beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanədan - Tarixi

Dövlətin əsasının qoyulması
IX əsrin II yarısından Abbasilər xilafətinin zəifləməsi, habelə mərkəzi hakimiyyətə tabe olmamaq meyllərinin güclənməsi nəticəsində bəzi əyalətlər müstəqil hökmdarlıqlara çevrilərək Xilafətdən ayrıldılar. Həmin dövrdə Şirvanda feodal torpaq mülkiyyəti möhkəmləndi. Şirvanşahların ilk müsəlman sülaləsi olan Məzyədilər əvvəllər xilafətin Bərdədəki canişininə (əmirə) tabe idilər. Tam mülki və hərbi hakimiyyətə malik olan əmirlər yerli hakimlərin fəaliyyətinə, vergilərin (cizyə, xərac və s.) yığılmasına nəzarət edirdilər.

Şirvanşahlar dövlətinin əsasını Heysam ibn Xalid qoymuşdur. Heysam ərəb mənşəli Şeybanilər sülaləsinin bir qolu olan Məzyədilər sülaləsindən olmuşdur. Azərbaycan Ərəb Xilafətinin tərkibində olduğu dövrdə xəlifələr uzun müddət Azərbaycan hakimlərini bu sülalədən təyin edirdilər. Məzyədilər sülaləsinin banisi Yezid ibn Məzyəddir. Ondan sonra oğlu Xalid ibn Yezid və Məhəmməd ibn Xalid Azərbaycan hakimi olmuşdur. İlk şahların hakimiyyəti

Mənbələrdə Heysəm haqqında məlumat çox cüzidir. Onun Sərirdə "kafirlərlə" vuruşduğu xəbər verilir. Heysəmin ölüm ili məlum deyil. Görünür, o, az müddət hakimiyyət sürmüşdür.

"Tarix-i əl-Bab"a görə Məhəmməd ibn Xalid Gəncənin əsasını qoyan, yəni Arran şəhərlərindən birinin hakimi olmuşdur. Onun qardaşı Heysəm ibn Xalid həmin vaxt Şirvanın hakimi idi və müstəqillik qazanaraq, Şirvanşah titulu qəbul etmişdi. "Tarix-i əl- Bab"da sonra deyilir:

"...Heysəm ibn Xalid Şirvanda müstəqillik əldə edəndə onun qardaşı Yəzid ibn Xalid də Layzanda müstəqillik qazandı. Heysəm Şirvanşah, onun qardaşı Yəzid isə Layzanşah adlanırdı".

Üç dəfə Azərbaycan, Arran və Ərməniyyə hakimi təyin olunmuş Məhəmməd ibn Xalidin ölümündən sonra onun qardaşı Heysem ibn Xalid Şirvanın hakimi oldu. H. 247-ci (861) ildə xəlifə Mütəvəkkil öldürüldükdən sonra Xilafətdə baş vermiş iğtişaşdan istifadə edən Heysəm özünü müstəqil elan etdi. O, tək hakimiyyətliliyə nail olaraq və Şirvanşah titulunu qəbul etdi. Heysam ərəblərin təyin etdiyi Şirvanşahlarının hakimiyyətinə son qoymuşdur. Beləliklə, Heysəm ibn Xalid Şirvanın Şirvanşah titulu daşıyan ərəb mənşəli Məzyədilər sülaləsindən ilk Şirvan hökmdarıdır. V.F.Minorskinin qeyd edir ki, həmin vaxtdan etibarən "...Yəzidilər sülaləsinin tarixi öz xarakterini dəyişir: onun əvvəllər Bağdaddan əmir vəzifəsinə təyin edilən nümayəndələri indi öz iqta torpaqlarında irsi vassallara çevrilirlər..."

Heysamdan sonra Məhəmməd ibn Heysam, Heysam ibn Məhəmməd Şirvanşah olmuşdur. Şirvanşah Məhəmməd ibn Heysamın ölümündən sonra Şirvanşahlığa oğlu Əli ibn Heysəm ibn Məhəmməd gəlmişdi. Əli ibn Heysəm əl-Babın əmiri ilə birlikdə qonşu Şəndana, "kafirlər" üzərinə yürüş etmiş, Şəndanın qapıları qarşısında məğlub olmuşdur. Əli və əl-Babın əmiri 10 min müsəlmanla əsir düşmüşdü. Üç aydan sonra sərirlilər əsirləri Əli ibn Heysəmi və əl-Bab əmirini əvəzində heç nə almadan azad etdilər, şəndanlıların və xəzərlərin tutduqları əsirlər isə satıldı və onların yalnız çox az bir qismi xilas ola bildi.

İki şir və onların arasında bir öküz başının təsviri Şirvanşahlar dövlətinin gerbi olmuşdur. Təsvirdəki şirlər Şirvanşahlar dövlətinin güc və qüdrətinin, öküz başı isə ölkədəki bolluğun rəmzi idi.

Rusların Azərbaycana birinci yürüşü
Əli ibn Heysəmin hakimiyyəti dövründə əl-Məsudinin bəhs etdiyi başqa hadisə də olmuşdur. Xəzərlərlə yanaşı, Şirvana ruslar da dəfələrlə dənizdən basqınlar edirdilər. Şirvanşahlar və Dərbənd əmirləri bu basqınlara qarşı mübarizə aparırdılar. Ruslar təqribən 914-cü ildə Bakı sahillərinə hücum etmişdilər. İbn Misqəveyh qeyd edir ki, "Rus drujinaları buraya ilk dəfə gəlmirdilər. Onlar qədimdən şərqi Avropa ölkələri, Qafqaz və İran arasında qızğın ticarət gedən yaxşı bələd olduqları yolla irəliləyirdilər".

Rusların bu səfəri haqqında əl-Məsudi də məlumat vermişdir. O göstərir ki, “h.300 (912-13)-cü ildən sonra rusların hərəsində 100 adam olan təqribən 500 gəmisi Don çayı ilə Xəzər kanalına qədər gəldi. Rusların gəmiləri kanalın ağzını qoruyan Xəzər gözətçi dəstələrinin durduğu yerə çatdıqda ruslar bu dənizin ətrafinda yaşayan xalqlardan zəbt etdikləri qənimətin yarısını xəzər xaqanına verməyi vəd edib, ondan bütün ölkəni keçərək Volqa çayına, sonra isə üzüaşağı üzüb çayın mənsəibnə və Xəzər dənizinə çıxmağa razılıq aldılar. Xaqan onların bu qanunsuz işi etməsinə icazə verdi və ruslar körfəzə girib, çayın (Donun) mənsəibnə yetişdilər və onun vasitəsilə üzüyuxarı üzməyə başladılar. Nəhayət, Xəzər çayına (Volqaya) çatdılar və bu çayla Atil şəhərinədək endilər, onun yanından ötərək, çayın Xəzər dənizinə töküldüyü yerdə mənsəbinə yetişdilər, oradan isə (Təbəristandakı) Amul şəhərinə doğru (üzdülər). Rusların gəmiləri dənizə səpələndi və Gilana, Deyləmə, Təbəristana, Curcan sahilindəki Abeskuna neft verən vilayətə (iləd ən-nəffətə - Abşeron) və Azərbaycan istiqamətində yerləşən (bütün torpaqlara) basqın etdilər... bu dənizin ətrafında yaşayan xalqlar özlərini itirdilər, çünki keçmişdə onların üzərinə dənizdən basqın edən düşmən görməmişdilər. Dənizdə yalnız ticarət və balıqçı gəmiləri üzərdi. Ruslar gilanlılarla, deyləmlilərlə və İbn Əbu əs-Sacın sərkərdələrindən biri ilə vuruşdular. Sonra onlar Şirvan şahlığının Bakuh adı ilə tanınmış neft verən sahilinə gəlib çıxdılar. (Sahilboyundan) qayıdarkən ruslar neftverən (vilayətdən) cəmi bir neçə mil aralı olan adalarda daldalandılar. O vaxtlar (təqr. 914-cü il) Şirvanım şahı Əli ibn əl-Heysəm idi. Əhali hazırlıq gördü, qayıqlarına (kəvarib) minib, həmin adalara qədər üzdü. Ruslar onların qarşısına çıxdılar. Minlərlə müsəlman öldürüldü və dənizdə boğuldu."

Azərbaycanın cənubunun, Arranın, Beyləqanın, Bərdə vilayətinin və başqa şəhərlərin, habelə onlarla birlikdə Deyləm, Gilan və Təbəristanın əhalisi qaçmağa üz qoymuşdular, çünki onlar dənizdən hücum gözləmirdilər və qəfil basqına məruz qalmışdılar. Ruslar bu dənizdə bir neçə ay qaldılar, belə ki, dənizlə qonşuluq edən heç bir xalq bir ölkədən başqasına gedib-gələb bilmirdi. Ruslar böyük qənimət əldə etdikdən sonra yenidən xəzər torpaqlarına qayıtdılar. Lakin burada onlar müsəlmanların hücumuna məruz qaldılar. Onların böyük hissəsi (30 000 yaxın) qırıldı və yalnız cüzi bir qismi (5 minə yaxm) xilas olub vətənə qayıda bildi.


Tarix: 12.02.2015 / 13:36 Müəllif: Feriska Baxılıb: 340 Bölmə: Şirvanşahlar dövləti