beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Örənqala (qədim şəhər)

Örənqalada arxeoloji qazıntılar
Mil düzündə yerləşən qədim Örnəqala yaşayış yerinin tədqiqinə hələ 1933-cü ildə AMEA-nın elmi əməkdaşları İ.İ.Meşşaninovun rəhbərliyi altında başlamışlar. Bu ekspedisiya Örnəqala yaşayış yerini tədqiq edən ilk elmi ekspedisiya idi.

Bu birinci ekspedisiya aydınlaşdırmışdır ki, erkən dövrlərin birində şəhər ölçülərinə görə böyük olub, indi tədqiq edilən şəhər yerinin ərazisini bütünlüklə əhatə etmişdir. Sonralar görünür ki, iqtisadi və siyasi mərkəz rolunu itirəndən sonra şəhər ərazisi kiçilmiş və yeni divarlar hörüləndən sonra köhnə şəhərin yalnız bir hissəsi yeni şəhərin ərazisinə daxil olmuşdu. Köhnə şəhərin qalan hissəsi isə şəhər divarlarının xaricində qalaraq tədricən dağılmışdı. Yeni şəhərin daş divarları dağıldıqdan sonra şəhər ətrafındakı müdafiə işləri torpaq sədd çəkməklə aparılır. Ekspedisiyanın məlumatıma görə yeni şəhərə aid olan mədəni təbəqə dağıntıya məruz qaldığından Örənqalanın bu hissəsindəki 1933-cü il qazıntıları stratiqrafiyanı dəqiq müəyyən etməyə imkan verməmişdi. Buna baxmayaraq Örənqala şəhər yerindən tapılmış Rey keramikasının ayrı-ayrı nümunələri və çoxlu miqdarda mis sikkələr göstərir ki, şəhərin çiçəklənmə dövrü səlcuq və monqol yürüşləri (XII-XIV əsrlər) dövrünə təsadüf edir. Qeyd etmək lazımdır ki, monqol işğalları dövrü dedikdə, Hülakülər dövləti dövrü nəzərdə tutulur. Belə ki, ilk monqol hücumları zamanı şəhər güclü dağıntıya məruz qalmış, uzun zaman dirçələ bilməmişdi.

İkinci dəfə Örənqalada arxeoloji qazıntı işləri Ə.Ələkbərovun rəhbərliyi altında 1936-cı ildə aparılmışdır. Qazıntıların nəticəsi olaraq şəhərin təxmini planını cızmaq və bəzi yerlərdə mədəni təbəqələrin xarakteristikasını vermək mümkün olmuşdu.

Mil düzünün böyük, düzənlik sahəsində geniş təpələr qrupu yayılmışdır. Burada, şimal-qərb tərəfdə 15 m hündürlükdə elə bil ki, çərçivəyə alınmış qədim şəhər yeri mövcuddur. Qədim şəhər yeri və təpələrin ümumi ərazisi 10 km², şəhərin ərazisi isə ayrılıqda 2-3 km² təşkil edir.

Sonralar Q.M.Əhmədov öz tədqiqatlarında şəhər yerinin tutduğu ərazinin nisbətən böyük, mədəni təbəqənin isə daha qalın olduğunu göstərmişdir. O yazır:

"Örənqala şəhər yeri Mil düzündə – Beyləqan rayon mərkəzindən təxminən 17 km şimal-qərbdə yerləşir. O, hər tərəfdən düzənliklə əhatə olunmuşdur. Örənqala şəhər yerinin hazırkı ərazisi, təxminən 36 hektardır. Bu sahə yerin adi səthindən 5-6 m hündür olan təpələrlə, təpələrin ətrafı isə 1-2 m dərinliyində və 10-15 m enində xəndəklərlə əhatə olunmuşdur. Şəhərin içərisindəki sahədə müxtəlif dövrlərdə maddi mədəniyyət qalıqlarından əmələ gəlmiş mədəni təbəqənin qalınlığı düzənliyin adi səthindən 3-4 m və bəzi yerlərdə daha çox yüksəklikdədir. Şəhərin bütün ərazisini düzbucaqlı şəkildə olan uzun təpələr dövrəyə alır".

1936-cı ildə Örənqaladakı qazıntı işləri yeni şəhər yerində deyil, onun kənarında – yaxınlıqdakı təpələrin birində aparılmışdı. Qazıntı işləri aparılan sahədə mədəni təbəqə dağılmamışdı və gözlənilməz nəticə vermişdi. Ə.Ələkbərov 1936-cı il qazıntıları haqqında yazır ki, qazıntı işlərini biz təpələrdəki ümumi sahəsi 200 m olan üç meydançada aparmağa başladıq. Təpələrdə aparılan qazıntılar göstərdi ki, bu üç meydançada yerləşən mədəni təbəqələr oxşardır. Hər bir meydançada birinci yarım metr dərinlikdən kərpic qarışıq torpaq qatı, bunun ardınca isə divarları müxtəlif ölçülü kərpiclərlə hörülmüş tikilinin qalıqları üzə çıxmışdı. İkinci və üçüncü təbəqələrdən eyni ölçülü (21×21×4 sm) kərpiclərlə daha ustalıqla hörülmüş tikinti qalığından aşkar edilmişdir. Dördüncü təbəqədən yarım metr hündürlüyü olan, kərpicdən tikilmiş pilləkən qalığı tapılmışdı. Ə.Ələkbərov yazır ki, pilləkən qalıqlarının aşkar edilməsi burada nə vaxtsa iki mərtəbəli ev olduğunu göstərir. 3 m dərinlikdə yerləşən beşinci təbəqədən hansısa iri tikilinin küncləri aşkarlanmışdır. Bu tikilinin divarlarının hörgüsündə 35×35×5 sm ölçülü bişmiş kərpiclərdən istifadə olunmuşdur. Kərpic divarların möhkəmliyi üçün bərkidici məhluldan istifadə edilmişdir.

Birinci dörd təbəqədə aşkar edilmiş evlərin bünövrəsi yaxşı qalmışdır. Kərpicdən arakəsmə divarları olan, kiçik otaqlardan, mətbəx və təndirlərdən ibarət olan tikili daxili planına görə feodal şəhərləri üçün xarakterikdir. Ə.Ələkbərov tikinti materialları və bina qalıqlarından başqa buradan çoxlu miqdarda keramika nümunələri tapıldığını qeyd edir.

Şəhər yerinin yuxarı hissəsində də xeyli keramika aşkar edilmişdi. Lakin keramikanın müxtəlifliyini diqqətlə təhlil edən Ə.Ələkbərov bu keramika nümunələrinin ayrı-ayrı mədəni təbəqələrə məxsus olduğunu qeyd edir. İkinci və üçüncü təbəqələrə aid keramika iri, kobud rəsmlərlə bəzədilmiş, ala-bəzək qamma, məsələn, bənövşəyi və tünd yaşıl rənglərdən ibarət, çox da təkmilləşmiş formada olan qalın divarlı gil qablardan ibarətdir. Tapılan keramika nümunələri arasında Rey tipli qabların ayrı-ayn parçaları da vardır ki, Ələkbərov bu qabların buraya tikinti işləri zamanı aşağı təbəqələrdən qarışdığnı yazır .

Ə.Ələkbərov qazıntılar zamanı 160-170 sm-dən 250 sm-dək dərinlikdən gildən hazırlanmış qəndilin ayrı-ayrı parçalarının iki topasını aşkarladıqlarını yazır və göstərir ki, bu keramika yığnağı (trizna) evin içində deyil, onun xaricində – çoxlu inşaat zibilinin içərisində tapılmışdır. Bu onu göstərir ki, tapılmış keramika parçaları daha alt təbəqələrə aiddir. Lakin bu alt təbəqələr hələ qazılmamışdır. Bu təbəqədən həmçinin Kufi yazılı inşaat bəzəyinin və basma naxışlı keramikanın ayrı-ayrı parçaları da üzə çıxarılmışdır. Təbəqənin yuxarı hissəsindən isə Eldənizlərə (XII əsrin sonu - XIII əsrin əvvəlinə) aid xeyli miqdarda mis pullar tapılmışdır. Müəllif göstərir ki, Rey tipli keramika bir qədər erkən dövrə aiddir .

Ə.Ələkbərov aşkar edilmiş Rey tipli keramika fraqmentlərinin fövqəladə müxtəlifliyini, işlənmə texnikasına görə zənginliyini və onların nəbati naxışlarla bəzədildiyini göstərmişdir. Bundan başqa üzərində insan, quş və mifik heyvan şəkli olan qablar da aşkar edilmişdi. Qabların birinin daxili hissəsində oturmuş qadın şəkli çəkilmişdir. Qabların xarici hissəsinə isə ərəb yazılarına oxşar bəzəklər vurulmuşdur. Lakin fraqmentlərin hamısı əldə olunmadığından bu yazıları oxuyub aydınlaşdırmaq mümkün olmamışdı. Bu təbəqədən qırmızı gildən hazırlanmış və basma naxışlarla bəzədilmiş qab da tapılmışdır. Qabın üzərində yüksək ustalıqla ağac və heyvan rəsmləri çəkilmişdir. Belə qabların parçaları xeyli miqdarda şəhər yerinin yuxarı hissəsində tapılmışdı. Bu qabların üzərindəki rəsmlər əsasən həndəsi naxışlar və itin dovşanı qovması səhnəsindən ibarətdir.

Yuxarı təbəqələrdən tapılmış üçüncü tip keramika bir qədər kobud hazırlanmışdır. Bu tip gil qabların üzərində ənənəvi qrifon rəsmi var və qabın alt hissəsinə basılmış möhür isə görünür dulus emalatxanalarına aiddir. Möhürləri nəzərdən keçirərkən onların arasında təkrara da rast gəlmək mümkündür. Eyni möhürə malik qabların daxili hissəsinin omamentikasında və rənglərin seçimində ümumi cəhətlər vardır. Ə.Ələkbərov qeyd etmişdir ki, qabların möhürlərini nəzərdən keçirməklə onların harada istehsal olunduqlarını aydınlaşdırmaq olar. Qeyd edək ki, hələ İ.İ.Meşşaninovun Örənqalaya olan birinci ekspedisiyası zamanı müəyyən olunmuşdur ki, aşkar edilən gil qablar elə yerli istehsalın məhsuludur. Beləliklə, Örənqala şəhər yerinə olan ikinci ekspedisiyanın nəticələri belə deməyə imkan verir ki, üçüncü şəhər hesab edilən yer Örənqalanın şəhər kənarı sənətkarlıq məhəlləsidir. Ə.Ələkbərov qazıntı zamanı tapılan bol keramika məmulatının da məhz bu sənətkarlıq məhəlləsində istehsal olunduğu mülahizəsini irəli sürmüşdür.

Ekspedisiya qədim şəhər yerindən şərqə tərəf 200 m aralıda olan təpələrdən birində kəşfiyyat xarakterli qazıntı işləri də aparmışdır. Burada Örənqala şəhər yerindəki üçüncü təbəqədə aşkar edilmiş yaşayış kompleksinə oxşar daha bir yaşayış kompleksi tədqiq edilmişdir. Məlumdur ki, şəhərin xaricində aparılan bundan əvvəlki qazıntılar zamanı məqbərə qalıqları da tapılmışdı.

Ə.Ələkbərov bu fakta əsasən qəbristanlığın şəhər yerinin xaricində mövcud olması fikrini irəli sürmüşdü.O, Örənqala şəhər yeri ətrafındakı tikililər haqqında yazır ki, şəhər yalnız qala divarları ilə hüdudlanmır, bunlarla yanaşı şəhərin kənarında ayrı-ayrı qəsəbələr də yerləşmişdi.

Ə.Ələkbərov qazıntı sahəsində feodallara və varlı şəhərlilərə aid ev qalıqlarını da tədqiq etmişdi. Alim bunlardan başqa aşkar edilən kiçik həcmli evlərin isə sənətkarlara məxsus olması mülahizəsini irəli sürmüşdür.

Ə.Ələkbərovun Örənqala şəhər yerində apardığı arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, qazıntı sahəsinin müxtəlif təbəqələrindən əldə edilən maddi mədəniyyət qalıqlarının əsas hissəsi keramika nümunələrindən ibarətdir. Qeyd edilməlidir ki, keramika istehsalı feodal Azərbaycanında sənətkarlığın əsas sahələrindən biri olmuşdur. Ə.Ələkbərovun apardığı arxeoloji qazıntılar və onların nəticələri böyük marağa səbəb olmuş və Örənqalanın fundamental tədqiqinə yol açmışdır.

Örənqalada üçüncü arxeoloji qazıntı İ.M.Cəfərzadənin rəhbərliyi ilə 1951-ci ilin yanvar ayında AMEA-nın Tarix İnstitutunun təşkil etdiyi ekspedisiya aparmışdır. Bu qazıntılar zamanı, Kiçik şəhərin şimal-qərb xəndəyi Böyük şəhərin şimal-şərq divarını üzdə deyil, dərindən kəsdiyi müəyyənləşdirilmiş və həmin divarın ilk dəfə saman qarışıq çiy kərpicdən, sonra isə möhrədən tikildiyi aydınlaşdırılmışdır.

1953-1957-ci il qazıntıları SSR EA-nın Arxeologiya İnstitutunun Leninqrad bölməsi ilə Azərbaycan SSR EA Tarix İnstitutunun 1953-cü ildə təşkil olunmuş birgə ekspedisiyası tərəfindən aparılmışdır. A.A.İessenin rəhbərlik etdiyi bu ekspedisiya Örənqalada üç yerdə qazıntı aparmışdır:

Kiçik şəhər ərazisində (I sahə),
Böyük şəhərin qala divarları yanında (II sahə),
Şəhərin sənətkarlar məhəlləsində (III və IV sahələr).
1953-1957-ci illərin qazıntıları nəticəsində əldə edilmiş materiallar şəhərin müxtəlif inkişaf dövrləri haqqında müəyyən fikir yürütməyə imkan vermişdi.

1957-ci ilin yazından Örənqalada qazıntı işləri A.L.Yakobson və N.V.Minkeviç-Mustafayeva tərəfindən aparılmışdır. Qazıntı sahəsi 15 m-lik ərazini əhatə edirdi. Ekspedisiya əldə edilən keramika məmulatının öyrənilməsini davam etdirərək qazıntı zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələrinin bizim eranın V-VI əsrlərinə aid olduğunu müəyyən etmişdi.

1957-ci il qazıntıları Örənqalanın Kiçik şəhər adlanan hissəsində şəhərin maddi mədəniyyətinin tədqiqi üçün lazımlı material əldə etmişdi. Buradan tapılan keramikanın çox hissəsi IX-X əsrlərə aiddir. Aşkar edilmiş keramika məmulatına əsasən IX-X əsrlərdə Beyləqanda dulusçuluq sənətinin inkişaf etdiyini söyləmək olar.

Örənqala şəhər yerinin cənub-qərb tərəfindəki qazıntılar orta əsr Azərbaycan şəhəri Beyləqanda dulus istehsalı ilə bağlı yeni faktlar aşkar etmişdi.Belə ki, 0,2-1,0 m dərinlikdə külli miqdarda şirli və sadə keramika qalıqları aşkarlanmış, sadə keramikaya xas olan dar boğazlı və dörd lüləkli küp qırıqları, fincan, çıraq, nimçə, üzərində yarpaq şəkilli möhürü olan qapaq və s. əldə edilmişdi.

1958-ci ildə V.P.Fomenko tərəfindən Örənqalada məqbərə qalıqları üzə çıxarılmışdı. Məqbərənin kvadrat planda olan kürsülüyünün özülü və ağ rənglə suvanmış otağın döşəməsinin qalıqları salamat qalmışdı. Məqbərənin kürsülüyünün şimal və cənub divarlarının uzunluğu müvafiq olaraq 6,0-5,80 m, qərb və şərq divarlarının uzunluğu isə 5,60 və 5,80 m təşkil edirdi. Dairəvi döşəmənin diametri 4,70 m ölçüdədir. Məqbərəyə giriş şimal-qərb tərəfdəndir. Məqbərənin əsas tikinti materialı kvadrat, düzbucaqlı və üçbucaqlı formalarında olan bişmiş kərpiclərdən ibarətdir. Görünür bu kərpiclər Örənqala şəhər yerinin xarabalıqlarından götürülmüşdür.

F.İ.İbrahimov tərəfindən Beyləqanda aparılan qazıntı işləri zamanı xeyli metal məmulatı (mis və tunc) tapılmışdır. Əldə edilən maddi mədəniyyət nümunələri əsasında müəyyənləşdirilmişdir ki, orta əsr ustalan metal əşyaların naxışlanmasında əsasən, həndəsi və nəbati ornamentlərdən istifadə etmişlər.

Beyləqanın qala darvazasını tapmaq məqsədilə 1962-1967-ci illərdə burada qazıntı işləri aparılmışdır. Qala darvazası Örənqalanın "Böyük şəhər" adlanan hissəsinin şimal-qərb qala divarlarının təxminən ortasında yerləşir. Qazıntılardan aydın olmuşdu ki, darvazanın şimal-şərq bürcü orta hissədə 28×28x6 sm ölçüdə çiy kərpiclərlə hörülmüşdür. Burada ölçüləri 26×26x6 sm olan tək-tək bişmiş kərpiclərə də təsadüf olunur. Bürcün möhrə ilə hörülən hissələri də vardır. Darvazanın cənub-qərb bürcü qazıntının qərb hissəsində aşkar olunmuşdur. Bu bürc formasına və tikinti üslubuna görə darvazanın şimal-qərb bürcü ilə oxşardır. Hər iki bürcün üz divarındakı batıqlar, ornamentlərin eyniliyi onların bir vaxtda tikildiyini göstərir.

Örənqala şəhərinin adına gəlincə Ə.Ələkbərov Paytakaran, Beyləqan və Bilaqamın eyni şəhərin adı olduğunu ehtimal etmişdir. O, qeyd etmişdir ki, fars müəlliflərinə görə Örənqala şəhər yerinin altında Bilaqan gizlənir. Bunu vaxtilə Azərbaycan tarixçisi A.Bakıxanov da təsdiq etmişdi. Bundan başqa digər fars müəlliflərinin mülahizələrinə görə Teymur Mil düzündə Örənqala görünüşdə Bilaqan divarları hördürmüşdür.

Ə.Ələkbərov Örənqala adının etimologiyasının "Uran qalası" olduğunu ehtimal etmiş və göstərmişdir ki, bu qədim söz Aran adının transformasiya olunması nəticəsində yarana bilər. Paytakaran adı da, həmçinin, Aran sözünün transformasiyası nəticəsində yaranmışdır.

Q.M.Əhmədovun qənaətincə, Örənqalanın hansı şəhərin xarabalıqları olması məsələsi ancaq 1955-ci ildə həll edilmişdir. Belə ki, həmin ildə Örənqala şəhər yerinin sənətkarlar məhəlləsində qazıntı zamanı əldə edilən materiallar içərisində bir ədəd bütöv və dörd ədəd istehsalat tullantısı olan şar-konusvarı qab parçası tapılmışdır. Bu qab parçalarının üzərinə vurulmuş kiçik möhürlərin içərisində ərəbcə "Fəzlun Beyləqanda hazırlamışdır" sözləri yazılmışdır. Bu qab parçalarımın istehsalat tullantısı olması (yəni yerli istehsalın məhsulu olması), Örənqalanı Beyləqan şəhərinin xərabələri hesab edən tarixçilərin fikrini qəti şəkildə təsdiq etmişdir.


Tarix: 28.01.2015 / 18:18 Müəllif: Feriska Baxılıb: 340 Bölmə: Ümumi