beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mehdixan Vəkilovunun Pedaqoji və ictimai-siyasi fəaliyyəti

O, 1946-1956-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında ictimai fənləri tədris etmişdir.
M.Y.Vəkilov 1956-1962-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun rektoru olmuş, uzun müddət tarix kafedrası nın müdiri vəzifəsində çalışmışdır.
Prof. M.Y.Vəkilov tədris işini böyük məharətlə elmi fəaliyyətlə əlaqələndirməyi bacaran görkəmli alimlərdən idi. 1954-cü ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyası müdafiə edən M.Y.Vəkilov ictimai inkişafın ən mürəkkəb problemlərindən biri olan iyirminci əsrdə Azərbaycanda mədəni inqilab məsələlərinin tarixini dərindən və hərtərəfli tədqiq edən ilk azərbaycanlı alimlərdən biri olmuşdur. Onun həm ictimai və pedaqoji fəaliyyəti və eləcə də elmi əsərləri sübut edir ki, Mehdixan müəllim nəinki, respublikamızda xalq maarifinin ilk pionerlərindən və təşkilatçılarından, həmçinin də onun tədqiqatçılarından biridir.
13-14 yaşından Səməd Vurğun üçün həm böyük qardaş, həm də valideyn əvəzi, yaradıcılıq yolunda onun fədakar dayağı olmuşdur. Mehdixan müəllim özündən sonra qardaşı haqqında "Ömür dedikləri bir karvan yolu" adlı gözəl bir xatirə kitabı qoyub getmişdir. Mehdixan Vəkilov Səməd Vurğunun "Komsomol poeması"nda yaratdığı Cəlal obrazının prototipi sayılır. O, 40-dan çox elmi əsərin, kütləvi informasiya vasitələrində dərc olunmuş çoxsaylı dəyərli elmi-populyar məqalələrin müəllifi olmuşdur. Azərbaycan, türk, rus, fars dillərini bilirdi.

M.Y.Vəkilovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, birinci dərəcəli Vətən müharibəsi ordeni, iki Şərəf nişanı ordeni və bir çox SSRI medallarla təltif olunmuş, iki dəfə Respublika Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür. M.Y.Vəkilovun 1958-1962-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı və Ali Sovet Sədrinin müavini vəzifəsinə seçilmişdir. Əməkdar elm xadimi (1973), Qabaqcil maarif xadimi (1973) kimi yüksək fəxri adlara layiq görülməsi onun əməyinə verilən yüksək qiymətin təzahür idi.

Azərbaycanın məşhur və tanınmış ziyalıları – Osman Sarıvəlli, Süleyman Rəhimov, Əli Vəliyev, Abdulla Şaiq, Əziz Əliyev, Mirzə İbrahimov, Əbdülkərim Əlizadə, Məmməd Arif, Həmid Araslı, Mir Cəlal, Əziz Şərif, Cəfər Xəndan, Əkrəm Cəfər, Sabit Rəhman, Nazim Hacıyev, Şıxəli Qurbanov, Zeynal Xəlil, Mirvarid Dilbazi, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Hüseyn Hüseynzadə (Arif) , İmam Mustafayev, Heydər Hüseynov, İsmayıl Hüseynov, Əlisöhbət Sumbatzadə, Ziya Bünyadov, Əşrəf Hüseynov, Murtuza Nağıyev, Firudin Köçərli, Tofiq Köçərli, Əbdüləzəl Dəmirçizadə, Zülfəli İbrahimov, Mehdi İrəvanski, Yusif Yusifov, Xəlil Əlimirzəyev, Rəhim Sultanov, Mirəli Seyidov, Səlvər Aslanov, Səidə İmanzadə, Məmməd Qazıyev, Vaqif Vəliyev, Teymur Bünyadov, Şirməmməd Hüseynov, Seyfəddin Qəndilov, Fərhad Zeynalov, Aslan Atakişiyev, Mehralı Paşayev (Paşabəyov), Ömər İsmizadə, Faiq Hacıbəyov, Sabit Orucov, Bülbül, Xan Şuşinski, türk şairi Nazim Hikmət, yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri, həmkəndlisi Maqsud Şeyxzadə ilə səmimi münasibətləri, 1925-1975-ci illərdə yetişən bir çox Azərbaycan ziyalısının müəllimi olmuşdur.

M.Y.Vəkilovun yarım əsrdən artıq elmi-pedaqoji və ictimai fəaliyyəti xalqa sədaqətlə xidmət etmək nümunəsi olmuşdur. Gəncliyindən bəri xalq arasındakı böyük hörmət və nüfuzu sayəsində 1960-cı illərdən etibarən bir el ağsaqqalı olmuşdu. Mehdixan Vəkilov 1975-ci il oktyabr ayının 18-də Bakı şəhərində vəfat etmişdir. Məzarı II Fəxri Xiyabandadır.


Tarix: 11.02.2015 / 12:47 Müəllif: Feriska Baxılıb: 385 Bölmə: Azərbaycan tarixçiləri