Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alban Həvari Kilsəsi

Alban Həvvari Kilsəsi, Alban Kilsəsi və ya sadəcə Alban Katolikosluğu — Qafqaz Albaniyasında mövcud olan kilsə. 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqorian kilsəsinin tabeçiliyinə verilərək fəaliyyəti tam dayandırılmışdır. 2003 – cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Alban Həvari Kilsəsi yenidən qeydiyyata alınaraq fəaliyyətini bərpa etmişdir.[Mənbə göstərin]Mündəricat
1 Tarixi
1.1 Albaniyada xristianlığın yayılması
1.2 Avtokefallığı
1.3 Azərbaycanda İslamın yayılması və Alban kilsəsinin zəifləməsi
2 İyerarxik münasibətlər
3 Yeparxiyalar
4 Həmçinin bax
5 Mənbə
6 İstinadlar


Tarixi

Xristianlığın ilkin çağlarında, xristian aləmində ideoloji birliyin hələ mövcud olduğu, alban ruhaniliyinin tam formalaşmadığı, kilsə iyerarxiyasının təşəkkül tapmadığı bir dövrdə erməni və gürcü kilsələri kimi, alban kilsəsi də iyerarxik baxımdan bilavasitə yunan imperiya kilsəsindən asılı idi; lakin başçısı Kappadokiyanın Kesariyə şəhərində təsdiq edilən erməni kilsəsindən fərqli olaraq, başçısı Yerusəlimdə təsdiq edilən alban kilsəsinin asılılığı formal xarakter daşıyırdı[1].

Alban müəllifi Moisey Kalankatlının məlumatlarına görə, IV əsrin əvvəllərində Maarifçi Qriqori yepiskop rütbəsinə təsdiq edilmişdi. Romadan onunla birlikdə yepiskop rütbəsinə layiq görülmüş daha bir "müqəddəs ər" gəlmiş və həmin adam alban hökmdarı Urnayrla birlikdə alban kilsəsinə başçılıq etmək üçün Albaniyaya yola düşmüşdü. Əlamətdar haldır ki, Ermənistan və Albaniyanın ilk yepiskopları – Maarifçi Qriqori və həmin "müqəddəs ər" alban müəllifi tərəfindən hərfən "ruhanilərin başçıları" mənasını verən terminlə ifadə olunmuşdu; bu isə yepiskop sözünün real sinonimidir. Onu da qeyd etməliyik ki, bu dövrdə başqa kilsə rütbələrindən hələ söhbət ola bilməzdi[2].

Albaniyada xristianlığın yayılması
Əsas məqalə: Qafqaz Albaniyasında xristianlığın yayılması

Albaniya, xristian icmalarının IV əsrdən xeyli əvvəl, xristianlıq dövlət dini olmamış yarandığı ölkələr sırasındadır. Alban ənənəsinə görə, eramızın ilk əsrlərinin başlanğıcında Yerusəlimdən, Suriyadan ilk xristian missionerləri, həvariləri (apostolları) və həvarilərin şagirdləri Albaniyaya gəlmiş, ilk xristian icmaları yaranmışdı. Yenə də alban ənənəsi xristianlığın yayılmasında bir – birini əvəz edən iki dövrü qeyd edir: həvari dövrü adlanan birinci mərhələ həvarilərdən Müqəddəs Faddeyin, Müqəddəs Varfolomeyin və Müqəddəs Faddeyin şagirdi Müqəddəs Yeliseyin adı ilə bağlıdır. IV əsrə kimi davam edən bu dövrü şərti olaraq siryanipərəst dövrü adlandırılır. İkinci (yunanpərəst) mərhələ Maarifçi Qriqorinin və alban hökmdarı Urnayrın adları ilə bağlıdır.

Erməni kilsəsindən fərqli olaraq alban kilsəsi öz mənşəyinə görə ilkin çağından bilavasitə Yerusəlimlə, Yerusəlimin kilsəsi ilə, sonralar isə Yerusəlimin patriarxlığı ilə bağlı olub. Bu baxımdan alban kilsəsi, kökü həmçinin Yerusəlim kilsəsi ilə bağlı olan gürcü kilsəsinə bənzəyir.

Xristianların I-II əsrlərdə Yerusəlimdən Şimal-Şərqdə və Şərqdə geniş təbliği həvari Müqəddəs Paveldən sonra həvarilərdən Müqəddəs Fomanın, Müqəddəs Andreyin, Müqəddəs Varfolomeyin, həvari Müqəddəs Fomanın qardaşı Ardayın (Adday-Fadday-Faddey) və Müqəddəs Faddeyin şagirdləri – Müqəddəs Yeliseyin və Marın adları ilə bağlıdır.

Bu həvarilər və onların şagirdləri Suriyada (mərkəz – Antioxiya), kiçik ellin dövləti olan Osroyenada (mərkəz – Edessa), Nisibində, Mesopotamiyada (İkiçayarasında), Kiçik Ermənistanda, eləcə də Şərqdə və Şimal-Şərqdə – İranda (Sələvkiyə – Ktesifonda), Cənubi Qafqaz ölkələrində – Gürcüstanda, Albaniyada təbliğat aparırdılar.

Beləliklə, xristianlığın Şərqdə daşıyıcıları aramilər oldu. İncil təliminin siryanilərin (suriyalıların, aramilərin) köməyilə şərq ölkələrində yayılması çox vaxt onların ticarət həyatında oynadıqları rolla izah edilir. Aralıq dənizi ilə Yaxın və Uzaq şərq ölkələri arasında fəaliyyət göstərən köhnə su və quru ticarətinin çox hissəsi siryanilərin əllərində idi. Ticarət yolları onları Mesopotamiyadan çox uzaqlara, İrandan Cənubi Qafqaz vilayətləri olan Gürcüstana, Ermənistana, Albaniyaya aparırdı. Ta qədimdən ticarətlə məşğul olan siryanilər ticarət əməliyyatlarını həyata keçirərkən eyni zamanda yeni görüşün yayıcısına çevrilir, xristian təliminin hər yerə çatdırılmasına yardım edirdilər.

Xristianlığın Albaniyaya nüfuz etməsi, burada erkən xristian icmasının yaranması, artıq qeyd edildiyi kimi, həm həvari Müqəddəs Varfolomeyin, həm də həvari Müqəddəs Faddeyin adları ilə bağlıdır. Moisey Kalankatlı xəbər verir: "Lakin, ədalət günəşinin çıxdığı vaxt yetişdikdə, xilasımız, dərkedilməz varlıq – Atamızın şöhrət və mahiyyətinin işığı hamımızın qeydinə qalmaq üçün bizim yanımıza gəlib heç vaxt ayrılmadığı varlığın şöhrətinə sahib olduqda, o, öz müqəddəs və sevimli şagirdlərini [dini] təbliğ etmək üçün dünyanın hər yerinə göndərdi. Şərq sakinlərinin bəxtinə Ermənistana gəlib, Artaz vilayətində Ermənistan hökmdarı Sanatrukun əzabla öldürdüyü həvari Faddey düşdü".

Alban tarixçisi Moisey Kalankatlı daha sonra yazır: "Onun (Faddeyin) şagirdi Müqəddəs Yelisey (Elişe) Yerusəlimə qayıdaraq, onun əzabları haqqında ...digər həvarilərə danışır... Yelisey orada Yerusəlimin ilk patriarxı, [İsanın] qardaşı Müqəddəs Yakov tərəfindən təyinat alır. Yeliseyin payına Şərq düşür". Burada müəllif "digər həvarilər" dedikdə Müqəddəs Faddeyin, Yeliseyin və başqa həvarilərin fəaliyyətlərinin eyni zaman çərçivəsində, yəni I—II əsrlərdə baş verdiyini göstərmək istəyir. Gördüyümüz kimi, bu mətndə Şərq dedikdə, Albaniya nəzərdə tutulur. Moisey Kalankatlının işlətdiyi "Şərq", "Şərq ölkəsi", "Şimal-Şərq" anlayışlarının tədqiqi onların Albaniyanı, Yerusəlimə nisbətlə xristian dünyasının Şərq hüdudlarında yerləşən albanlar ölkəsini bildirdiklərini sübut edir.

Həvari Müqəddəs Yelisey tərəfindən I əsrdə əsası qoyulmuş bu Kiş məbədi təkcə Azərbaycanın deyil bütün Qafqazın ən qədim kilsəsidir və Şərq kilsələrinin anası sayılır

Moisey Kalankatlının sonrakı məlumatına görə, boynuna Şərqdə təbliğat aparmaq düşən Yelisey "Yerusəlimdən İrana yola düşür, Ermənistanın yanından ötüb, maskutların [ölkəsinə] gəlir və öz təbliğatına Çolada başlayır. Buradan o, Uti vilayətinə gəlir. Müqəddəs patriarx [Yelisey] Gisə gələrək burada kilsə yaradır, ona təmiz, qansız qurban gətirir. Bura, biz Şərq sakinlərinin kilsələrinin əsası qoyulduğu yer, ilk mənəvi mərkəzimiz, ziya aldığımız ilk məkandır". Göründüyü kimi, müəllif Müqəddəs Yeliseyin keçdiyi yolu çox dəqiq təsvir etmişdir; o, Yerusəlimdən, İrandan və görünür ki, Adurbadaqandan keçərək, Ermənistana daxil olmadan, onun yanından ötmüş, Xəzər dənizinin qərb sahilinə çıxmışdır. Məlum olduğu kimi, mətndə adları çəkilən Çola Albaniyanın Şimal-Şərq ucqarında, Gis ölkənin Şimal-qərb ucqarında, yəni Kürün sol sahilində, Uti isə Kürün sağ sahilində yerləşirdi. Yeliseyin sağ sahil Albaniyasında da təbliğat aparması mətnin başqa yerlərindən olan məlumatla təsdiq olunur: "Bizim ziyalanmağımızın əvvəl səbəbi Yeliseydən olmuşdur. O, üç ölkənin – Çolanın, Lpinanın və həyatının əzabla başa yetdiyi Albaniyanın ilk maarifçisi idi". Xristian ədəbiyyatında, xristian ənənəsində Yelisey yalnız Faddeyin şagirdi kimi deyil, həm də peyğəmbər kimi tanınır.

Xristianlığın Ermənistana nisbətən Albaniyada daha erkən yayılmasını yerli mənbə olan "Alban ölkəsinin tarixi" əsərində erməni katolikosu Avraamın albanlara ünvanlanmış məktubu sübut edir: "Bizimkindən əzəli olan alban [patriarxı] taxtı əvvəllər bizimlə (ermənilərlə) həmfikir idi". Başqa bir yerdə deyilir: "Yelisey orada (Albaniyada) təbliğat apardı və Ermənistandan əvvəl orada (Albaniyada) Gis kəndində kilsə tikdirdi. Bu kilsə Şərq kilsələrinin anası – metropoliya idi". Başqa bir misal: "Yunan təqviminin 43-cü ilində albanların (xristianlığı qəbul etməklə) maariflənməsindən 270 il sonra ermənilər də maarifləndilər".

Xristianlığın Albaniyada təbliğinin ilk siryanipərəst dövründə İncil kəlamları Yaxın və Orta Şərqin bütün ölkələrində olduğu kimi, siryani (arami) dilində yayılırdı. Bu, yalnız həvarilər və onların şagirdlərinin deyil, həm də Suriya missionerlərinin fəaliyyəti ilə bağlı idi. Moisey Kalankatlı öz əsərində siryanipərəst dövr haqqında mühakimə yürütmək imkanı verən məlumatları təqdim etmişdir; Suriya rahiblərinin IV-V yüzillərdə Albaniyadakı fəaliyyəti, xristian abidələri üzərindəki arami yazıları haqqında olan xəbərlər belə məlumatlardandır.

Xristianlığın "yunanpərəst" II mərhələsi, yuxarıda qeyd etdiyimiz kimi, bütün Cənubi Qafqaz ölkələrində ümumi olsa da, müddəti və xüsusiyyətləri baxımından fərdi cəhətlərə malik idi; bu isə, sözsüz ki, siyasi səbəblərlə izah oluna bilər. Tədqiqatlar göstərir ki, alban, erməni və iber kilsələrinin imperiya kilsəsi ilə münasibətləri "siyasi şəraitlə bağlı işıqlandırılmalıdır; başqa sözlə desək, ölkənin [Şərqi Roma] imperiyasından siyasi asılılıq dərəcəsi kilsənin asılılığı səviyyəsində özünü göstərməlidir". Məlumdur ki, bu asılılıq Ermənistanda daha çox, İberiyada isə nisbətən az idi; Albaniyanın isə heç bir asılılığı yox idi. Ona görə də ellinpərəst Maarifçi Qriqori və onun nəvəsi Müqəddəs Qriqorisdən sonra alban kilsəsi Yerusəlim kilsəsi ilə münasibətlərini davam etdirirdi. Bütün bunlar elmdə hakim olan fikrin – ilk xristian təbliğatçılarının Albaniyaya Ermənistandan göndərilməsi fikrinin əsassız olduğunu göstərir. Bu, sağsahil Albaniyası vilayətlərində fəaliyyət göstərən xristian təbliğatçılarının Ermənistandan, sol sahil Albaniyasının şimal – qərb vilayətlərinə (yəni İori və Alazan çayları arasındakı vilayətlərə) göndərilənlərin isə İberiyadan gəlmələri fikrinə də aiddir.

Məlum olduğu kimi, Sasanilər öz tabeliklərində olan Cənubi Qafqaz xristian xalqlarına sabit münasibət bəsləmirdilər. Xristianlığın Şərqi Roma imperiyasında qələbəsi (IV əsrin əvvəlində) bu münasibəti daha da gərginləşdirdi. Sasani dövləti ərazisində rəsmi kilsə ilə mübarizə aparan müxtəlif xristian təriqətləri müdafiə edilməyə başlanıldı.

Moisey Kalankatlının məlumatına görə, alban arşaki hökmdarları Urnayr, II Vaçe, III Vaçaqan müxtəlif bütpərəstlik dinlərinin köklərini kəsmək üçün şiddətli mübarizə aparırdılar. V əsr Aquen məclisində qəbul edilmiş qanunların ikisi xristianlığaqədərki dinlərin qalıqlarının təqib olunmasına həsr edilmişdi.

Avtokefallığı

IV əsrin sonuna yaxın Albaniyada özünəməxsus müəyyən subordinasiyası olan lazımi kilsə iyerarxiyası artıq təşəkkül tapmışdı. Bu da alban klirinə alban kilsə başçısının təsdiqolunma mərasimini özü keçirməyə imkan vermişdi. Moisey Kalankatlı yazırdı: "Bizim [alban] katolikosunun təsdiqinə gəldikdə, müqəddəs Qriqoriyə qədər ilk [alban katolikosları] Yerusəlimdə təsdiq edilirdilər. Ondan sonra lap indi də bu mərasimi bizim yepiskoplar özləri keçirirlər" [3].

Qafqaz Albaniyasında xristianlığın yayılmasında mühüm rolu olmuş və Şəki yaxınlığında şəhid edilmiş həvari Müqəddəs Yelisey. Afonlu Dionis tərəfindən çəkilmiş freska.

Belə çıxır ki, 340-cı ildə alban kilsəsi artıq avtokefal idi. Elmi ədəbiyyatda kilsənin avtokefallığı barədə iki nöqteyi-nəzər mövcuddur. Tədqiqatçı V.V.Bolotovun fikrincə, Suriya-İran kilsəsi özünün ilk iyerarxlarını (yepiskop rütbəli keşişlərini) Edessa kilsəsindən almış, avtokefal kilsəyə çevrilərək, bütün tarixi boyu heç vaxt Antioxiya patriarxlığından asılı olmamışdır. Yenə də onun rəyinə görə, kilsə başçılarını onların tabeliyində olan Suriya-İran yepiskopları seçir və təsdiq edirdilər [4]. Tədqiqatçı Suriya-İran kilsəsinin avtokefallığının səbəblərini izah etmir. Azərbaycan tarixinin ikinci cildində qeyd edilir ki, bu, siyasi səbəblərlə izah olunur. Suriya-İran kilsəsinin müstəqil İran dövlətində olması onun avtokefallığını təmin etmişdi. Güman etmək olar ki, Albaniya dövlətinin də siyasi statusu ilk iyerarxları qədim şərq Yerusəlim patriarxlığında təsdiq olunan alban kilsəsinin erkən faktiki avtokefallığını müəyyənləşdirmişdir [5].

Digər nöqteyi-nəzərə görə, həvari mənşəli kilsələr avtokefal sayılırdı. Beləliklə, kilsənin avtokefallığını izah edən hər iki nöqteyi-nəzər, alban kilsəsinin erkən müstəqilliyindən inamla danışmaq imkanı verir. Bu isə, IV – VI əsrlərdə alban kilsəsinin iyerarxiya baxımından erməni kilsəsinə tabe olduğunu, alban kilsəsi başçısının erməni katolikosu tərəfindən təsdiq edildiyini iddia edən erməni alimləri Y.A.Manandyan [6]və S.T.Yeremyanın [7]fikirlərini əsassız edir.

Təsdiqetmə (bu mərasim təyin edilənin başına əl çəkməklə yerinə yetirildiyi üçün onu əlqoyma da adlandırırlar) məsələsi ölkənin kilsəsində olan yepiskopların sayına görə müəyyənləşdirilirdi.

325-ci ildə çağırılmış ümumdünya I Nikeya məclisinin qərarına görə yepiskopluğa keçirilmə həmin yeparxiyanın bütün yepiskoplarının razılığı ilə baş verirdi; əgər bütün yepiskopların yığışması çətinlik törədirdisə, onda mütləq ən azı üç yepiskopun iştirakı və iştirak etməyənlərin yazılı razılığı tələb olunurdu. Nəticə, mitropolitin təsdiqinə təqdim olunurdu.

Erməni katolikosları Qriqoridən başlayaraq erməni hökmdarı Papın dövrünədək Kesariyədə təsdiq olunurdular. Böyük Ermənistanın qeyri-sabit siyasi vəziyyəti, Bizans imperiyası və İrandan az və ya çox dərəcədə daimi asılılığı onun kilsəsini də müvafiq vəziyyətə salırdı. N.Adontsa görə "Qriqoridən başlayan erməni kilsəsinin ilk əsrindəki Ermənistanın IV əsrin sonunda bölünməsinədək olan müddətdə Ermənistan əsasən imperiyanın (Bizansın) protektoratlığı altında idi və ona görə də onların kilsə əlaqələri daha sıx idi" [8], yəni, erməni kilsəsi imperiya kilsəsindən asılı idi. Albaniyanın müstəqil vəziyyəti isə alban kilsəsinin avtokefallığını təmin edirdi.

Alban kilsəsinin faktiki vəziyyəti 451 -ci ildə Xalkedonda çağırılmış IV ümumdünya kilsə məclisindən sonra hüquqi cəhətdən qanuniləşdirildi. Məhz bu zaman xristian dünyasının Qərb və Şərq kilsələri arasında, əsasını iyerarxik mübarizə təşkil edən ehkamçı mübarizə (monofizilərlə diofizitlər arasında) başlandı.

Bu dövrdə alban kilsəsi Qafqazın digər kilsələri ilə birlikdə Xalkidonda gedən ehkamçı mübahisələrə öz münasibətini açıqlaya bilmədi, belə ki, elə həmin vaxt, onun başı Zərdüşt dini ilə mübarizəyə qarışmışdı.

Azərbaycanda İslamın yayılması və Alban kilsəsinin zəifləməsi

VIII əsrdən etibarən Azərbaycanın Şimal hissəsi ərəblərin və İslamın təsir dairəsinə düşdü. Lakin Albaniya əhalisinin xeyli hissəsi hakim sülalənin nümayəndələri Mihranilərlə birlikdə dövlət dini elan edilmiş xristianlığa etiqad edirdilər. Qonşu xristian ölkələrində olduğu kimi, burada da yunan diofizi dini etiqadından kənara çıxan müxtəlif bidətçi cərəyanlar fəaliyyət göstərirdi; bu cərəyanların qriqorian təriqətinə düşmən olan üzvləri bu dövrdə amansızlıqla təqib olunurdular. Alban kilsəsinin təqib olunmasında, onun sərbəstlik və müstəqillik hüququnun pozulmasında Erməni Qriqorian Kilsəsi xüsusi rol oynayırdı. Alban kilsəsini öz nüfuzuna tabe etmək istəyən erməni katolikosları məqsədlərinə çatmaq üçün, Sasanilər dövründə olduğu kimi, ərəb hökmranlığı dövründə də Xilafətin hərbi qüvvələrinin köməyinə əl atırdılar. Cənubi Qafqazda özlərinə arxa axtaran Əməvilər ermənilər və albanlar arasındakı təfriqəçilikdən bacarıqla istifadə edərək, alban kilsəsinin erməni kilsəsinə tabe olunması üçün şərait yaratdılar.

Sonralar diofiziliyə qarşı hər yerdə mübarizə aparan erməni kilsəsi alban ruhanilərini öz mövqelərindən sıxışdırıb çıxartdı və ölkənin ərəblər üçün əlçatmaz dağ yerlərində yaşayan alban əhalisini qriqorianlaşdırmağa başladı. Bu proses nəticəsində, ərəb müəlliflərinə görə, hələ X əsrdə də Bərdə və onun ətraflarında işlədilən alban-arrani dili, eləcə də alban ədəbiyyatı abidələri tədricən yoxa çıxdı.

Ancaq qriqorianlaşdırma prosesi və bunun nəticəsi olan erməniləşdirmə albanların kəskin müqaviməti ilə üzləşdi. XIII əsrdə Gəncədə yaşamış, mənşəcə alban olan tarixçi Kirakos Gəncəli yazırdı ki, yalnız alban "rəislərinin", yəni zadəganların çoxu erməni dilini bilir və bu dildə danışırdılar. Deməli, hətta XIII əsrdə belə, Albaniya əhalisinin hamısı erməni dilini bilmir və öz ana dilində danışırdı.

İ. P.Petruşevskinin haqlı qeydinə görə, erməni kilsəsi Albaniyada "ölkəni erməniləşdirmək aləti olmuşdu. Onun bu rolu VIII əsrin başlanğıcından etibarən, yəni erməni monofizi [kilsəsinin] katolikosu Yeqiya (İliya) xəlifənin köməyi ilə xalkidonçuluq (diofizilik) mövqeyində duran alban katolikosu Nersesi devirdikdən və ermənipərəstlər – monofizilər tərəfindən Albaniyada xalkidonçuluq (pravoslav yunanpərəst və gürcüpərəst) hərəkatı yatırıldıqdan sonra xüsusüə nəzərə çarpırdı, bu hərəkat ruhanilər və knyazların bir hissəsi tərəfindən alban kilsəsinin erməni kilsəsindən müstəqilliyini qorumaq cəhdini əks etdirirdi".

Bu vaxtdan etibarən, xristian qaydası ilə ruhanilərin başına əl qoyub, onları keşişliyə keçirmək hüququ alban katolikoslarından erməni katolikoslarına keçir; Moisey Kalankatlının yazdığına görə, Albaniyada bundan sonra xalkidonçuluğa rəğbət bəsləyən hər kəs "qılıncla və əsarətdə məhv edilməli" idi. Bəzi tədqiqatlarda işlədilən "erməni Albaniyası", "erməni albanları" ifadələri elə buradan törənmişdir.

Beləliklə, keçmiş alban vilayətləri, o cümlədən Artsak (indiki Qarabağın dağlıq hissəsi) İ. P. Petruşevskinin gəldiyi nəticəyə görə, "heç bir zaman erməni mədəniyyəti mərkəzlərinə mənsub olmamışdır". Məşhur erməni tədqiqatçısı N.Adontsun fikrincə. "Artsak həmişə erməni nüfuz dairəsindən kənarda olmuşdur". İ. P. Petruşevskinin yazdığına görə, "erməni kilsəsi Arran xalqlarının erməniləşmiş nəsilləri arasında heç olmazsa Sünikdə Orbelyanların nahararlığı dövründə və sonralar göstərdiyi mədəni təsiri göstərə bilmədi".

1511-ci ildən 1836 – c ilə – Alban Həvari Kilsəsi Rusiya Sinodunun qərarıyla ləğv edilənə kimi alban katolikoslarının iqamətgahı olmuş Gəncəsər monastırı

Beləliklə, erməni kilsəsi, ərəb işğalçılarının köməyilə, VIII əsrin başlanğıcından etibarən ərəb vilayəti Arrana çevrilən keçmiş Albaniyanın xristian əhalisini qriqorianlaşdırmağa başladı. Çox uzun sürən bu proses Eçmiadzinin dəfələrlə müraciətindən sonra alban katolikosluğunun çar Rusiyası tərəfindən 1836-cı ildə ləğv edilməsi ilə başa çatdı. Bu gün tarixi Azərbaycan ərazisinin (tarixi Sünik, Artsak, Xaçın, eləcə də müasir Qarakilsə, Basarkeçər və s. yerlərin) bəzi kəndlərinin köklü (sonradan köçüb gəlmə yox) erməni əhalisi "erməni kilsəsinin etiqadına qoşulmuş və ermənilərə qarışmış" (A.İohannesyan) albanların nəsillərindəndir. Bu yaxınlaradək onların qonşuluğunda yaşayan, indi isə erməni təcavüzü nəticəsində qaçqına çevrilən azərbaycanlıların bir qismi isə müxtəlif səbəblərdən islamı qəbul etmiş, həmin ermənilərdən yalnız dilləri ilə fərqlənən qədim alban soylarındandır [9].

İyerarxik münasibətlər

Cənubi Qafqazın digər kilsələri kimi, alban kilsəsi də ilk üç ümumdünya kilsə məclislərinin qərarlarını qəbul etdi. 325-ci ildə Nikeyada çağırılmış ümumdünya məclisi bidətçi Ariyin küfrünü lənətlədi; müəyyən düzəliş və əlavələrdən sonra Ariyin təliminin əksinə olaraq Xristosu Allahın oğlu, xəlq olunmamış [Allah]-Ata ilə eyni mahiyyətli sayılan din rəmzini qəbul etdi. Moisey Kalankatlının məlumatına görə, dinin bu rəmzi alban kilsəsi tərəfindən qəbul olundu.

381-ci ildə Konstantinopolda ancaq şərq kilsəsi nümayəndələrinin iştirak etdiyi II ümumdünya kilsə məclisi çağırıldı. Məclis ariyanlığı daha da inkişaf etdirərək Müqəddəs Ruhun xəlq edildiyini sübut edən Makedoniyin küfrünü mühakimə etdi. Müqəddəs Ruhun Allah-Ata və Allah-oğulla eyni mahiyyətliliyi haqqında təlimi yenidən irəli sürdü. Ümumdünya kilsə məclisinə görə patriarxlar içərisində Roma patriarxından sonra ikinci yeri Konstantinopol patriarxı tutdu; lakin daha qədim şərq patriarxları bununla razılaşa bilməzdilər. 431-ci ildə Efesdə keçirilən III ümumdünya kilsə məclisi Nestorun təlimini (nestorianlığı) mühakimə etdi.

Bu zaman Bizans kilsəsinin özündə, xüsusilə də İsgəndəriyyədə nestorianlığa müqabil olaraq yaranan və inkişaf edən yeni cərəyan meydana çıxdı. Bu, sonralar alban kilsəsinin də etiqad etdiyi, xristianlığın monofizit cərəyanı idi. 451-ci ildə Xalkidonda keçirilən IV ümumdünya kilsə məclisində İisus Xristosda iki başlanğıcın – bitişməz olaraq, ayrılmaz şəkildə iki təbiətdə dərk edilən, tək doğulmuş Xristos Oğul və İlahi olduğu qəbul edildi. Xalkidon məclisinin qəbul etdiyi 28-ci qanun böyük narazılığa səbəb oldu. Əslində elə bu qanun yunan-Roma dünyasını parçaladı, bir çox Şərq kilsələrini imperiya kilsəsindən ayırdı. Bu qanuna görə, Konstantinopol patriarxına başqa tayfa və xalqların məskunlaşdığı Pont, Asiya və Frakiya yepiskoplarını təsdiq etmək hüququ verilirdi.

Alban tarixçisinin məlumatına görə, 491-ci ildə erməni, alban və gürcü kilsə nümayəndələrinin iştirak etdiyi yerli məclis Xalkidon məclisini pislədi. Gürcü tədqiqatçısı Z.N.Aleksidzenin fikrincə, Qafqaz kilsələri Xalkidon məclisinə münasibətlərini ilk dəfə 506-cı ildə Dvində çağırılmış məclisdə bildirdilər; alban, erməni və gürcü kilsə iyerarxları, məhz burada, Bizans hökmdarlarının məqsədi diofızilərlə monofizilər arasında razılıq əldə etmək olan birləşdirici siyasətinə tərəfdar çıxdılar. 551-ci ildə yenə də Dvində keçirilən məclisdə erməni kilsəsi kimi alban kilsəsi də Bizans imperiya kilsəsi ilə əlaqələri kəsdi və hüquqi cəhətdən avtokefal kilsəyə çevrildi. Sasanilərin fəal iştirakı ilə bu ölkələrdə monofizi təriqəti qalib gəldi.

Gürcü kilsəsi isə özünün əvvəlki mövqeyində – mülayim xalkidonçuluqda qaldı.

Rəsmi təriqət tərəfdarlarını təqiblərə məruz qoyan Sasani şahları öz dövlətlərində Bizans kilsəsi ilə mübarizə aparan müxtəlif təriqətləri müdafiə etməyə başladılar.

O dövrdən etibarən alban kilsəsinin başçısı hüquqi olaraq katolikos (arxiyepiskop, patriarx) adlanmağa başladı. Faktiki olaraq o, xeyli əvvəldən bu titula sahib idi. Albaniya şəraitində ali kilsə rütbələri – patriarx, katolikos və arxiyepiskop birmənalı terminlər kimi işlədilirdi. Halbuki yunan kilsə iyerarxiyasına görə patriarx və arxiyepiskop hər biri ayrılıqda müstəqil rütbələr hesab olunur, arxiyepiskop katolikos da adlana bilirdi. Yunan kilsə iyerarxiyasına görə doqquz rütbə olmalı idi. Albaniyada isə, Moisey Kalankatlıya görə, yeddi kilsə rütbəsi var idi [10].

Yeparxiyalar

Alban katolikosluğunun patriarxları 551-ci ildən "Albaniya, Lpina və Çola katolikosu" titulunu daşıyırdılar. IV əsrdə alban kilsəsinin mərkəzi paytaxt-şəhər Qəbələ, VI əsrdən isə yeni tikilmiş paytaxt Bərdə (Partav) oldu.

Yadelli qüvvələrin assimilyasiya siyasətinə qarşı dura biləcək alban kilsəsinin müstəqilliyinin bərqərar edilməsində, dini ayin və mərasimlərin möhkəmləndirilməsində, qeyri-xristian inam qalıqlarının məhv edilməsində, ruhanilərin maddi bazasının yaradılmasında, onların hüquqi və iqtisadi imtiyazlarının möhkəmləndirilməsində, albanların kilsə qarşısında maddi və dini öhdəliklərinin qanuniləşdirilməsində alban hökmdarı III Vaçaqanın 487-488-ci illərdə keçirdiyi Aquen məclisinin qərarları həlledici rol oynadı.

Kilsənin hakimiyyəti kilsə-inzibati vahidləri (yeparxiyalar, yepiskopluqlar) üzrə bölüşdürülürdü. Albaniyada yepiskopluğun ərazisi vilayətin ərazisini əhatə edirdi, yəni kilsə inzibati vahidi inzibati-ərazi vahidi ilə üst-üstə düşürdü. Lakin yepiskopluq hər vilayətdə yox idi. Məsələn, Artsakda on bir vilayət olduğu halda, yepiskopluqlar ancaq üç vilayətdə – Habandda, Mets-Koqmankda və Mets-İrankda var idi. Bəzən bütöv bir əyalət (nəhəng), Balasakanda (Paytakaranda) olduğu kimi, yalnız bir yepiskopluğa malik olurdu. Görünür bu, xristianlığın həmin yerdə yayılma dərəcəsindən asılı idi.

Yepiskopluqlar məsələsinin işıqlandırılmasında əsasən kilsə məclisləri aktlarının qalıqları qiymətli məxəz rolunu oynayır. Lakin bu aktlar da məclislərdə iştirak etmiş yepiskopların sayını tam əks etdirmir, bu cəhət daha çox VI əsrin sonlarından etibarən çağırılan məclislərin siyahılarına xasdır. Həmin vaxtdan dini ixtilaflar dövrü başlayır, ölkə ehkamçı partiyalara bölünür; məhz buna görə kilsənin bir çox nümayəndələri bu və ya digər məqsədlə məclislərdə iştirak etmirdilər. Kilsə ixtilafları VIII əsrədək davam etmişdir.

V əsrdə və ondan sonrakı dövrlərdə çağırılan məclislərin siyahılarının təhlili kilsə inzibati vahidlərinin artdığına dəlalət edir; bu da, həm yeni yepiskopluqların meydana çıxmasında, həm də mövcud yepiskopluqların xırdalanmasında təzahür olunur. Belə ki, V əsrdən VIII əsrədək Haband vilayətinin yepiskopluğu Haband (Amaras) şəhərində yerləşirdi, VIII əsrdən etibarən Amaras vilayətə, həm də müstəqil Amaras yepiskopluğuna çevrilir, Haband isə ayrıca yepiskopluq kimi qalır. V-VIII əsrlərdə Albaniyada 12 yepiskopluq vardı: Kabalaka (Qəbələ), Qaşua, Yeuta, Amaras Tsri, Balasakan, Şəki, Girdiman, Mets-Koqmank, Mets-İrank, Haband, Partav (Bərdə).

Ehkam baxımından gürcü kilsəsi kimi, alban kilsəsi də sabit olaraq monofiziliyə tərəfdarlıq etmirdi. Sasanilərin Cənubi Qafqazdakı siyasi nüfuzlarının düşməsi monofizilərin kilsə hegemonluğunun dağılması ilə müşayiət olunurdu. VI əsrin sonu – VII əsrdə Cənubi Qafqazda Bizansın siyasi nüfuzunun güclənməsi ilə əlaqədar olaraq alban kilsəsi gürcü kilsəsi ilə birlikdə diofiziliyə qoşuldu.

607-ci ildə keçirilən Dvin məclisində gürcü kilsəsi özünün xalkidonçuluq məzhəbini tutduğunu və rəsmən erməni kilsəsindən ayrıldığını bəyan etdi. Alban kilsəsi isə rəsmi surətdə erməni kilsəsindən ayrılmasa da onun bəzi icmaları və yepiskopluqları xalkidonçuluğa tərəfdar çıxırdılar.

Cənubi Qafqazın ərəblər tərəfindən fəthindən sonra, VIII əsrin əvvəllərində işğalçıların təzyiqi və erməni kilsəsinin fəal iştirakı ilə alban kilsəsi diofiziliklə əlaqəsini kəsdi. Xristian əhalisinə qarşı ardıcıl olaraq Sasanilərin siyasətini davam etdirən Xilafət Bizans təsirinin güclənməsinin qarşısını almaq məqsədilə monofizi məzhəbini müdafiə etdi. Siyasi məqsədlər güdən ərəb üsuli-idarəsi tabeliyində olan xristian əhalisi və kilsələrinin fəaliyyətini uzlaşdırmağa çalışaraq, erməni ruhanilərinin köməyi ilə alban kilsəsini monofizi kilsəyə çevirdi və 705-ci ildə iyerarxiya baxımından onu monofizi erməni kilsəsinə tabe etdi. Bu asılılıq özünü əslində bərabər mənsəbli iki din xadimindən birinin – erməni katolikosunun alban katolikosunu öz vəzifəsində təsdiq etməsində göstərirdi. Bu isə faktiki olaraq iyerarxik prinsipin pozulması demək idi.


Tarix: 07.03.2013 / 15:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1289 Bölmə: Kilseler
loading...