beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kimmerlərin Azərbaycana köçü

E. ə. VIII əsrin sonlarına aid Aşşur yazılı mənbələrindən aşşurların "gimirrai" adlandırdıqları köçəri kimmerlərin axınlarının baş verdiyini bilmək olur; onların, ardınca isə tezliklə mənbələr (e. ə. VII əsrin əvvəli) skiflərin asguzai/isguzai adını çəkir. Herodotun məlumatına görə, kimmerlər Qara dəniz sahili boyunca, Qafqazdan keçərək, skiflər isə "Qafqaz dağlarını sağda qoyub" Xəzər dənizinin qərb sahili boyunca hərəkət etmişlər. Kimmerlərin və skiflərin Qafqazdan keçərək Cənubi Rus çöllərindən Ön Asiyaya hərəkət yolları barədə Herodotun verdiyi məlumatı arxeoloji dəlillər də təsdiqləyir. Y. İ. Krupnov öz tədqiqat işində bu tayfaların hərəkət yollarını izləyir və belə hesab edir ki, onlar yolun bütün əlverişli keçidlərindən – Meotida Kolxida sahilboyu yolu, Dəryal keçidi ilə hərbi Gürcüstan yolu, Mamison keçidi ilə hərbi Osetin yolu və Dərbənd keçidindən istifadə edərək hərəkət etmişlər. Aşşur hökmdarları da Urartu və Manna hökmdarları kimi kimmer və skiflərdən öz məqsədləri üçün istifadə etməyə səy göstərirdilər; lakin mənbələrin göstərdiyi kimi daha çox düşmənçilik münasibətində olmuşlar. Qimirra ölkəsi Van hökmdarlığından şimali-qərbdə, Kappadokiyanın şərq hissəsində lokalizə edilir. B. B. Piotrovski e. ə. VIII əsrin sonunda kimmerlərin dağıdıcı təsirini və onların urartulular əleyhinə daim hərbi fəaliyyət göstərdiklərini qeyd edir. Onlar Frikiya hökmdarlığını darmadağın edərək İoniya şəhərlərini viran qoyub Aşşur sərhədlərıni təhdid etdilər.


Tarix: 27.01.2015 / 17:43 Müəllif: Feriska Baxılıb: 32 Bölmə: Ümumi