beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanın Teymurilərdən vassal asılılığı

Əmir Teymurun Azərbaycana yürüşlərindən sonra Şirvan Teymurilərdən asılı vəziyyətə düşmüşdü. Lakin, Şirvanşah İbrahim, Əmir Teymurun Azərbaycan hakimliyini oğlu Miranşaha həvalə etdiyi vaxtda belə öz mövqeyini qoruyub saxlaya bilmişdi. Teymurun vassalı olan İbrahim onun adından sikkə kəsdirirdi. XIV əsrin sonlarında Şirvanın bir sıra şəhərlərinin - Bakının Dərbəndin, Şamaxının, Güştəsbinin zərbxanalarında Teymurun adından sikkə zərb olunurdu. ref>Пaxoмoв - Kлaды Aзepбaйджaнa, вып.II, c.44-45

Teymur dəfələrlə Azərbaycandan, Dərbənddən keçərək Gürcüstana və şimala getmiş və həmin səfərlərdə Şeyx İbrahim Şirvan qoşunları ilə onu müşayiət etmişdir. Mənbələrin məlumatına görə h.790 (1396)-cı ilin baharında Həştərxana səfərdən geri qayıdarkən Teymur Dərbəndə gəlib çıxır. Teymurun salnaməçisi Şərəf əd-Din Əli Yəzdi Teymurun əmri ilə şəhərin qala divarlarının bərpa olunduğunu xəbər verir. "Dünyanın fatehi, comərd hökmdar Allahın köməyilə Dərbənddən keçdi və İçqalanın bərpa olunmasını əmr etdi. Onun əmri ilə işə başlanıldı. Onun xoşbəxt və əzəmətlə qayıtması xəbəri aləmə yayıldı".

Şeyx İbrahim bir neçə dəfə Şirvana basqın edərək onu böyük dağıntıya məruz qoyan Toxtamışa qarşı mübarizədə Teymura kömək edirdi. Toxtamış h.789 (1387)-cu ildə yenidən Şirvana soxulub Kür çayına çatdıqda Teymur əmirlərinin başçılığı ilə qoşun göndərərək Şirvanşaha kömək göstərdi. Teymurun oğlu Miranşah atasının və Şirvanşahın qoşunlarının köməyinə çataraq Toxtamışı məğlubiyyətə uğratdı, onu qaçmağa vadar etdi və Dərbənddən qovub çıxardı. Teymur h.797 (1395)-ci ildə Dərbənddən keçərək Toxtamış üzərinə yürüşə gedərkən Şeyx İbrahim Şirvan qoşunları ilə onu müşayiət edirdi. Teymur böyük qələbə qazandı. Toxtamış qaçdı. Qızıl Ordanın ərazisi Teymurun qoşunları tərəfindən dağıdıldı və qarət edildi.


Tarix: 12.02.2015 / 13:47 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: Şirvanşahlar dövləti