Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şah Abbasın şəxsiyyəti

XIX əsrin görkəmli Azərbaycan tarixçisi, şair və ictimai xadimi Abbasqulu ağa Bakıxanov Azərbaycan tarixinə həsr etdiyi məşhur "Gülüstani-İrəm" əsərində şah Abbasın hakimiyyət dövrünə qiymət verərkən yazır: "Müdrik dövlət idarəçiliyi və quruculuq işləri ilə şöhrət qazanan şah Abbas elə mülki və hərbi qayda-qanunlar qoyub gedib ki, fars şahları indi də onlardan istifadə edirlər. Hətta hökmdarların ləyaqətinə ciddi yanaşan Avropa tarixçiləri də bir elm və sənət hamisi olaraq, şah Abbası "Böyük" sözü ilə xatırlayırlar. Bu böyük insanın adını ədalət və müdriklik rəmzi sayan Asiya xalqlarında isə o, az qala bütləşdirilir. Şah Abbas o qədər ictimai binalar ucaldıb ki, Şərqin heç bir hökmdarı bu barədə onunla ayaqlaşa bilməz. Bütün Fars və Zaqafqaziya diyarı boyunca şəhərlərdə tikilən məscid və məktəblər, düzəngahlarda salınan karvansara və su kəmərləri onun nəcib əməllərindən hələ uzun zaman soraq verəcəkdir. Şah Abbas öz dövründə yaşamış bütün şair və alimlərlə dostluq etmiş, özü də indiyə qədər yüksək qiymətləndirilən şerlər yazmışdır."

Şah Abbasın xalq arasında populyarlığı o qədər yüksək olub ki, o, Azərbaycan nağıl və dastanlarının daimi qəhrəmanına çevrilmişdir. O özü şerlər yazmaqla yanaşı alimlərə, həkimlərə, şairlərə və rəssamlara hamilik edirdi. Bircə faktı xatırlatmaq yetər ki, Azərbaycan mədəniyyətinin şairlərdən Məsihi və Saib Təbrizi, xəttat və rəssamlardan Sadıq bəy Əfşar, Əlirza Təbrizi, "İmad ül müluk" (dövlətin dayağı) adlandırılan Mir Məhəmməd Qəzvini kimi nümayəndələri onun sarayında çalışmışlar. Onun sarayında "çalçıbaşı"nın rəhbərlik etdiyi saray orkestri fəaliyyət göstərirdi. Abbasın "şah kitabxanasında" dini və dünyəvi məzmunlu hədsiz-hesabsız kitab saxlanırdı. Buranı "çiçəklənən kitabxana" adlandırırdılar. Kitabxananın kələntəri-rəhbəri əvvəlcə görkəmli Azərbaycan rəssamı, şair və tarixçisi "Kitabdar" ləqəbli Sadiq bəy Əfşar idi, ondan sonra isə bu vəzifəyə "Abbasi" titulu verilmiş və "Şah nəvaz" adlandırılan xəttat və şair Əlirza Təbrizi gətirildi. Əlirza Təbrizi bir müddətdən sonra, görünür, şah Abbasın İsfahanda ucaltdığı saray və məscidlərin işlənməsində yaxından iştirakı ilə əlaqədar onun ən yaxın adamlarından birinə çevrilmişdi. Həmin saray və binalar isə haqlı olaraq, Səfəvi memarlıq məktəbinin şedevrləri sayılır.

Şah Abbasın vaxtında İsfahan şəhəri yenidən planlaşdırılır. Düz və geniş küçələrdə gözəl saraylar, məscidlər, karvansaralar, yaşayış binaları, parklar salınır. Şəhərin mərkəzində öz əhatəsinə saray, park və şah məscidini alan irimiqyaslı düzbucaqlı formasında "şah meydanı" yaradılmışdı. 1616-cı ildə tikintisi başa çatdırılmış Şah məscidi dünyanın ən yaxşı memarlıq abidələrindən hesab olunur. Məscidin bütün binası müxtəlif rəngli minalı plitələrlə örtülmüşdür. Şah Səfi zamanında məscidə gümüşdən qapılar düzəldilmiş və bina mərmərlə üzlənmişdir. Meydanda hərbi oyun və paradlar keçirilir, habelə çovgən yarışları olurdu. Özünün planlaşmasına, binaların yerləşməsinə və hətta obyektlərin adlarına görə də həmin meydan Azərbaycanın digər paytaxt şəhərlərində Təbriz və Qəzvində salınmış "Şah Meydanları"nı təkrar edir. Həmin şəhərlərdəki kimi burada da "Şah məscidi", "Ali Qapı" sarayı, "Həşt behişt" sarayı, "Çehel Sütun " sarayı sarayları vardır.

İsfahanın yenidən qurulmasında əslən Azərbaycan türkü olan Şəmsəddin Məhəmməd Təbrizi, Qasım Təbrizi, Əbdüllətif Təbrizi, Əlirza Təbrizi, Molla Abdulla Təbrizi və başqa memarlar, xəttatlar və inşaat ustaları yaxından iştirak etmişlər. Azərbaycandan köçürülmüş sənətkar və ustaların yaşamasından ötrü şah Abbasın əmri ilə xüsusi məhəllə salınmışdı.


Tarix: 01.03.2013 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 455 Bölmə: Dunya ve tarixi
loading...