Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi Hun İmperiyası

Böyük Hun İmperiyası dağılandan sonra hun tayfaları (qərbə doğru hərəkət edib) Volqa və Ural çayları ətrafındakı torpaqları ələ keçirdilər. Onların qərbə doğru əziyyətli yürüşü sonra da uzun müddət davam etdi. Hunların və digər xalqların qərbə axını "Xalqların böyük köçü" adlanır.

"Xalqların böyük köçü" eramızın IV əsrindən hunlarla başlayaraq VI əsrə qədər davam etdi. Hunlar Böyük Çin səddindən Fransaya qədər gedib çıxmışdılar. "Xalqların böyük köçü" VI əsrdə slavyanların Bizans imperiyasında məskunlaşması ilə başa çatdı. 370-ci ildə hunlar qərbə doğru hərəkət edərək Don sahilində alanları məğlub etdilər. Hunlar Krımda ostqot tayfaları ilə üzləşdilər. 371-ci ildə ostqotlar məğlub oldular, onların başçısı Germanirix bu məğlubiyyətə dözməyib özünü öldürdü.

Hunlar Dnestr çayı sahillərində yaşayan vestqotlarla qarşılaşdılar. Hunlar çayı keçib vestqot kralı Atanarixin ordusuna arxadan zərbə vurdular, o isə ordusu ilə Roma İmperiyasının himayəsinə keçdi. Onun hunlara qarşı tikdirdiyi "Atanarix səddi" indi də qalmaqdadır.

400-cü ildə hunlar Dunay çayı sahilinə çatdılar və burada digər qot tayfalarını məğlub etdilər. Bir sıra xalqlar hunlara qoşuldu, hunlar qüvvətləndi. Hunlar Pannoniyada qərarlaşdılar. İdil (Volqa) çayından Dunay çayına qədər ərazini ələ keçirdilər. Hun hökmdarı Balamir (374-400) ordunu möhkəmləndirdi.

Hunların digər bir hissəsi 395-ci ildə Dərbənd keçidindən keçərək Cənubi Qafqaza və Ön Asiyaya yayıldılar. Onlar Dəclə və Fərat çayları arasını, Suriya, Fələstin ərazisini tutdular. Çoxlu qənimət ələ keçirdikdən sonra "yanar odlar"ın (Abşeron yarımadasının) yanından keçərək geri qayıtdılar. Hunların bir hissəsi Azərbaycan ərazisində məskunlaşmış, Azərbaycan xalqının formalaşmasında iştirak etmişlər.

Balamirin ölümündən sonra yerinə Ulduz xan (400-410) keçdi. O, 404-409-cu illərdə Bizans üzərinə hücum etdi. Bizans sülh bağlamağa məcbur oldu. Onun ölümündən sonra hakimiyyətə Qaradon xan keçdi. O, daha çox dövlətin sərhədləri ilə məşğul olmuşdur. Onun yerinə keçən Muncuq xan çox yaşamadı, oğlu Atilla çox gənc olduğu üçün hakimiyyətə əmisi Rua keçdi. Atilla əmisinin bütün hərbi səfərlərində iştirak etdi və özünü bacarıqlı sərkərdə kimi göstərdi.

Atillanın Avropada işğalları

Rua öləndən sonra hakimiyyətə Atilla (434-452) keçdi. O, Bizans imperatorunun 434-cü ildə göndərdiyi elçiləri Dunay sahilində, Konstant divarları yanında atın üstündə qarşıladı və sülhün şərtlərini özü diktə etdi. Bizans hunlara tabe olan xalqlarla əlaqə saxlamamalı, hunlardan qaçıb Bizansda gizlənənləri geri qaytarmalı və yaxud hər biri üçün 8 librə qızıl verməli idi. Hər iki ölkə müəyyən edilmiş sərhəd zonasında sərbəst ticarət edə bilərdi. Bizans 700 librə qızıl verməli idi. Bundan sonra Atilla dövlətin şərq sərhədlərinə getdi. Atillanın dövlətinin sərhədləri şərqdə İdilə, qərbdə Reyn çayına, şimalda Baltik dənizinə, cənubda Balkan yarımadasına çatırdı. Buraya müxtəlif tayfalar və xalqlar daxil idi. Bu imperiyaya Rumıniya, Yuqoslaviya, Macarıstan, Avstriya, Almaniyanın bir hissəsi daxil idi.

Bizansla münasibətlər

Roma İmperiyası zəifləmiş, xalqların ona qarşı üsyanları güclənmişdi. Burqundiyada baş verən üsyan Atilla tərəfindən yatırıldı və onun kralı öldürüldü, ərazisi Hun dövlətinə qatıldı. Atilla əvvəl Qərbi Roma İmperiyasını, sonra isə Bizansı tutmağı planlaşdırmışdı. O, iki ilə 200 minlik ordu (140 mini hunlar idi) hazırladı. Bizans sülhün şərtlərini pozduğu üçün 447-ci ildə Atilla ikinci dəfə Balkana yürüş etdi. Konstantinopolu mühasirəyə aldı. İmperator II Feodesi sülh üçün elçi göndərdi və Atillanın bütün şərtləri qəbul edildi. İmperator birdəfəlik 6 min, hər il isə 2 min librə qızıl miqdarında təzminat verməli oldu. Dünayın cənub ətrafındakı torpaqlar da hunlara verildi. 447-ci il sülhü Bizans üçün çox ağır oldu və onu xeyli zəiflətdi.

Bundan sonra Atillanın əsas hərbi səfəri Qərbə oldu. Atilla nişanlısı Honoriyaya imperiyanın düşən hissəsini istədi. İmperator bu təklifi rədd etdi. Bu isə müharibəyə səbəb oldu. Atilla 200 min ordu ilə Fransada Orleana qədər irəlilədi. Burada 451-ci ildə Katalaunda uşaqlıq dostu Aetsinin başçılıq etdiyi Roma ordusu ilə qanlı döyüşə girdi. Hər iki tərəfdən 160 min əsgər öldürüldü və hər iki ordu geri çəkildi. Atilla 452-ci ildə Roma darvazaları qarşısına gəldi. Papa III Leon böyük bir elçi ilə onun yanına gəldi və şəhəri dağıtmamağı xahiş etdi. Romalılar onların şərtlərini qəbul etdi. Atilla şəhərə toxunmayıb oranı tərk etdi. 453-cü ildə Atillanın burnundan qan açıldı və qəfildən öldü. Bundan sonra Hun dövləti zəiflədi və 470-ci ildə dağıldı. Onun yerində Bulqar, Suvar, Avar və Xəzər xaqanlıqları kimi yeni dövlətlər yarandı.

Qərbi Hun İmperiyası hərbi-feodal dövlət idi. O, hərbi qənimətlərlə yaşayırdı və təsərrüfatı çox zəif idi. Onlarda qəbilə-tayfa münasibətləri güclü idi. Bir neçə qəbilə və tayfa birləşməsi bir "el" təşkil edirdi. Qoşun bu prinsip üzərində qurulmuşdu. Onlarda ev qulları var idi. Onlar böyük mal-qara sürülərinə malik idilər. Təsərrüfatın əsasını köçəri maldarlıq təşkil edirdi. Keçi tükündən kəndir toxuyur, ondan döyüşdə və atı tutmaq üçün kəmənd kimi istifadə edirdilər. Yundan keçə toxuyurdular və bununla alaçıqların üstünü örtürdülər. Onlar qızıl və gümüş əşyalar düzəltməkdə avropalılardan qabaqda idilər.


Tarix: 05.03.2013 / 13:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 931 Bölmə: Dunya ve tarixi
loading...