beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cavad xanın siyasəti və Qafqazda rus maraqları

Çar İraklinin ölümündən sonra Cavad xan Nadir şahın vaxtında İrakliyə bağışlanmış Borçalı və Şəmşədil mahallarını geri qaytarmağa çalışır. Lakin ona yalnız Şəmşəddil mahalını azad etmək müyəssər olur. O öz oğlu Uğurlu xanı da oraya göndərir. II Yekaterinanın sərəncamı ilə 1796-cı ildə onun favoriti Platon Zubovun qardaşı Valerian Zubovun başçılığı altında rus qoşunlarının Qafqaza yürüşü başlanır. Yürüşün rəsmi səbəbi kimi Ağa Məhəmməd xanın pozduğu əmin-amanlığın bərpa olunması göstərilirdi. Çox qısa bir müddətdə ruslar az qala döyüşsüz və müqavimətsiz Azərbaycanın demək olar ki, bütün Xəzəryanı bölgələrini tuturlar. Xanların bir çoxu aralarında türk və İran meyllilər də olmalarına baxmayaraq, xanlığın və xan hakimiyyətinin saxlanılması şərti ilə Rusiyanın himayəsi altına keçməyə məcbur olur. Qafqaz korpusu Gəncəyə 1796-cı ilin 13 dekabrında general Aleksandr Rimski-Korsakovun başçılığı ilə gəlir. Cavad xanın özü şəhərdən çıxıb, rus ordusunun qarşısına gələrək, qalanın açarlarını Rimski-Korsakova şəxsən təqdim edir.

Əvvəlcə Azərbaycan türkləri ilə rusların arasındakı münasibət normal idi. Lakin Zubovun müşaviri təyin olunan Arqutinskinin Qarabağ məliklərinə müraciətlərindən sonra bu münasibətlər gərginləşir. O, Zubovun razılığı olmadan bəyan edir ki, guya ruslar Azərbaycana ona görə gəliblər ki, "erməniləri müsəlmanların təcavüzündən qurtarsınlar." (Halbuki Qarabağ məlikləri erməni deyil, qriqoryanlaşmış Qafqaz albanları idilər və o zaman Qarabağda erməni yox idi.[Mənbə göstərin]) Lakin bu bəyanat da əsassız verilməmişdi. Qafqaz yürüşünə kömək müqabilində ruslar sonradan gürcülərə bu bölgədə hegemonluq üçün imkan yaradacaqlarına vəd də vermişdilər. Bufer xristian dövləti yaratmaq məqsədilə İrəvan və Qarabağ xanlıqlarını buraya İran və Osmanlıdan köçürülmüş ermənilərlə məskunlaşdırmaq da planlaşdırılırdı. Həmin siyasət bizim günlərə qədər davam etməkdədir. "Böyük Ermənistan" iddiası ilə bu bölgəyə o vaxtdan etibarən 1 milyon yarımdan çox erməni yerləşdirilmiş və oradan bir o qədər Azərbaycan türkü də zorla köçürülmüşdür. Elə həmin ildə II Yekaterina vəfat edir, yeni imperator I Pavel qraf Zubova Zaqafqaziyanı tərk etmək əmrini verir. Rusların gedişindən dərhal sonra İran hökmdarı Ağa Məhəmməd şah Qacar Azərbaycanın şimalına cəza yürüşünə çıxır. O, Şuşanı tutur və Bakı xanı Hüseynqulunu silah altında buraya gətizdirir. Cavad xan da buraya gəlir. Onlar şaha öz qalalarının müqavimət göstərmədən ruslara təslim edilmə səbəblərini izah etməli idilər. 1797-ci ilin 5 iyun günü şahın öz xidmətçiləri tərəfindən qətlə yetirilməsi xanları mühakimə olunmaqdan xilas edir. 1799-cu ildə rus qoşunları Gürcüstana girir, bir ildən sonra isə Gürcüstanın Rusiyaya birləşməsi haqqında manifest verilir. Gürcü çarı XII Georgi Şəmşədil mahalının geri qaytarılması məsələsini qaldırır. Cavad xan öz oğlu Uğurlu xanın başçılığı altında oraya qoşun göndərir. Bu zaman gürcü çarının bir vaxtlar Cavad xanla dostluq eləyən xəzinədarı onu xəbərdar edir ki, birləşmiş rus-gürcü qoşunları Gəncə üzərinə yeriyə bilər. O da tamamilə mümkündür ki, həmin məktubla Cavad xanı qorxutmaq və onu qaçmağa məcbur etmək istəmişlər. Rus tarixçisi Olqa Markovanın da yazdığı kimi, "Zaqafqaziyadakı münasibətlərin ən gərgin məsələsi olan Gəncənin tabeçiliyi məsələsi yenidən kəskinləşir." Qafqazda rus qoşunlarının komandanı rus generalı, gürcü knyazı Pavel Sisianov təyin olunur. General Sisiyanov Tiflisdən Cavad xana yazdığı məktubunda ondan öz fəaliyyəti haqqında qısa hesabat istəyir, dostluq və sədaqət əlaməti olaraq, oğlu Uğurlu xanı onun yanına göndərməsini tələb edirdi. Cavad xan belə kobud şəkildə qoyulmuş tələbləri yerinə yetirməkdən imtina edir. O başa düşür ki, bu dəfə rus himayəsi altına artıq xanlığın saxlanması şərti ilə keçmək mümkün olmayacaq. Xanlıq ləğv olunacaq. 1803-cü ilin 22 noyabrında ruslar Tiflisdən Gəncə istiqamətində hərəkət edirlər. Şəhərin yaxınlığında dayanan Sisyanov yenidən Cavad xana məktub yazaraq, şəhəri təslim etmək barədə ultimatum verir. Cavad xan cavab verir ki, o, Gəncəni döyüşərək müdafiə edəcəkdir. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəyin də yazdığı kimi, Cavad xan öz qoşununu və yaxın adamlarını başına yığaraq, düşmənin üzərinə yeriyir. Döyüş dahi şairimiz Nizami Gəncəvinin məqbərəsi yaxınlığında, Quru qobu adlanan yerdə baş verir. Qüvvələr nisbəti açıq-aydın görünürdü ki, bərabər deyil və buna görə də gəncəlilər ağır itkilər verdikdən sonra geri çəkilərək, qalanın darvazalarını bağlayırlar. Onları təqib eləyən ruslar da şəhərə girərək, qalanı dörd bir tərəfdən mühasirəyə alırlar. Düz bir ay Sisiyanovun ultimatumlarına Cavad xan birmənalı şəkildə eyni cür cavab verir: "Şəhəri verməyə gəlincə, bu niyyətindən çəkin, çünki bu olan iş deyil. Sən Gəncəyə yalnız mənim meyitimin üzərindən girə bilərsən. Başa düşürsənmi? Ancaq mən öləndən sonra, başqa heç cür." Qabaqdan qarlı qış gəlirdi və bunu gözünün altına alan Sisiyanov 1804-cü ilin 3 yanvarında qalanı hücumla almaq qərarı verir. İlk hücumda qalanı asma pilləkənlərlə almaq istəyirlərsə də, uğursuzluğa düçar olurlar. Bu hücum qurtarmamış, qalanın o biri yanından hücum başlanır. Gəncəlilərin qəhrəmancasına müqavimət göstərmələrinə baxmayaraq, ruslar qalanın əsas qüllələrini ələ keçirirlər. Qalanın divarları üzərində açıq döyüş zamanı Cavad xan 1804-cü il yanvarın 3-dən 4-nə keçən gecə, səhər saat 4-də düşmən gülləsindən həlak olur. Qala divarları uğrunda döyüşlərdə onun oğlu Hüseynqulu xan da atasının adına layiq bir şərafətlə həlak olur. Gəncə bundan sonra Rusiyanın himayəsinə keçir və xanlıq ləğv olunur. 1826-cı ilin 26 iyulunda Cavad xanın oğlu Uğurlu xan Gəncəni yenidən ələ almış və qısa bir müddətdə də olsa, xanlığı bərpa edə bilmişdi.

Uğurlu xan qeyri-adi cəsarəti və sərkərdəlik bacarığı ilə fərqlənirdi. O, sonradan da özünün kiçik dəstəsi ilə iki dəfə Azərbaycanın içərilərinə doğru irəliləmiş, hətta yenidən Gəncəni ələ keçirməyə cəhd göstərmişdi. Cavad xan Gəncədə Şah I Abbas tərəfindən tikilmiş məşhur Cümə məscidində dəfn olunur. 1962-ci ildə yaxınlıqdakı meydanın rekonstruksiyası adı altında onun məzarı dağıdılır. Lakin, vətənpərvərlər Cavad xanın cəsədinin qalıqlarını gizli şəkildə qoruyub saxlayırlar və artıq 1990-cı ilin 27 martında öz əvvəlki yerində torpağa tapşırılır. Xoşbəxtlikdən həmişə elmi axtarışlarda olan Məşədixanım Nemətova arxivdən Cavad xanın qəbrüstü abidəsinin foto-surətini tapır və təcili olaraq, həmin şəkildəki məzarın mərmərdən yonulmuş oxşarı hazırlanır. Onun üzərində gözəl nəstəliq xətti ilə fars dilində aşağıdakı sözlər həkk olunmuşdur:

"Bu məzarda Gəncə bəylərbəyisi Qacar tayfasından olan Ziyadoğlu Cavad xan uyuyur.
Elə ki, qara torpaq oldu onların məskəni
İstər miskin dərviş, istərsə şahi-cahan olsun.
Gəncədə bu məqbərəni bina etdi
Mərhum, rəhmətlik Cavad xan
Kərbəla şəhidlərinin torpağından
O astadan çoxlu torpaq gətirib
Həmin türbəni malaladı.
Öz ölüləri üçün əmin-aman bir ev yaratdı.
Allahı tanıyan cənnətlik Cavad xan min iki yüz on səkkizinci ildə (1804-cü il) öldü.
Ondan sonra bu məqbərəda dəfn olundular
O fatehin nəsli və ailəsi."


Tarix: 10.01.2015 / 16:45 Müəllif: Feriska Baxılıb: 147 Bölmə: Azərbaycan xanlıqları