beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağahüseyn Cavadov

Ağahüseyn Xəlil oğlu Cavadov (22 aprel 1894 - 20 iyul 1981) — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti.

Həyatı

Mahir komediya ustası, xarakter maskalarından məharətlə istifadə edən, tipaj yaratmaqda səriştəli aktyor, satirik obrazların ifasında qroteskdon həssaslıqla bəhrələnən Ağahüseyn Xəlil oğlu Cavadov 22 aprel 1894-cü ildə Bakının yaxınlığındakı Xırdalan qəsəbəsində doğulub. Əvvəl mollaxanada təhsil alan Ağahüseyn 1919-cu ildə "Səadət" məktəbini bitirib.

Teatr sənətinə tələbəlik illərindən maraq göstərən, bəzi tamaşalarda sözsüz və epizod rollara çıxmış (müxtəlif truppalarda) Ağahüseyn Cavadov 1920-ci ilin iyunundan müəyyən fasilələrlə (arada 1942-ci ilə qədər Bakı Türk İşçi Teatrında və Musiqili Komediya Teatrında aktyorluq edib) Milli Dram Teatrında işləyib.

Ağahüseyn Cavadov Milli Dram Teatrının səhnəsində Məmişov ("Məhəbbət", Mirzə İbrahimov), Dəmirçi Musa, Bərbərzadə, Mirzə Salman ("Toy", "Xoşbəxtlər" və "Nişanlı qız", Sabit Rəhman), Ocaqqulu, Xosməmməd, Həmzə, İmamverdi, Oddamdı ("Almaz", "Dönüş", "Solğun çiçəklər", "1905-ci ildə" və "Od gəlini", Cəfər Cabbarlı), Cəlal, Soraq kişi ("Həyat" və "Yaxşı adam", Mirzə İbrahimov), Qənimət ("Cavanşir", Mehdi Hüseyn), Mürsəl ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Usta Murad ("İldırım", Cabbar Məcnunbəyov), Bəbir Bəbiroviç, Qoşqar baba ("Yadigar" və "Yol ayrıcmda", İslam Səfərli), İmran ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Savalan ("Dağlar qızı", Adil Babayev), Vasin ("Tanya", Aleksey Arbuzov), Kapitan ("Köç", Cavad Fəhmi Başqut), Luka LUkiÇ ("Müfəttiş", Nikolay Qoqol), Brabansio, Qoca çoban ("Otello" və "Qış nağılı", Vilyam Şekspir), Petruşin ("Canlı meyit", Lev Tolstoy), Sima Popoviç ("Nazirin xanımı", Bratislav Nuşiç), Houkinis ("Şeytanın şagirdi", Bernard Şou), Platon, Məzarçı ("Şeyx Sənan" və "Xəyyam", Hüseyn Cavid), Qoca ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət), Maytreya ("Hind gözəli", Yuri Osnos və Vladimir Vinnikov), Almurad ("Mənim günahım", İlyas Əfəndiyev) rollarında çıxış edib. Ağahüseyn Cavadov "Bəxtiyar" (Rza), "Qızmar günəş altında" (Pirioğlu), "Əhməd haradadır?" (Əhməd), "O olmasın, bu olsun" (Bəy), "Bir qalanın sirri" (Rəmmal), "Sehrli xalat" (Vəzir), "Görüş" (Əbülfəz), "Şərikli çörək" (Xırdavatçı) və digər filmlərə çəkilib. Aktyor 1931-ci ildə respublikanın əməkdar artisti, 4 dekabr 1938-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Ağahüseyn Cavadov 20 iyul 1981-ci ildə Bakıda vəfat edib.

Filmoqrafiya
Bəxtiyar (film, 1955)
Görüş (film, 1955)
O olmasın, bu olsun (film, 1956)
Qızmar günəş altında (film, 1957)
Kölgələr sürünür (film, 1958)
Bir qalanın sirri (film, 1959)
Sehrli xalat (film, 1964)
İstintaq davam edir (film, 1966)
İyirmialtılar (film, 1966)
Əzim Əzimzadə (film, 1967)
Mən ki gözəl deyildim (film, 1968)
Bizim Cəbiş müəllim (film, 1969)
Şərikli çörək (film, 1969)
Hörmətli alim yoldaşlar (film, 1971)
Ağasadıq Gəraybəyli (film, 1974)
Bakıda küləklər əsir (film, 1974)
Dörd bazar günü (film, 1975)
Qərib cinlər diyarında (film, 1977)
Səhər (veriliş, 1995)


Tarix: 31.01.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 705 Bölmə: Aktyorlar