Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəncəsər monastırı

Gəncəsər (ingiliscə: Gandzasar) - keçmiş Ağdərə rayonunun (indiki Kəlbəcər) Vəngli kəndində, Xaçınçayının sol sahilində yerləşən XIII əsr xristian alban monastırı. Orta əsrlərdə monastır Alban Həvvari Kilsəsinin mərkəzi iqamətgahı olmuşdur. 1991-1994-cü illər Qarabağ müharibəsinin nəticəsində bu tarixi abidənin yerləşdiyi ərazi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Tarixi

Məbədin divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə "yüksək və büyük Arsax ölkəsinin hökmdarı, Alban geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir". VIII əsrin əvvəllərindən etibarən Albaniya katalikosluğunun yerləşdiyi ərazi - Qarabağın dağlıq hissəsi knyazlıq, hökmranlıq mənasında "Arşax" və ya "Arsax" adlanmışdır. Bu isə təsadüfi deyil, çünki Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın nəslindən olan Arşakilər sülaləsinin hökmdarları "arşax", VI əsrdən VIII əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin hökmdarları isə "aranşax" adlanmışdır.

1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlal Dövləni oğlu knyaz Atabəy gətirib Gəncəsər məbədində dəfn etmişdir. Bu məbəd 1511-ci ildən 1836-cı ilə, yəni Rusiya Sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olmuşdur. Həsən Cəlalın nəslindən olan bir çox alban din xadimləri bu məbəd kompleksinin ərazisində dəfn olunmuşlar. Hündür qala divarları ilə əhatə olunmuş Gəncəsər kompleksinə alban xristian memarlığı üslubunda inşa edilmiş baş kilsə, ona bitişik dörd mailli dam örtüyündə rotonda yüksələn məbəd binası və qala divarlarına içəri tərəfdən hörülmüş tikililər daxildir. Baş kilsənin xaçşəkilli günbəz kompozisiyası, 16 künclü günbəz barabanı və onun üzərində yüksələn çətir formalı piramidaşəkilli daş günbəz örtüyü alban dindarlarının son iqamətgahına xüsusi əzəmət və gözəllik verir. Şərq və qərb fasadlarından fərqli olaraq şimal və cənub fasadlarının memarlıq həlli, demək olar ki, eynidir. Onların hər biri beş tağla bəzənmiş, ortadakı ən hündür tağ isə profilli xaçla tamamlanmışdır.

Kilsənin daxilindəki tağların yuxarı hissələri müqəddəs hesab olunan öküz və qoyun başlarının barelyefləri ilə bəzədilmişdir. Məbəd kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltaraşlıq nümunələri və diofizit xarakterli elementlər bu abidəni çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Uzun müddət Alban xristianlarının iqamətgahı olmuş məbəd dinin baş xəzinəsi mənasında Gəncəsər adlanmışdır.

Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürən erməni millətçiləri işğalçılıq niyyətlərinə haqq qazandırmaq məqsədi ilə Qafqaz Albaniyasının xristian kilsəsinə aid bütün kilsə, məbəd və monastrlarını erməni abidələri elan edirlər. Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlərin fikrincə, bu abidələr bir çox xarakterik xüsusiyyətlərinə və memarlıq planlaşdırma üslublarına görə erməni dini memarlıq abidələrindən tamamilə fərqlənir. Azərbaycandakı bir sıra alban xristian abidələri bütün tarixi sübutlara əsasən, xalqımızın milli mədəni irsinə aiddir.


Tarix: 06.03.2013 / 14:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 468 Bölmə: Kilseler
loading...