beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səlim xan

Səlim xan — Şəki xanı; iki dəfə − birinci dəfə 1795-1797, ikinci dəfə isə 1805-1806-cı illərdə, hər dəfə də 2 ildən də az müddət ərzində hakimiyyətdə olmuş, lakin xan olmaq uğrunda mübarizəsini sonra yenə də davam etdirməsi səbəbindən, adı XIX əsrin birinci rübündə daha uzun müddət ərzində, vaxtaşırı olaraq dövrün siyasi gündəmlərində hallanmışdı. Şəki xanlarından Məhəmmədhüseyn xanın oğlu, Hacı Çələbi xanın nəticəsi, Məhəmmədhəsən xan və Fətəli xanın atabır qardaşı, Hüseyn xanın isə atası idi.

Səlim xan Şəki xanı ikən hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün əvvəl xanlığını Rusiya İmperiyasının tərkibinə qatmışsa da, bacısının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu bu ərazidən çıxartmış, bundan 4 ay sonra əks-hücuma keçən ruslara ciddi müqavimət göstərmiş, lakin sonda məğlub olaraq İrana mühacirət etmişdi. O, hakimiyyətini geri qaytarmaq ümidiylə bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etsə də uğur qazana bilməyərək geri çəkilmiş, bir müddət İranda yaşadıqdan sonra Türkiyəyə getmiş və 12 aprel 1826-cı il tarixdə Osmanlı İmperiyası ərazisindəki Kir şəhərində vəfat etmişdir. Bundan az sonra, elə həmin ilin 11 avqust tarixində isə Səlim xanın oğlanlarından biri - Hüseyn xan, Şəki xanı oldu, lakin onun hakimiyyət dövrü də çox çəkmədi, cəmi 3 aya yaxın davam etdi.


Tarix: 12.01.2015 / 18:21 Müəllif: Feriska Baxılıb: 55 Bölmə: Azərbaycan xanlıqları