beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseynqulu xan Qasımlı-Avşar

Həyatı
Hüseynqulu xan İmamqulu xan oğlu Urmiyada dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Hüseynqulu xan Urmiya hakimiyyətini öz qanuni haqqı bilirdi. Ona görə də əmisinə qarşı gah gizlin, gah aşkar mübarizə aparırdı. Ağaməhəmməd şah Qacarın ölümündən sonra Güney Azərbaycan xanlarından bəziləri müstəqillik eşqinə düşdülər. Məhəmmədqulu xan da onlara qoşuldu. Onlar Təbrizə yığışıb, hərəkətə başlamağı qərara aldılar.

Məhəmmədqulu xan yolda Urmiyadan məktub alır. Ona bildirirdilər ki, qardaşıoğlu Hüseynqulu xan üsyan qaldırıb. Xanəmir bəy Xələci daha səhih xəbər üçün Urmiyaya göndərir. Sonra ürəyi sakitləşməyib, özü Urmiyaya qayıtmalı oldu. Əsgər xan Əbdülməlikini səlahiyyətli nümayəndəsi kimi Təbrizdə saxladı. Məhəmmədqulu xan Urmiyaya çatıb, təhqiqata başladı. Öyrəndi ki, Hüseynqulu xanı üsyana qardaşları Məhəmmədisa xan və Lütfəli xan təhrik edib. Gecə ikən Məhəmmədisa xan və Lütfəli xan Səidli kəndindəki Baranduz qalasına qaçmağı planlaşdırırlar. Yolu azıb, Mərgəvər mahalına gedirlər. Bu xəbəri eşidən Məhəmmədqulu xan qardaşıoğullarının ardınca bir neçə atlı göndərir. Atlılar onları tutub, Urmiyaya qaytarırlar. Hüseynqulu xan dayı tayfası olan xələclərlə Üşnəviyyə mahalına qaçdı. Hüseynqulu xan 3 ay Üşnəviyyədə qaldıqdan sonra, Sovucbulağa, Budaq xan Mükrinin yanına getdi. Budaq xan Məhəmmədqulu xanla düşmənçilik etdiyindən, Imamqulu xanın övladlarına dost olduğundan onu hörmətlə qarşıladı.

Hüseynqulu xan burda da çox qalmadı. Marağa yolu ilə Tehrana getməli oldu. Marağa şəhərində Əhməd xan Müqəddəm də onu isti-ilıq qarşıladı. Fətəli şah Qovanlı-Qacar (1797-1834) xanların üsyan xəbərini eşidib, Azərbaycana yola düşmüşdü. Hüseynqulu xan yolda şah ordusuna qoşuldu. Fətəli şah onu hörmətlə qarşıladı. Qızıl əsbablı, yəhər-yüyənli at, qızıl qınlı xəncər bağışladı. Marağa hakimi Əhməd xan Müqəddəmə fərman verib, Sami soylu qulamların yüzbaşısı Məhəmmədəli xan Ərəb-Bəstamini də ona qoşub, Urmiyaya göndərdi ki, Məhəmmədqulu xanı oradan dəf etsin. Tapşırıq alan Əhməd xan Müqəddəm, Məhəmmədəli xan Ərəb və Hüseynqulu xan Qasımlı-Avşar Urmiyaya yollanırlar. Fətəli şah da ordu ilə onların ardınca tərpəndi. Hüseynqulu xan Marağaya çatıb, qoşun toplamağa başladı. Ordan da Sovucbulağa getdi. Budaq xandan məsləhətlər aldı. İsmayıl bəy Xələci Balbas əşirətinin yanına göndərib, yardım üçün Sulduz çayının yaxasına dəvət etdi. Kürd əşirətinin rəisləri Mömənd ağa, Ibrahim sultan Məməş, Balık, Piran və Mənqur tayfalarından topladıqları qoşunla Sulduz çayının kənarında Hüseynqulu xana qoşuldular. Ordan Urmiyaya tərəf yollandılar.

Məhəmmədqulu xan Hüseynqulu xanın Urmiyaya yürüşünü eşidib, 6 min nəfərlik qoşunla onların qarşısına çıxdı. Hər iki qoşun Qaşqagədikdə qarşılaşdı. Əsgər xan Əbdülməliki-Avşar onları barışdırmağa tələsirdi. Qorxurdu ki, savaş başlayar, iş işdən keçər. Quşçu gədiyinə çatıb, onlara xəbər yolladı. Məktub şahın möhürü ilə möhrlənmişdi. Məhəmmədqulu xan məktubu alıb, tanış oldu. Oxudu ki, şahın əmri ilə Əsgər xan hər işə məmurdur, Hüseynqulu xan söhbət aparmaqdan azaddır.

Məhəmmədqulu xan savaşa girməyib, geri çəkildi. Əsgər xan Urmiyaya çatıb, Məhəmmədqulu xanı ora dəvət etdi. Hüseynqulu xan 6 gün Dolmalar məntəqəsində qalandan sonra, onların ardınca şəhərə gəldi. Əmilik hörmətini saxlayıb, divanxanaya getmədi. Rəhim xan Qasımlının Bazarbaşı məhəlləsindəki evində oturaq etdi.

Tərgəvər mahalının hakimi Ibrahim xan 30 yük atı ilə Urmiyaya gəlib, Məhəmmədqulu xanın ev əşyalarını Kürdüstana köçürmək istədi. Fətəli şahın yüzbaşısı Məhəmmədəli xan Ərəb ona imkan vermədi. Ona Məhəmmədqulu xanı tutmaq əmr olunmuşdu. Əsgər xan yenə araya girib, sakitlik yaratdı. Onlara məsləhət verdi ki, hələlik Məhəmmədqulu xan onun evində otursun, şahdan nə əmr gəlsə, can-başla yerinə yetirsinlər. Razılaşırlar. Məhəmmədqulu xan Əsgər xanın evinə yerləşdi. Divanxana boşaldı. Hüseynqulu xan ora köçdü.

Hüseynqulu xan 1797-ci ildə Urmiyanın hakimi təyin olmuşdu.

Hüseynqulu xan çox ədl-ədalətlə hakimlik etmişdi. Avşar eli onun hakimiyyəti dönəmində sakitlik tapdı. Şəriət işlərini Mir Vahid Şeyxülislama, Axund Molla Hüseyn Pişnamaza tapşırdı. Mirzə Məhəmmədnəbi Əbdülməliki maliyyə vəkili oldu. Urmiyanın mustofiliyini Mirzə Mustafa Səidliyə verdi. Xüsusi işləri Mirzə Məhəmmədhəsən Səidli apardı. Mirzə Saleh və Mirzə Rəfi Ustaclılar divanxana katibi, Kəlbəli xanın soyundan olan Xanbaba bəy Qasımlı eşikağasıbaşı vəzifələrinə təyin edildilər. Xanəmir bəy Xələc hökumət işlərinə baxmalı oldu. Hüseynqulu xanın hakimliyi dönəmində Mustafa bəy Həkkari Çəhriq məntəqəsindən üsyan qaldırıb, sərhəd bölgələrini qarət etmişdi. Hüseynqulu xan Əsgər xana 500 atlı verib, onun üstünə göndərdi. Əsgər xan Mustafa bəy Həkkarinin dəstəsini darmadağın etdi. Həmin döyüşdə Avşar dəstəsi cəmi bir nəfər itki verdi. Hüseyn bəy Qarahəsənli güllə yarasından həlak oldu. Xan göstərdiyi şücaətə görə Əsgər xana ənam-ərmağan, xələt-xəncər verdi.

1805-ci ildə Abbas mirzə Qovanlı-Qacar Təbrizdə Hüseynqulu xana göstəriş verdi ki, Marağa hakimi Əhməd xan Müqəddəmi də götürüb, üsyan etmiş Zərza, Şimiznan, Kəlhor, Balbas əşirətlərini yatırsınlar. Hüseynqulu xan Təbrizdən Marağaya gəldi. Fərmanı Əhməd xana təqdim etdi. Qərarlaşıb, Sulduz çayının yaxasında görüş yeri seçdilər. Hüseynqulu xan avşarları toplamaq üçün Urmiyaya gəldi.

Xəbəri eşidən Balbas əşirəti digər tayfaları duyuq saldı. Onlar da qərarlaşdılar ki, Laican ətrafında Avşar və Müqəddəm ellərini qarşılasınlar.

Avşar və Müqəddəm qoşunu görüş yerindən tərpənib, üsyançıların üstünə getdi. Lahicanda qarşılaşdılar. Əhməd xan Müqəddəm topları cəbhənin cinahlarına düzdü. Hüseynqulu xan qoşunun mərkəzində dayandı. Toplar atəş açdı. Kürd əşirətləri dağıldılar. Avşar və müqəddəmlər hücum edib, üsyançıları qırıb-tökməyə başladılar. Sağ qalanlar qaçdılar. Qoşun əhli arxayınlaşıb, dincəlməyə başladı. Elə bu vaxt Balbas əşirətinin rəisləri Mömənd ağa Piran, Həmzə ağa Mənqur, Məməş ağa, Ibrahim sultan gizləndikləri yerdən çıxıb, hücuma keçirlər. Avşar və Müqəddəm ellərinə tələfat verməyə başladılar. Sayınqala hakimi Mahmud xan Qasımlı özünə sipər tutub, sıyırmaqılınc Balbas rəislərinin üstünə cumdu. Rəislər onu görüb, karıxdılar. Müqəddəm qoşununun sərkərdələrindən Qasım bəy Mahmud xana dəstək verdi. Bu iki qəhrəman, şücaətli sərkərdə çiyin-çiyinə verib, balbasları qırıb çatdılar. Qəndil dağı balbasların qanına bələnmişdi. Birləşmiş qoşuna 6 min at qənimət qalmışdı. Onları Fətəli şah Qacara göndərdilər.

Hüseynqulu xan qələbədən sonra Üşnəviyyə gəlir. Üşnəviyyə hakimi Qasım sultan Zərza onu qarşılayıb, Urmiyaya ötürür. Bir qəbrstanlığın yanından ötəndə Hüseynqulu xan soruşdu: -Qasım sultan, bu nə qəbrstanlıqdı? Niyə bu kökdədi? Abadlığa fikir vermirsən. Qasım sultan qayıtdı: -Qurban, bu «Avşar qəbrstanlığı»dı. Məhəmmədqulu xanla savaşda zərzalar avşarları qırıb-tökmüşdülər. Yiyəsiz qalan avşarları necə gəldi basdırıblar. Hüseynqulu xan cinləndi: -Tutun bu qurumsağı! Urmiyada sizdən istəyəcəyəm. Urmiyada Hüseynqulu xan Qasım sultan Zərzanı falaqqaya saldırıb, o ki var çubuqlatdırdı…

Hüseynqulu xan 1805-ci ildə qoşunun başında, Azərbaycan ordusunun tərkibində İrəvan səfərində iştirak etmişdi. Hüseynqulu xan Avşar qoşununun başında, İsmayıl xan Qacarla Gəncə və Tiflis yürüşlərinə qatılmışdı. Abbas mirzə onlara əmr vermişdi ki, Gəncəni alandan sonra Tiflisə yollanıb, oranı qaydasına salsınlar. Rus komandanı Şaft Tiflis şəhərində əyləşib, İran qoşunlarına qarşı təxribat yaradırdı. Hüseynqulu xangil Tiflis şəhərinin iki mənziliyinə çatırlar. Bu qoşunun hərbi taktikası və strategiyası Əsgər xan və qardaşı Əbdüssəməd xan tərəfindən düzənlənirdi. Onlar qoşunu yoxlayıb, sahman yaratdılar. Avşar qoşunu irəli hücum edib, rus qoşunlarını darmadağın etdilər. Rus toplarını ələ keçirib, öncə Gəncəyə, Gəncədən İrəvana, ordan da İrana apardılar.

Hüseynqulu xan 1821-ci ilədək Urmiyanın hakimi olmuşdu.
Ailəsi
Hüseynqulu xanın Nəcəfqulu xan, Məhəmməd xan, Xudadad xan, Məhəmmədqasım xan, Məhəmmədmusa xan, Rzaqulu xan, İmamqulu xan adlı oğulları, Bəyim xanım adlı qızı vardı.


Tarix: 10.01.2015 / 17:06 Müəllif: Feriska Baxılıb: 179 Bölmə: Azərbaycan xanlıqları