Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ülvi Bünyadzadə

Həyatı
Ülvi Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. Beş yaşından yazıb-oxumağı bacaran Ülvi altı yaşında ilk şeirini yazmışdır. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində almışdır. 1978-ci ildə Ülvinin valideynləri Kəsəmən kəndindən Daşkəsən şəhərinə köçmüşdür.

12-13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpgili bədii və publisistik yazıları ilə "Daşkəsən" qəzetində çıxış etmişdir. Eyni zamanda rayonda fəaliyyət göstərən "Qoşqar" ədəbi birliyinin üzvlüyünə qəbul edilmişdir. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddillik musiqi təhsili almışdır. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətlərində çalmağı bacarırdı.

1986-cı ildə sənədlərini ADU-nun şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə vermiş, imtahanlarını müvəffəqiyyətlə versə də, müsabiqədən keçməmiş, Daşkəsən şəhərinə qayıdaraq rayon təmir-tikinti idarəsində rəngsaz işləmişdir. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olmuşdur. Təhsilə başladığı ilk günlərdən qrup nümayəndəsi seçilmiş, dərs əlaçısı və fəal ictimaiyyətçi kimi tezliklə bütün institutda tanınmışdır. İnstitutun qəzetində yazıları mütamadi çap olunmuşdur.

Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi. 1987-1989-cu illər Ülvi Bünyadzadənin qısa ömrünün ən məhsuldar dövrü olmuşdur. 1988-ci ilin iyunundan 1989-cu ilin sentyabrına qədər hərbi xidmətdə olmuşdur. Ülvi əsgəri xidmətini yüksək səviyyədə yerinə yetirdiyinə görə hərbi hissədə Sov.İKP üzvlüyünə qəbul edilmişdir.

1989-cu ilin sentyabr ayında SSRİ Müdafiə Nazirinin həmin dövrdəki qərarına əsasən o, tələbə olduğu üçün vaxtından 9 ay əvvəl hərbi xidmətdən tərxis olundu və APXDİ-nin II kursunda təhsilini davam etdirmək üçün sentyabr ayının əvvəllərində Kanskdan Bakıya qayıdan Ülvi həmin gün mitinqdə iştirak etmiş və uydurma "Dağlıq Qarabağ probleminin" xalqı üçün yaratdığı sıxıntıların, iztirabların, gərginliklərin daha da dərinləşdiyinin şahidi olmuşdur.

10 sentyabr 1989-cu ildə Ana torpağı, doğma xalqı qarşısında övladlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirəcəyini vicdan borcu bilərək öz müqəddəs "And"ını yazmışdı.

Ülvi Bünyadzadə Xarici Dillər İnstitutunda Azərbaycan Xalq Cəbhəsinin dayaq dəstəsinin və Şimali Azərbaycan Azad Tələbələr İttifaqının (ŞAATİ) yaradılmasında fəal iştirak edirdi. O, AXC-nin institutdakı dayaq dəstəsinin fəaliyyət proqramını hazırlayanlardan biri olmuşdur.

Sov.İKP-nin bütün sovet xalqlarının həyatında oynadığı mənfi rolu başa düşərək Bakıya qayıtdıqdan sonra Azadlıq meydanında (dekabr) mitinq zamanı "Xalqı bu mübarizədə gedilən yoldakı qələbəyə inandırmaq üçün lazım olsa, bütün cismimizi yandırmağa hazır olmalıyıq" deyərək kommunist biletindən imtina etdiyini bildirmiş, bileti oradaca ovcunun içində nümayişkaranə yandırmışdır.

19 yanvar 1990-cı ildə gecə Bakıya girən Sovet ordusunun yolunu kəsmiş, dinc piketin gülləbaran edilməsinə dözməyərək, sinəsini xalqına tuşlanmış gülləyə sipər etmiş və saat 00.20-də həlak olmuşdur. Yanvarın 20-də axşamüstü dostları, tələbə yoldaşları və müəllimləri onun cəsədini Semaşko adına xəstəxanadan tapdılar.

Ülvi Bünyadzadə Bakıda Şəhidlər Xiyabanında 40-cı qəbrdə dəfn olunmuşdur.

Ülvinin əsərlərinə 200-dən çox şeiri, "Ömür yolu" poeması və "Qansızlar" povesti (Hər iki əsər Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-yə yaxın dünya ədəbiyyatından original tərcümələr (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqaləsi, bibisi Almaza, dostları Məhəbbət və Cavidə yazdığı xeyli məktubları və s. yazıları daxildir.

Ülvinin son illər yaşadığı küçəyə (babasının evi yerləşən küçəyə) "Ülvi Bünyadzadə küçəsi" adı verilib. Həmin evin (babasının evinin) divarına "Burada 20 yanvar şəhidi, şair Ülvi Bünyadzadə yaşamışdır" yazılı barelyef-lövhə vurulmuşdur.

"20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adi haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də kecmiş SSRİ silahlı quvvələrinin Bakıya və respublikanın bir necə rayonuna hərbi təcavuzu zamanı həlak olmuş 147 nəfərə indiyədək "20 Yanvar şəhidi" fəxri adı verilmişdir.

"20 Yanvar şəhidi" fəxri adı verilmişdir.
Könül Bünyadzadənin qardaşıdır.
Almaz Ülvinin qardaşı oğludur.
Qasım Binnətovun nəvəsidir.
Əsərləri
"Ülvi duyğularım" (toplayanı, tərtib edəni, nəşrə hazırlayanı, redaktoru və ön sözünün müəllifi Almaz Ülvidir), Bakı, "Gənclik", 1990, 55 səh.
"Bir ölümün acığına" (toplayanı, tərtib edəni, nəşrə hazırlayanı, redaktoru və ön sözünün müəllifi Almaz Ülvidir), Bakı, "Gənclik", 1993, 256 səh.
"Ömrüm sənin eşqindi" (toplayanı, tərtib edəni, nəşrə hazırlayanı, redaktoru və ön sözünün müəllifi Almaz Ülvidir), Bakı, "Mütərcim", 1998, 256 səh.
"Sənin oxşarın bənövşədi" (toplayanı, tərtib edəni, nəşrə hazırlayanı, redaktoru və ön sözünün müəllifi Almaz Ülvidir), Bakı, "CBS" 2005, 495 səh.
"Omür yolu" (poema), 2 dildə – (toplayanı, redaktoru və ön sözünün müəllifi Almaz Ülvidir), Azərbaycan və gürcü dillərində. Tbilisi. 2009-cu il.
"Omür yolu" (poema). 5 dildə – Azərbaycan, türk, ingilis, rus və gürcü dillərində. (toplayanı, redaktoru və son sözünün müəllifi Almaz Ülvi. Ön sözünün müəllifi Qənirə Paşayevadır.), Bakı, "Mütərcim", 2009.
Əfqanıstan ağrıları (poema və povest) // Azərbaycan, türk, özbək, qırğız, tatar, ingilis, rus, gürcü dillərində, (redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova) // Bakı , “Elm və Təhsil”, 2015. 192 səh.
Qəhərlənmiş könlüm: dünya ədəbiyyatından tərcümələr / şeirlər, hekayələr, (redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova) // Bakı , “Elm və təhsil”, 2015. 120 səh.
Ульви Буньядзаде. Жизненный путь. Стихи и поэма. (перевел на русского языка Гия Пачхаташавили) // Баку, “Elm və təhsil”, 2014. 64 стр.


Tarix: 27.01.2015 / 13:17 Müəllif: Feriska Baxılıb: 217 Bölmə: Azərbaycanın müharibələri‎
loading...