beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahrux xan Tatılı-Zülqədər

Həyatı
Zülqədər Tatılı oymağının məşhur əmirlərindən biri Şahrux bəy Tatıoğludur. Şahrux bəy şahdan öncə sultan, sonra xan ünvanı almışdı.

1578-ci ildə II Şah Ismayıl öləndən sonra məmləkəti müvəqqəti idarə etmək üçün "ağsaqqalar şurası" yarandı. Şuraya Zülqədər elindən möhrdar Şahrux xəlifə, Ustaclı elindən Pirə Məhəmməd xan Çavuşlu, Türkman elindən Əmir xan Mosullu, Şamlı elindən Sultan Hüseyn xan Bəydili, Təkəli elindən Müseyib xan Şərəfəddinli, Avşar elindən Məhəmmədqulu xan Araşlı daxil idi.

1580-ci ildə Osmanlı sultanının göstərişi ilə Krım tatarları da Azərbaycana soxuldular. Möhrdar Şahrux xan Zülqədər qızılbaş əmirləri ilə birgə onlara qarşı döyüşə başladı. Şirvan tatarlardan təmizləndi.

Bəylərbəyi Araz xan Rumlu osmanlılara qarşı döyüşdə öldürülmüşdü. Yeni bəylərbəyi təyin etmək gərəkliyi düşünüldü. Qızılbaş əmirləri Həmzə xan Təmişli-Ustaclının namizədliyini irəli sürdülər. Dəlil gətirdilər ki, onun atası Abdulla xan uzun müddət Şirvanın bəylərbəyisi olub.

Şahın arvadı bu təklifə etiraz edib qışın şaxtasında saraya qayıtdı. Qızılbaş əmirləri də qeyzlənib Məhdi Ülyanın ardınca Qəzvinə getdilər. Qəzvinə toplanan qızılbaş əmirləri sözü bir yerə qoyub and içdilər ki, dövlət işinə qarışan şah arvadını öldürsünlər. Pirə Məhəmməd xan Çavuşlu onları bu fikirdən daşındırmağa çalışdı. Asi əmirlərin başçısı Şahrux xan Zülqədər andlarını sındırıb Şah Məhəmməd Xudabəndənin xanımını öldürmək qərarıa gəldilər. Qızışmış əmirlər saraya hücum edib Məhdi Ülyanı və tat-tacik ünsürlü əyan-əşrəfi öldürdülər.

III Murad üçüncü vəziri Sinan paşana orduya sərkərdə təyin edib Şirvana yeni yürüş başlamasına vadar etdi. Ərzurumda çoxsaylı qoşun toplayan Sinan paşa öncə təkəbbürlə dolu məktubla öz elçisi Səfəvi sarayına göndərdi. Məktub sarayda müzakirə olundu.

Qızılbaş əmirlərini, xüsusilə də Şahrux xan möhrdar, özlərini Osmanlı ordusuna qarşı dura bilməkdə kifayət qədər güclü hiss etmirdilər. Onlar öz aralarında birliyin olmamasını dərk edərək məyus oldular. Lakin Sinan paşanın iddialarına kəskin cavab verdilər: "Biz yalnız mərhum şah dövrünün şərtlərinə razıyıq və öz torpağımızın bir qarışını da vermərik, nə qədər ki, yüz mindən bir nəfər qızılbaş sağdır (mübarizədən) imtina etmərik. Sənin və onlarla sənin kimilərin gəlişindən qorxmuruq. Elə zənn etməyin ki, indi də Lələ paşa zamanındakı kimidir. Zira o (bizim üstümüzə) gələndıə, bizim padşahımız Iraqda idi. Azərbaycan əmirləri həmin vaxt öz aralarında düşmənçilik edirdilər. Indi isə bütün qızılbaş qoşunları Azərbaycanda. Şahın yanındadır, döyüşə hazırdırlar. Şirvan ölkəsinin osmanlıların tabeliyində olması fikrində də yanılrsınız. Şirvan yenə də qızılbaş əmirlərinin əlindədir. Rumluların hakimiyyəti yalnız Dərbənd qalasının dörd divarı ilə məhdudlaşır. Həqiqətən də, əgər o vaxt qızılbaşlar arasında yekdillik olsaydı, onların mühafizə etdiyi ölkəyə düşmənin qəsd etməyə cəsarəti çatmazdı". (Bax: İskəndər bəy Türkman Münşi, Tarixi-aləm-arayi-Əbbasi, 1-ci cild və 2-ci cildin yarısı, Tehran, Əmir Kəbir, 1382 hicri şəmsi. Səh.261-262).

Şahrux xan 1583-cü il olaylarında mühim rol oynamışdı. Möhrdar vəzifəsində xidmət edirdi.

Şahrux xan qızılbaş əmirlərinin içində sayılan, seçilən bir şəxsiyyət idi. Daim qızılbaşlar arasında təfriqənin olmasını arzulayan baş vəzir Etimadəddövlə Mirzə Salman Cabiri-Isfahani Həmzə mirzəni adlı-sanlı Qızılbaş əmirləri Məhəmmədqulu bəy Avşara, Şahrux xan Zülqədərə və Məhəmməd xan Türkmana qarşı qaldırmağa çalışırdı. O şahzadəni inandırırdı ki, "bu üç xadim sağ olduqca, şahın canişinin gülüstanı ətir saçmayacaq və çiçək açmayacaq" (İskəndər bəy Türkman Münşi).

İskəndər bəy Türkman Münşi yazır ki, Cığaloğlunu geri oturdandan sonra Həmzə mirzə osmanlıların üzərinə hücum etdi. Qaraman hakimi Murad paşa və Diyarbəkir hakimi Məhəmməd paşanın başçılığı ilə ona qarşı qoşun hissələri göndərildi. Döyüş yenə Fəxusfənc çayının sahilində baş verdi. Şahrux xan Həmzə mirzənin əmri ilə düşmən arxasına keçdikdən sonra döyüş qızılbaşların qələbəsi ilə başa çatdı. Osmanlılar sayca üstün olmalarına baxmayaraq pərən-pərən düşdü. Məğlub olan əsgərlər geri çəkilməyə başladılar. Hər iki Osmanlı sərkərdəsi –Murad paşa və Məhəmməd paşa qızılbaşlara əsir düşdü. Bu döyüşdə iştirak etmiş Oruc bəy Bayatın məlumatına görə, vuruşma zamanı Trabzon paşası və bir sıra osmanlı sərkərdələri həlak olmuşdular.

Şahrux xan 1585/1586-cı ildə Təbrizdə osmanlılara qarşı savaşda öldürüldü. Təfsilat belədir: Iskəndər bəy Türkman qeyd edir ki, qala uğrunda döyüşlərdə qızılbaşlar özlərinin ən qabiliyyətli sərkərdələrindən birini- Zülqədər elinin başçısı Şahrux xan möhrdarı itirdilər. Qiyamçı türkman və təkəli əmirləri gəlib-çıxanadək alanı ələ keçirməyə cəhd göstərən Şahrux xan ehtiyatsızlıq etmiş, kiçik bir dəstə ilə qala divarlarına yaxınlaşmışdı. Bu vaxt türk dəstəsi gözlənilmədən qaladan çıxdı və Şahrux xan isə yaralı halda əsir düşdü.



Ailəsi
Şahrux xanın Əsləməs bəy, Təhmasibqulu bəy adlı oğulları vardı.


Tarix: 14.01.2015 / 16:24 Müəllif: Feriska Baxılıb: 73 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎