beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

II Şah Təhmasib

II Şah Təhmasib (farsca: طهماسب) və ya Şah II Təhmasib (3 dekabr 1704 – 1740) — Səfəvilər dövlətinin 10-cu şahı (hökmranlıq illəri: 1722-1732) və Şah Sultan Hüseynin III oğlu.Mündəricat
1 Həyatı
2 II Şah Təhmasib və Nadirqulu xan Əfşar
3 II Təhmasibin ölümü
4 Mənbə
5 Ədəbiyyat
6 Həmçinin bax
7 Xarici keçidlər


Həyatı

II Şah Təhmasib 3 dekabr 1704-cü ildə İsfahanda doğuldu. Şah Sultan Hüseynin oğlu olan II Şah Təhmasib əfqanların əlindən qaçıb şahlığa yiyələndi. 1726-ci ildə II Şah Təhmasib Səfəvi və Fətəli xan Qovanlı-Qacar Məlik Mahmudu devirib, burada İran şahının hakimiyyətini bərpa etməkdən ötrü böyük qoşunla Xorasana gəlir və Nadirqulu bəy onlarla birləşir. II Şah Təhmasib Nadirqulu bəyi Xorasanda öz canişini təyin edir. Bundan sonra Nadirqulu özünə Təhmasibqulu xan adını götürür. O, Təhmasibə ilk növbədə təsir qüvvəsi get-gedə böyük sürətlə artıran Fətəli xan Qacarı neytrallaşdırmaqdan ötrü lazım idi. Ancaq şah (heç Nadirin özü də ondan geri qalmırdı) bununla da kifayətlənmir. Məlik Mahmud idarəçiliyinin mərkəzi Məşhəd alınan zaman II Şah Təhmasibin əmri ilə Fətəli xan Qovanlı-Qacar öldürülür.

II Şah Təhmasib və Nadirqulu xan Əfşar

XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqan işğalı altına düşmüşdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Osmanlı İmperiyası tərəfindən işğal olunmuşdu. Rusiya da Qafqazda böyük fəallıq göstərməyə başlayırdı. 1723-cü ildə I Pyotr Bakı üzərinə yürüş etmiş və Xəzərboyu əraziləri zəbt etmişdi.

Faktiki olaraq, Mazandaran vilayətindən başqa heç yer müstəqil deyildi. Burada isə hələ Səfəvilərin hakimiyyətinin sonlarından bəri möhkəmlənmiş Fətəli xan Qacar hökmranlıq edirdi. O, Səfəvi şahı Sultan Hüseynin əfqanların əlindən qurtulmuş oğlu Təhmasibi öz sarayında saxlamışdı. Az sonra Təhmasib özünü şah elan edir.

Ölkədə qərarlaşmış vəziyyət həm kəndlilər, həm şəhər əhalisi, həm də zadəganlar arasında haqlı narazılıq doğururdu. Bu narazılıq get-gedə artırdı. Bircə işğalçılara qarşı mübarizədə rəhbərliyi öz üzərinə götürə biləcək lider çatışmırdı. Nəhayət, belə bir lider də tapıldı. Bu, o zaman çox da tanınmayan Nadirqulu xan Əfşar idi. İranın gələcək şahı Nadirqulu xan türk tayfalarından əfşarların Qırxlı boyundan idi. Onun əcdadları hələ I Şah İsmayıl zamanında Azərbaycandan Xorasana köçürülmüşdülər. Nadirqulu da 1688-ci ildə burada kasıb bir ailədə doğulmuşdu. Hələ on səkkiz yaşı tamam olmamış bu gənc anası ilə birlikdə Xarəzm özbəklərinin yürüşlərindən birində əsir götürülür və qul edilir. Çox keçmədən əsirlikdən qaçıb Xorasana qayıdan Nadirqulu Əbivərd hökmdarı Baba Əli bəyin yanında qulluğa götürülür. O, başına kiçik bir dəstə toplayıb, Xorasan əyalətlərinin bir neçəsini tutduqdan sonra özünü Nadirqulu bəy adlandırmağa başlayır. Nadirqulu bəyin hünərvər Xorasan yürüşlərinin qarşısı qüdrətli feodal Məlik Mahmud tərəfindən dayandırılır. Nadirqulu kömək üçün şah I Təhmasibə müraciət edir. 1726-cı ildə şah Təhmasib və Fətəli xan Qacar Məlik Mahmudu devirib, burada Səfəvi şahının hakimiyyətini bərpa etməkdən ötrü böyük qoşunla Xorasana gəlir və Nadirqulu bəy onlarla birləşir.

II Təhmasib Nadirqulu bəyi Xorasanda öz canişini təyin edir. Bundan sonra Nadir özünə Təhmasibqulu xan adını götürür. O, Təhmasibə ilk növbədə təsir qüvvəsi get-gedə böyük sürətlə artan Fətəli xan Qacarı neytrallaşdırmaqdan ötrü lazım idi. Ancaq şah (heç Nadirin özü də ondan geri qalmırdı) bununla da kifayətlənmir.

Məlik Mahmud idarəçiliyinin mərkəzi Məşhəd alınan zaman şah Təhmasibin əmri ilə Fətəli xan öldürülür. Çünki Nadir onu Fətəli xanla Məlik Mahmud arasında gizli sövdələşmə olduğuna inandırmışdı. Bundan sonra Nadirqulu xan şahın silahlı qüvvələrinin baş komandanı təyin olunur. Bir qədər keçmiş Nadir Məlik Mahmudun qoşunlarını əzərək, onun özünü qətlə yetirir. Bundan sonra Nadirin saraydakı mövqeyi güclü şəkildə möhkəmlənir.

Hadisələrin sonrakı inkişafı göstərir ki, artıq 1727-ci ildən Nadir şah Təhmasiblə də əlaqələri tam qırır və bütün Xorasanda özünün hökmranlığı uğrunda mübarizəyə başlayır. Nadir nəzarətdən çıxmış kürd və türkmən qəbilələri və şah qoşunları üzərində bir neçə qələbə qazanır. Şah özünün məğlubiyyətini etiraf edir və barışıq üçün yollar axtarır. Bu arada Nadir bir sıra qətiyyətli yürüşlər vasitəsilə bütün şimal-şərqi İranı birləşdirir. İrandakı əfqan şahı Əşrəf də artıq onun qalibiyyətli yürüşlərindən narahatlıq keçirməyə başlayır. Əşrəf öz qoşunlarını Xorasana, Nadirin üzərinə yeridir. 1729-cu ilin 30 sentyabrında Mimandost çayı sahilindəki döyüşdə (Mimandost döyüşü) Əşrəfin qoşunları darmadağın edilir. Bu parlaq qələbəsi ilə də Nadir ölkənin yadellilərdən təmizlənməsi uğrunda mübarizəsinin başlanğıcını qoyur. Əşrəfin qoşunları Tehrana doğru geri çəkilərək, oradan da İsfahana yönəlirlər. Nadirin əfqanlarla haqq-hesab çəkəndən sonra Azərbaycan üzərinə yeriyəcəyini anladığı üçün Osmanlı sultanı, Əşrəfin köməyinə böyük bir ordu göndərir.

Nadirlə Əşrəf arasında Həlledici döyüş 1729-cu ilin 13 noyabrında İsfahan yaxınlığında (İsfahan döyüşü) baş verir. Bu dəfə Nadir birləşmiş əfqan-türk qoşunları üzərində parlaq qələbə qazanır. Onların gözü elə qorxur ki, həmin gün bir daha döyüşə girməyib İsfahandan çəkilirlər. Nadir təntənəli şəkildə şəhərə girir və öz əlləri ilə Səfəvi tacını şah Təhmasibin başına qoyur. Üstündən bir qədər keçəndən sonra Nadir öz qoşunlarını əfqanları təqib etməkdən ötrü Fars vilayətinə göndərir. Qaçaqaçda Əşrəf öldürülür və bu da döyüşün taleyini həll edir.

Ölkənin şərqi tamamilə təmizlənir. İndi qarşıda yalnız Azərbaycanı və onun yaxınlığındakı torpaqları Osmanlı türklərindən azad etmək qalırdı. 1731-ci ildəki hərbi əməliyyatlar nəticəsində Nadirqulu xan osmanlıları əzərək, Azərbaycanı, Həmədanı və Kirmanşahı azad edir. Osmanlılar yalnız Arazdan şimalda qalırlar.

Təhmasib özünün zəifləmiş nüfuzunu bərpa etməkdən ötrü həmin əyalətləri şəxsən azad etmək qərarına gəlir. Ancaq məğlub olaraq, 1731-ci ildə ölkə üçün biabırçı bir sülh müqaviləsi (Kirmanşah müqaviləsi) bağlayır. Həmin müqaviləyə əsasən, Araz çayının şimalındakı bütün ərazilər, eləcə də Kirmanşahın bir sıra əyalətləri osmanlılara verilirdi.

II Təhmasibin ölümü

1740-cı (h.q. 1152) ilin baharında İraqda şayiə yayıldı ki, Hindistanda İran ordusuna qorxulu xəstəlik düşüb, Nadir şah özü də həlak olub. Sonradan İranda olan hindlilər tərəfindən xalq arasında vahimə yaratmaq xatirinə, belə cürbəcür şayilər yayılırdı. Həmin ilin axırlarında Nadir şahın ölüm xəbəri çox genişləndi. Rzaqulu mirzənin yaxın adamlarından biri olan Məhəmməd Hüseyn xan Qacar onu təhrik elədi ki, ehtiyatla Şah Təhmasib və iki oğlunu öldürsün. Ona görə ki, Nadirin ölümü doğru olsa; Səbzivarda Səfəvi məhbuslarının xeyrinə qiyam atəşi alovlanacaq və onun da odu surətlə ölkənin hər yerinə yayıla bilər, bunun da nəticəsi nayibüssəltənə üçün qorxulu ola bilər. Bəzi dövlət adamları, o cümlədən Rəhim sultan Mərvi Məhəmməd Hüseyn xanın dediklərini təsdiq etdi. Rzaqulu Mirzə iki gündən sonra sabiq Səfəvi şahı Təhmasib və iki oğlunu öldürməyi qərara aldı. Məhəmməd Hüseyn xanı bu işi yerinə yetirmək üçün Səbzivara göndərdi. Məhəmməd Hüseyn xan, Şah Təhmasib və ailəsi həbs olunan binaya daxil olan kimi Şah Təhmasib hadisəni ailəsinə bildirdi, ailədən nalə, ağlaşma səsi göyə ucaldı.Zalım Məhəmməd Hüseyn xan həyasızlıqla içəri girib gətirdiyi iplə Şah Təhmasibi boğdu. Təhmasibin 8 yaşlı oğlu Abbas Mirzə ozünü atasının cənazəsinin üstünə atdı, Məhəmməd Hüseyn xan onu da rəhimsizcəsinə boğdu, ikinci oğlu İsmayıl Mirzəni quyuya atdı, bir adamın bu bədbəxt uşağa ürəyi yanıb, onu quyudan çıxardı. Yazıq uşaq qaçıb aradan çıxmaq əvəzinə gəlib özünü ata və qardaşının cənazəsini üstünə yıxdı. Cəllad Məhəmməd Hüseyn xan İsmayıl Mirzənin başını kəsdi. Bu məsələ Səbzvarda böyük şivən və dəhşətə səbəb oldu. Əhali bir neçə gün matəm saxladı. Sonra öldürülənlərin üçünün də cənazəsini Məşhədə aparıb dəfn etdilər.

Mənbə

Ədəbiyyat
Azərbaycan Tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı. "Elm". 2007. 592 səh. + 56 səh. illüstrasiya.
Azərbaycan Tarixi. (9-cu sinif üçün dərslik). Bakı. "Aspoliqraf". 2005. 256 səh.
Azərbaycan Tarixi. I cild. (ən qədim zamanlardan XX əsrədək). Bakı. "Azərnəşr". 1994. 680 səh.
R.Savory. Iran under the Safavids. Kəmbric. 1980.
R.İ.Dadaşova. Səfəvilərin son dövrü (ingilisdilli tarixşünaslıqda). Bakı. «Nurlan». 2003. 393 səh.
J. R. Perry, “The Last Safavids, 1722-1773”. Iran IX. 1971.


Tarix: 01.03.2013 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 881 Bölmə: Dunya ve tarixi