beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Udilər - Tarixi

Udilərin ulu babaları Qafqaz Albaniyası tayfalarından biri olan utilər olmuşdur. Udilərə aid ilk məlumat hələ 2500 il bundan əvvəl verilmişdir. Bu etnosun əcdadları olan utilər haqqında e.ə. V əsr yunan müəllifi Herodotun "Tarix" əsərində məlumat var. Marafon döyüşünü (b.e.ə. 490-cı ildə yunan-fars döyüşü) təsvir edən müəllif göstərir ki, fars ordusunda, XIV satrapinin tərkibində utilərin əsgərləri də vuruşurdular. E.ə. l əsrdə yaşamış Strabonun "Coğrafiya" əsərində Xəzər dənizi və Qafqaz Albaniyası haqqında məlumatında utilərdən danışılır. Udi sözünə termin kimi ilk dəfə Böyük Plininin (l əsr) "Həqiqi tarix" əsərində rast gəlinir. Ptolomeyin (ll əsr) "Coğrafiya" əsərində, Xəzər dənizinin ətrafında müxtəlif tayfaların, o cümlədən – udilərin yaşadığı göstərir. Udilər haqqında bəzi məlumatlara Qay Pliniy Sekunda, Aziniy Qvadrat və bir çox başqa qədim müəlliflərin əsərlərində rast qəlmək olar. Utilər Alban çarlığının yaranmasında mühüm rolu olan 26 alban tayfalarından biridir.

Utilər haqqında daha ətraflı VIII əsrdə yaşamış Moisey Kalankatuklunun "Alban tarixi" əsərində məlumat verilmişdir. O, özünü uti tayfalarına aid edir. O, Aranda 26 alban tayfalarının olması haqda məlumat verir: "Onun (Aranın) oğlundan Uti, Qardman, Çavdey, Qarqar knyazlıqları yaranmışdır".

Udilər Qafqaz Albaniyasının yaradıcısı olan 26 tayfadan biri olmaqla, həm də Qafqaz Albaniyasında başlıca rol oynayan tayfalardan biri idi. Buna görə də Qafqaz Albaniyasının payxtaxtları Qəbələ və Bərdə Udilərin Tarixən yaşadığı yerlər olub. Tərixən Udilər daha çox ərazilərdə məskunlaşmışdılar Xəzər dənizindən Qafqaz Dağlarınacan Kür çayının həm sağ həmdə sol tərəfində məskünlaşmışdılar. Qafqaz Albaniyasının Viləyətlərindən biri isə Uti adlanırdı. Qafqaz Albaniyasının Ərəblər tərəfindən zəbt ediləndən sonra Udilərin yaşadığı ərazilər və Udilərin sayı azalır.

Vll əsrdə ərəblərin işğal etdikdə və bütün ölkəni ərəb xilafətlinə qatanda əhalinin böyük hissəsinə, o cümlədən utilərə islam dinini qəbul etdirirlər. Lakin onların bir hissəsi əvvəlki inamlarını saxlayırlar. Hələ VI əsrdə aftokefal alban kilsəsini güclə öz tabeliyinə cəlb etmək cəhdlərinin olmuş, VII əsrdə ərəb xilafətinin icazəsi ilə erməni – qriqoryan kilsəsinin tərkibinə daxil edilmişdir. Alban katalikosunun qalmasına baxmayaraq, aktiv olaraq alban – xristianların etnik köklərinin dəyişdirilməsi və erməniləşdirilməsi siyasəti gedirdi. Nəticədə, Dağlıq Qarabağda onlar bütovlükdə öz dil və mədəniyyətlərini itirmiş oldular. Qəbələ və Oğuz ərazisində udilər öz adət - ənənlərini və dillərini (yazısız) qoruyub saxlaya bilmişlər.

Ehtimal etmək mümkündür ki, Şəki xanı Hacı Çələbi xanın vaxtında (1747-1755) Şəki xanlığı ərazisində cəmi 3 udin kəndi olub: 1.Vartaşen, 2.Cəlut, 3.Nic.

1824-cü ildə əhalinin siyahıyaalınması zamanı Nic kəndində (Bum mahalı) 1997 nəfər, (müsəlmanlar: 341 nəfər; qriqorian udinlər: 1656 nəfər), Vartaşen kəndində (Şəki mahalı) 3203 nəfər (müsəlmanlar: 282; qriqorian udinlər: 1067; provoslav udinlər: 706; yəhudilər: 1148 ) və Cəlut kəndində (Şəki mahalı) isə 1048 nəfər (müsəlmanlar: 218; qriqorian udinlər: 830) qeydə alınmışdır ki buna əsasən həmin vaxt Şəki xanlığı ərazidsində azı 4259 nəfər udinin yaşadığı məlum olur. Amma nəzərə alınmalıdır ki, bu siyahıyaalma sənədlərində bütün müsəlmanlar "tatar", qriqoryan xristianlar "erməni", provoslavlar isə "gürcü" kimi qeydə alınmışdır.

XIX əsrin ortalarında Şəki xanlığı ərazisində cəmi 3 udin kəndinin olması barədə məlumat verən mənbə isə nuxalı İohanes Muradxanov və Qriqor Mıkırtıçan Tarasanov tərəfindən 1815-ci ildə qələmə alınmış və Bütün Rusiya ermənilərinin atxiyepiskopuna göndərilmiş məktubdur. Burada həm də göstərilir ki Hacı Çələbi xan dövründən həmin vaxta qədər bu kəndlərə "din ipəyi" adlı xüsusi vergi tətbiq edilirmiş və həmin kəndlərin sakinləri vaxtaşırı olaraq bu verginin ləğv olunması istiqaməmətində cəhdlər ediblər, lakin o vaxta qədər istədiklərinə nail ola bilməyiblərmiş.

1878-ci ildə çap olunmuş bir kitabda isə göstərilir ki Nuxa qəzasının erməni-qriqoryan əhalisindən yerli hesab olunanları udinlərdir. Onlar yalnız Nic və Vartaşen kəndlərində yaşayırlar və öz dillərində danışırlar. Udin dili başqa heç bir kənddə işlədilmir. Udinlərin yazısı yoxdur, onlar erməni danışıq dilində yazırlar və dini ayinləri erməni kilsə dilində yerinə yetirirlər. Bəzi kəndlərdə - Sultan Nuxa, Erməni carlu, Mirzəbəyli, Vardanlı, Malıx və Yenikənd kəndlərində, ermənilər (udinlər? - Red.) tatar (azərbaycan, - Red.) dilində danışırlar və bu dili ana dili hesab edirlər. Bu mənbədə Cəlut kəndi erməni kəndi kimi göstərilir və qeyd edilir ki bu kənddə Qarabağdan köçüb gələn ermənilər yaşayırlar və onlar Qarabağ və Xoydan köçüb gələn ermənilərin məskunlaşdığı digər kəndlərdə olduğu kimi erməni dilində danışırlar. Mənbədə həmçinin qeyd edilir ki, Vartaşen kəndində provoslav udinlərin 113 evi var və onlrın sayı 606 nəfərdir.

1836-cı ildə rus pravoslav kilsəsi və rusiya idarəçiliyi alban katalikosunun taxtını və dəftərxanasını ləğv etdikdən sonra, udin – xristianlar erməni kilsəsinin tam təsiri altına düşürlər. Azərbaycanda islam dininin yayılması və türk dilinin inkişafı ilə əlaqədar, Azərbaycan xalqının uzunmüddət formalaşması ilə vahid – azərbaycanlı etnosu yaranmışdır. Lakin udi – xristianlar bu günkü günümüzə qədər etnik qrup kimi öz dillərini, maddi və mənəvi mədəniyyətlərini qoruyub saxlamışlar. Udi dili Qafqaz dil ailəsinə aiddir. Lakin udilər Azərbaycan xalqının əcdadlarından biri hesab edilir.

1992–ci ildə Azərbaycan Respublikasının prezidenti "Azərbaycan Respublikasında mövcud olan milli azlıqların, azsaylı xalqalrın və etnik qrupların hüquq və azadlıqlarının qorunması, onların dil və mədəniyyətlərinin qorunması və inkişafı" barədə fərman imzalamışdır. Bu sənəd keçmiş sovet respublikaları içərisində qəbul olunmuş sənəddir.


Tarix: 17.01.2015 / 16:02 Müəllif: Feriska Baxılıb: 191 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎