beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oğlunu Şah Təhmasibin yanına göndərməsi və qızılbaşlar tərəfindən Şəkinin talan edilməsi (1548)

Yuxarıda qeyd edilən döyüşdən az müddət sonra Əlqas mirzə öz qardaşı Şah Təhmasibin qoşunlarının təqibinə də məruz qalmış və Şirvandan qovulmuşdu; çünki, o, mərkəzi hakimiyyətə qarşı çıxmış, öz adına sikkə vurdurub xütbə oxutmaqla müstəqil hökmdar olmağa cəhd etmişdi.

Əlqas mirzənin adamları hələ bir müddət Dərbənd və Gülüstan qalalarına sığınaraq müqavimət göstərməkdə ikən, o, özü Kəfədən dəniz yolu ilə İstanbula getdi və Sultan Süleyman tərəfindən hörmətlə qarşılanaraq 1548-ci ildə Osmanlı İmperiyasının Səfəvilər dövlətinə qarşı növbəti yürüşündə iştirak etdi. Göstərilən ilin may ayının sonunda Sultan Süleyman və Əlqas mirzə əsgəri sayı 100 mindən az olmayan ordu ilə Təbrizə girdilər, amma 3-4 gündən sonra şəhəri tərk edib geri çəkildilər. Osmanlıların Azərbaycanda qərar tuta bilməməsinin əsas səbəbi isə bu idi ki, onların hədsiz-hesabsız ordusunun orada qalmasını əngəlləmək üçün Şah Təhmasibin göstərişi ilə əvvəlcədən, planlı şəkildə tədbirlər görülmüşdür. Məsələn, Osmanlı sərhədindən Təbrizə qədər su, ərzaq mənbələri və otlaqlar məhv edilmişdi.

Aydındır ki, Osmanlıların geri çəkilməsindən sonra həmin əngəlliklər bu dəfə yerli əhali, o cümlədən Səfəvilər dövləti üçün ərzaq və yem qıtlığı demək idi.

Şah Təhmasibin 1549-cu ilin yanvarında Mazandaran hakimimə göndərdiyi Fəthnamədən məlum olur ki, qızılbaşlar sözgedən problemi Şəki hakimliyini talamaq yolu ilə həll etməyə çalışıblar. Həmin mənbədə Şah Təhmasib bəyan edir ki,

"Azərbaycan və Şirvanat ləşgəri ilə Qarabağa rəvan olduq ki Bərdə ölkəsində qışlaq edib ərzaq və ləşgərə zəruri olan şeyləri bu il Şəki və Gürcüstan ölkəsi və o hüduddan əldə edək və sözgedənin (Dərvişməhəmməd xanın) hörmətli oğlu Cahan müta hökm üzrə tez layiqli peşkəşlərlə yüksək dərgaha gəlib Zəfər təsirli ordugaha qatıldı və Cəlaləddin Sunduk bəy qorçibaşını əmirlərin qorçilərindən və ləşgərlərindən on min kəsi rəvanəye-Şəki edib özünə Bərdə ölkəsində dayanmağı buyurduq. (Digər bir mənbədə isə Şəkiyə göndərilmiş qurçilərin sayı 2500 kimi göstərilir və həm də qeyd edilir ki, "Dərvişməhəmməd xan qazilərin xofundan Kiş qalasına pənah apardı".[10]) və adı çəkilən (Sunduk bəy) Şanlı nüsrət əsgərlərlə qeyd edilən ölkəyə (Şəkiyə) üz tutub 200 min qoyun və 50 min qaramal və beş min at və 3 min xərvar buğda və düyü və sairə qədər qeyd edilən ölkədən götürüb və qarət edib Yüksək orduya gətirdilər və qeyd edilən qənimət əmirlərə və ləşgərlərə paylandı. On gündən sonra ki sözgedən (qənimət) orduya gətirilmişdi, xəbər gətirildi ki Əlqas mirzə Həmədana yetişib...".

Bundan sonra isə Şah Təhmasib təkrarən "təşrif buyurmuş" qardaşını dəf etmək üçün qışlamanı yarımçıq qoyub, öz ordusunu Qarabağdan çıxartdı. Tezliklə, Əlqas mirzə yaxalandı, Qəhqəhə qalasına salınıb ömürlük dustaq edildi və sonra elə oradaca dünyasını dəyişdi.


Tarix: 10.01.2015 / 18:05 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Azərbaycan xanlıqları