sözügedən qədim ibrani əlyazmalar bu günə qədər qorunub saxlanmayıb. Onların üzünü köçürənlərin təsadüfi cüzi səhvlərin düzəldilməsində Septuagintanın müstəsna rolu vardır. Bu tərcümənin tənqid üçün əhəmiyyəti, xristianlıqdan əvvəl çox qədim dövrə aid olmasındadır.[2]

Septuagintanı öyrənən müasir tədqiqatçılardan bəziləri onu qədim dünyanın ən birinci bədii tərcüməsi hesab edirlər. Bu tərcümədə ilk dəfə orijinal mətnin sözbəsöz tərcüməsi ilə yanaşı mənaya əsaslanan (idiomatik) tərcümənin elementləri mövcuddur. Septuagintada bu gün ədəbi tərcümədə normativ olaraq qəbul edilən bəzi üsulları görmək olar.[3]

Septuagintanın xristian kilsəsində xüsusi rolu olub. Həvarilər, Əhdi-Cədidin müəllifləri, kilsə ataları, bir qayda olaraq, Əhdi-Ətiqin bu tərcüməsindən istifadə ediblər. Kiril və Mefodiy qardaşlar Bibliyanı kilsə-slavyan dilinə tərcümə edərkən Septuaginta mətnindən istifadə etmişlər.


Tarix: 12.03.2013 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 282 Bölmə: Kilseler