Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamın yayılması

Ərəb orduları 642-ci ildə Sasani ordularını darmadağın etdikdən sonra Sasani şahlarının əfsanəvi sərvətlərindən başqa, Sasanilərin bütün ərazisi də onların əlinə keçdi. Zahirən qüdrətli görünən bir dövlətin məhv olub getməsi ərəblər üçün bir qədər təəccüblü və gözlənilməz oldu, çünki Təbərinin dediyinə görə, ərəblər öz istilalarını daha da davam etdirmək fikrində deyildilər və əsas məqsədləri, məlum olduğu kimi, hələ o zaman ərəblərin yaşadığı və onların həyatı üçün zəruri olan Mesopotamiyanı (Beyn ən- Nəhreyni) tutmaq idi. Xəlifə Ömər ibn Xəttab (634-644) öz qoşunlarını təhlükəyə salmaq istəmirdi və görünür, ərəblərə məlum olmayan digər ölkələrdə Xilafət ordularının başına nələr gələ biləcəyindən ehtiyat etdiyinə görə qoşun komandanı Sədə belə bir əmr verdi: "Öz yerində dayan və onları (düşmənləri) təqib etmə".

Lakin ərəb qoşunu, məğlub olub hər tərəfə qaçışan Sasani orduları üzərində asanlıqla qazandığı qələbələrdən və əldə etdiyi zəngin qənimətlərdən həvəsə gəlib daha şimala doğru irəliləməkdə davam edirdilər və xəlifələr adətən öz komandalarının bu "özbaşınalığına" fıkir vermirdilər, xüsusilə ona görə ki, qələbə ilə qurtaran hər bir vuruşma xəlifənin xəzinəsinə və qoşuna böyük gəlir gətirirdi. Ərəblər yeni vilayət və ölkələri tutanda əvvəllər həmin yerləri öz idarə anlayışları əsasında idarə etməyə başladılar. Bu idarə üsulu həmin ölkələrdə yalnız mümkün olduğu qədər çox vergi və natural mükəlləfıyyətlər əldə etməkdən, habelə başqa dinə mənsub olub itaət altına alınanlar arasında islam dinini yaymaqdan ibarət idi. Azərbaycan və xüsusilə Arran əhalisi, bu ölkələr ərəblər tərəfindən istila edilməzdən əvvəl, daimi Bizans-Sasani müharibələri, xəzərlərin və digər köçəri xalqların basqınları nəticəsində çox yoxsul vəziyyətdə idi. Müharibələr təsərrüfatın dağılmasına səbəb olur, ölkələrin istehsal qüvvələrini tükəndirirdi. Buna görə əhali ərəb istilaçılarının Azərbaycana gəlməsini illər boyu davam edən zülm və əzablardan xilas olmaq kimi hesab edirdi. Ərəblərin dövründə (hər halda Əməvilər hakimiyyəti başlayanadək) kəndlilər əvvəlkinə nisbətən, bir qədər yaxşı yaşamağa başlamışdılar, çünki ərəblər yalnız vergi və töycüləri yığıb, bu ölkələrin daxili həyatına qarışmırdılar, öz dini əqidələrində və dini ayinləri icra etməkdə onlara sərbəstlik verirdilər. N.V.Piqulevskayanın qeyd etdiyinə görə, "Ərəblərin müxtəlif vilayətləri işğal etdikdən sonrakı ilk onilliklərdə ağır vergi yükü şübhəsiz azaldılmışdı, habelə dini əqidəyə görə təqiblər dayandırılmışdı".

Əksəriyyəti köçəri olan istilaçı ərəblərin özləri hələ yeni olan dini (islamı) lazımınca mənimsəmədiklərinə görə, əvvəllər Azərbaycan əhalisini islamı qəbul etməyə məcbur etmirdilər , əlbəttə, yeni dini qəbul etmək istəyənlərə mane olmurdular. Bu xüsusilə Arrana aid idi, çünki onun əhalisi xristian, "Kitab əhli" ("əhl əl-Kitab") idi.

Ölkənin cənub hissəsinə gəldikdə isə, burada islam dini İranın dövlət dinini (zərdüştiliyi) sıxışdırmışdı. Ancaq atəşpərəstlər və məcuslar (çoxailahlılar) təqib olunurdular, çünki onlar "Kitab əhli" deyildilər.

Azərbaycan dehqan-feodalları əvvəllər öz ata-babalarının dinini müdafiə etməyə cəhd etmiş olsalar da, çox keçmədən yəqin etdilər ki, öz əvvəlki imtiyazlarını saxlamaq üçün onlara ancaq ölkədə hakimiyyəti ələ keçirmiş ərəblərlə əməkdaşlıq etmək qalır. Buna görə də Azərbaycanın feodal aristokratiyasının (kəndli kütlələri hələ bir yana dursun) islam dinini qəbul etməsi prosesi çox tez başa çatdı, belə ki, cəmi yüz il ərzində, Abbasilərin hakimiyyət başına keçməsi ilə islam dini zərdüştiliyi tamamilə sıxışdırdı.

Azərbaycanda yalnız ərəb qoşunları və hakimiyyət idarələrinin əl çatdıra bilmədiyi dağ rayonlarının əhalisi qədim dinə inanmaqda davam edirdi, çünki İbn Xəldunun sərrast söylədiyi fıkrinə görə, ərəblər "dağlıq yerlərə deyil, düzənlik yerlərə basqın etməyə meyil göstərirlər, ona görə ki, bu xalq öz vəhşiliyindən qarəti, soyğunçuluğu və viran etməyi sevir, dağ yerlərində isə bu məqsədə nail olmaq asan deyildir".

Lakin qeyd edilməlidir ki, ərəblərin Azərbaycanda "Kitab-əhli" ilə mülayim rəftar etmələrinin səbəbi bir də odur ki, onlar Bizans imperiyasına qarşı mübarizədə hərbi əməliyyat meydanı olan Zaqafqaziya vilayətlərinin strateji əhəmiyyətini yaxşı başa düşürdülər. Buna görə də işğalçı ərəblərin Zaqafqaziya əhalisi ilə, nə səbəbə belə "dostcasına iltifatla" rəftar etdiklərini başa düşmək olar.

Şimali Azərbaycanda da islam dini əvvəlki xristian dinini sıxışdırıb aradan qaldırmağa başlamışdı, lakin Cənubi Azərbaycana nisbətən müsəlmanlaşdırma prosesi burada uzun sürdü. Arranda islam dini birinci növbədə o qədər də müqavimət göstərmədən ərəblərə tabe olan yerli zadəganlar tərəfindən qəbul olunurdu, çünki knyazlar öz aralarındakı şəxsi ixtilafları həll etmək üçün işğalçıları köməyə çağırırdılar. Bundan əlavə, Arran zadəganlarının islam dinini qəbul etməsi maddi mənfəətdən və əsasən bundan irəli gəlirdi ki, ərəblər zadəganların torpaq mülkiyyətinə sahiblik hüququnu olduğu kimi saxlayır və onları cizyə verməkdən azad edirdilər; məlum olduğu kimi, cizyə aşağıdakı prinsipə görə alınırdı: dövlətlinin dövlətindən, varlının varından, yoxsulun yoxsul güzəranından. V.V.Bartold qeyd etmişdir ki, "xristianlıqdan fərqli olaraq, islam dini fərdi missionerlərdən istifadə etmirdi və yalnız istila yolu ilə yayılırdı; müsəlman torpaqlarının sərhədləri ilə islamın yayılan sərhədləri bir-birinə uyğıın gəlirdi", həm də "islam dini zorakılıqla yayılmırdı və nə xristianlar, nə də zərdüştilər təqib olunmurdular".
İslam dininin qəbul edilməsi məsələsində yalnız Əməvilərdən sonrakı Xilafət dövründə kəskin dönüş əmələ gəlmişdi[9]. Vaxtilə V.R.Rozen bu cəhətə diqqəti cəlb etmişdi; o, X əsrin əvvəllərindəki ərəb münəccimi ibn Əbu Tahirin (Tayfurun) aşağıdakı sözlərini sübut gətirir: "...bu vəziyyətdə (göstərilən övzəyi kəvakibdə) hakimiyyət Əməvilərdən Abbasilərə keçdi, dehqanların da sehrbaz maqlara etiqadı ölüb getdi və onlar Əbu Müslimin dövründə islam dinini qəbul etdilər; bu [etiqad] dəyişikliyi [yeni] dinin başlanğıcına oxşayırdı [yəni bu dəyişiklik öz əhəmiyyətinə, öz mənasına görə, yeni dinin əsası qoyularkən əmələ gələn dəyişikliyə bənzədilə bilər]".
Əməvilər Xilafətdə vahid hakimiyyət və vahid dil bərqərar edib, Xilafətin təbəələri arasında islam dinini yaymaqla yalnız sonralar onların xələfləri Abbasilərin istifadə etdikləri maddi şəraiti yaratmışdılar. Arran əhalisi haqqında hətta bunu da demək olmaz, çünki "Kitab əhli" olan Arran əhalisini onlar üçün yeni olan bir dini qəbul etməyə heç də məcbur etmirdilər, əksinə, xristianların özləri islam dinini çox müvəffəqiyyətlə qəbul edirdilər. Xəlifələr ərəblərdən "təqaüd alan və divanın hesabında olan şəxsləri" Azərbaycan torpaqlarında yerləşdirir və onlara əmr edirdilər ki, "əhalini islama dəvət etsinlər". Bütün islam tədqiqatçıları qeyd edirdilər ki, ərəblərin itaət altına aldıqları ölkələrin xalqları yeni dini kütləvi şəkildə qəbul edirdilər, çünki V.Rozenin dediyinə görə "ərəblər öz sadəliyi və bəsitliyi ilə əzəmətli, yeni bir din gətirmişdilər və dini təqib və didişmələrin təzyiqi altında haldan düşüb əzilən kütlələrin zövqünə bu yeni din xüsusən ona görə uyğun gəlmişdi ki, demək olar, hər yerdə yadellilərin ağır iqtisadi zülmündən kütlələri azad edən xilaskar kimi göstərirdi". Buna görə aydındır ki, ərəblərin itaət altına aldıqları xalqların ərəb istilaçılarının zülmündən şikayət etməyə heç bir ciddi əsası yox idi. Başqa dindən olanlar öz əvvəlki dinlərini dəyişdirməyə bilərdilər, lakin bu halda onlar xəracdan başqa cizyə də verməli idilər. Yalnız vergilər vaxtında və düzgün ödənməyəndə və əvvəlki dini etiqadı müdafıə etmək bəhanəsi siyasi və milli istəkləri örtüb gizlədən bir pərdə rolunu oynayanda, yəni iş böyüyüb ərəb hakim dairələrinə qarşı açıq üsyan şəklini alanda ərəblər cəza tədbirlərinə əl atırdılar. Əlbəttə, xəlifə I Ömərin zimmilər (başqa dindən olanlar) haqqında təhqiredici qərarları, yəni onların öz əvvəlki dini etiqadlarında qala biləcəklərini, lakin aşağı silkə mənsub olub cizyə verdiklərinin əlaməti olaraq boyunlarına qurğuşundan nişan taxdıqlarını yadda saxlamalı olduqlarını göstərən bu qərarlar bildirirdi ki, Allah elçisinin qanunları yalnız çoxallahlılara və atəşpərəstlərə qarşı çıxır. A.J.Krımski düzgün olaraq qeyd etmişdir ki, "xristianlıqda hər bidəti amansızlıqla təqib edən qonşu xristian Bizansa nisbətən, islam dini qanunu, hətta Ömərin nəzəriyyəsində kifayət qədər liberal qanun idi" , tədqiqatşılar isə hətta xəlifə Ömər ibn Xəttabı Hz. Məhəmmədin özündən daha ardıcıl müsəlman kimi qiymətləndirirlər.

Ərəb istilasından sonra zərdüşt ruhaniləri ölkədə öz hakim mövqelərini itirmiş olsalar da, yerli əhali üzərində öz təsirlərini itirməmişdilər Karaka. Bu cəhət, xüsusilə, Azərbaycanın və İranın digər əyalətləri, dağ rayonlarının (Deyləm, Gilan, Təbəristan) əhalisinə aiddir, zira bu yerlərdə hakim vəziyyətdə olan din ərəblərə qarşı üsyanlar zamanı əhalini birləşdirirdi. Azərbaycanın dağ rayonlarının əhalisi, digər rayonlardan ayrılmış vəziyyətdə olduğuna görə, uzun zaman müstəqil siyasi həyat keçirməkdə davam edirdi. Ərəblər Azərbaycanda özlərine tabe etdikləri əhalinin mədəni səviyyəsindən aşağıda olaraq, Azərbaycana islam dini və öz dillərindən başqa heç bir şey gətirmədilər. Bundan əlavə, ərəblər özlərindən əvvəl bu ölkələrdə mövcud olan qayda və ənənələri öz ehtiyaclarına uyğunlaşdırmağa başladılar, xüsusilə ona görə ki, ərəblərdən əvvəlki dövlət mexanizmi "yaxşı qurulmuşdur". Sasanilər imperiyasının və Bizansın siyasi mexanizmləri Ərəb xilafətinin təzyiqinə tab gətirmədilər, çünki bu mexanizmlər çoxdan "içəridən pozulmuşdu"V.Rozen. Рецензия на "Alberuni's İndia", səh. 153., lakin həm İranın, həm də Bizansın mənəvi qüvvələri kütlələr içərisində yaşamaqda davam edirdi və Xilafət əleyhinə çoxlu üsyanlar şəklində özünü büruzə verirdi.

VIII əsrin əvvəllərinə doğru, islam dini Azərbaycanda hakim bir din olur. Azərbaycanda islam dinini yuxarı silk adamları birinci növbədə və tamamilə danışıqsız qəbul etdilər, çünki belə hərəkət etməklə öz imtiyazlı mövqelərini itirmədilər .

Yeni din tacir və sənətkarlar arasında müvəffəqiyyət qazanırdı, çünki ərəb hakim dairələri tacir sinfinə və sənətkarlara böyük güzəştə gedir, asanlıq yaradır və beləliklə, onların fəaliyyətini genişləndirirdilər. Kəndlilər isə islam dinini qəbul etməklə birinci növbədə çalışırdılar ki, çox ağır can vergisindən xilas olsunlar, çünki Xilafətdə bu vergi, Sasanilər və ya Bizans xəzinəsinə verilən töycülərdən yüngül və az olsa da, ağır idi. Bundan başqa, kəndli islam dinini qəbul etdikdə, xəlifə I Ömərin qanununa görə, müəyyən müddət xəzinədən hətta illik pul mükafatı alırdı.

Şəhərlərdə islam dini nisbətən sürətlə yayılırdısa, Azərbaycanın kənd yerlərində yeni dinin qəbul edilməsi, bəzən ərəblər əleyhinə geniş üsyanlarla qarşılanırdı; çünki ərəblər kənd yerlərində öz dinlərinin yayılmasını ölkədə mövcud olan istismar (ərəblərə Sasanilərdən keçən istismar) sistemi ilə sıx əlaqələndirirdilər. İslam dini bütün bütpərəstlik və çoxilahlıq formalarına qarşı şiddətlə mübarizə edib canlı vücudların şəklini çəkib onlara sitayiş etməyi qəti qadağan edirdi. Z. Bünyadov qeyd edir ki, elmdə belə bir yalnış iddia yayılmışdır ki, guya islam dini əmələ gəldiyi gündən insanın və canlı vücudların təsvir edilməsinə düşməncəsinə münasibət bəsləyirmiş. Lakin şoxdan müəyyən edilmişdir ki, VIII əsrin ortalarına qədər ərəblər arasında insanı və canlı vücudları təsvir etməyin yolverilməz olduğu haqqında heç bir təsəvvür yox idi.

İslam dininin yayılması ilə Azərbaycan və Arranda təsviri incəsənətin tətbiq dairəsi daralır. Burada islamdan əvvəlki dövrün incəsənətində (xristian incəsənəti) böyük yer tutan dini naqqaşlıq və heykəltəraşlıq tamamilə yox olur. Lakin müsəlman ilahiyyatçıları dini olmayan təsviri incəsənəti X əsrədək təqib etmirdilər. Qeyd etdiyimiz kimi, Arran əhalisinin islam dinini qəbul etməsi, Azərbaycandakı müsəlmanlaşdırma şəraitindən fərqli idi. İstilaçılardan asılı olmayan müxtəlif səbəblərə görə, Arran əhalisinin müsəlmanlaşdırılmayan hissəsinin taleyindən ayrıca danışacağıq. Bu, xüsusilə dağ rayonlarının əhalisinə aiddir.


Tarix: 10.01.2015 / 13:24 Müəllif: Feriska Baxılıb: 173 Bölmə: Ümumi
loading...