beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Daşaltı - Döyüş

1992-ci il yanvarın 25-dən 26-na keçən gecə əməliyyat başlanır. Birinci vzvod Nəbilər kəndinə gəlir, burada onlar 10 insandan ibarət patrul dəstəsiylə görüşür. Bu dəstənin döyüşçüləri birinci vzvoda Siğnaxa gedən ən qısa yolu göstərirlər. Ancaq bələdçilər bildirirlər ki, bu yol üzrə getmək təhlükəlidir, pusquya düşmək ehtimalı yüksəkdir. Buna görə birinci vzvod daha uzun yolla gedir, qət olunan yolun uzunluğu 3 kilometr əvəzinə 15 kilometrə qədər böyüyür. Nəticədə vzvod lazım olan məntəqəyə təyin edilmiş vaxtdan daha gec gedib çıxır. Burada qeyd etmək lazımdır ki, əməliyyat zamanı hava çox sərt idi, hər yerdə dərin qar örtüyü vardı, yüksək dağlar, güclü şaxta hərəkətə mane olurdu, bundan başqa əsgərlər özüylə böyük miqdarda silah və döyüş sursatı aparırdılar. Həmçinin hərbi əlaqənin çox pis təşkil olunmasını qeyd etmək lazımdır: vzvodların və əməliyyatın komandanlığının arasında, həmçinin qarşılıqlı fəaliyyət göstərən bölmələrin arasında informasiya mübadiləsi üçün möhkəm əlaqə təmin edilməmişdi. Hərbi əlaqənin pis təşkil olunması nəticədə bölmələrin hərəkətlərində uyğunsuzluğa gətirib çıxardı, həmçinin komandanlığı vaxtında informasiya almaq imkanından məhrum etdi. Komandanlıq öz əsgərlərinin harada olmalarından, nə etmələrindən, nəyə ehtiyacları olduqlarından xəbərsiz olmaqla bərabər, həm də döyüşün gedişinə təsir etmək üçün lazımi qərarları verə bilmirdilər. Mövcud olan radioaparatlar çox köhnə idi və müasir tələblərə cavab vermirdi. Azərbaycan Ordusunun bölmələri arasında olan danışıqların gedişatı zamanı ermənilər tez-tez danışıqları yaxalayırdılar, hətta onlar bəzən efirə də çıxaraq danışıqlara müdaxilə edir və danışıq aparan azərbaycanlı əsgərləri təhqir etməyə başlayırdılar. 1-ci vzvod Sığnax kəndindən Daşaltıya tərəf gələn yol boyunca nəzərdə tutulmuş mövqelərə çataraq kiçik fasilə üçün dayanır. Bu zaman bələdçilər vzvod komandirini inandırmağa başlayırlar ki, burada durmaq əhəmiyyətsizdir, Sığnaxdan ermənilər gəlməyəcəklər, birbaşa Daşaltıya hücum etmək lazımdır. Naməlum səbəblərdən komandir onların dediklərinə inanır. Altı əsgər Daşaltı-Sığnax yolunun ətrafında mövqelərdə qalır, vzvodun qalan hissəsi öz mövqelərini tərk edir və Daşaltıya tərəf gedir. Səhər saat altı radələrində Sığnax kəndi tərəfdən erməni əsgərləriylə dolu bir Kamaz yük avtomobili gəlir. Mövqedə qalmış 6 əsgər bu avtomobilə atəş açırlar və demək olar ki, orada olan erməni əsgərləriylə birlikdə bu "Kamazı" tamamilə məhv edirlər. Bu zaman erməni əsgərləriylə dolu ikinci "Kamaz" yük avtomobili yaxınlaşır. Onların arasında və mövqedə dayanan 6 əsgər arasında döyüş başlanır. Döyüşün gedişatında 2 Azərbaycan əsgəri həlak olur, 1 əsgər yaralanır. Sağ qalmış 3 əsgər, ölüləri və yaralıları götürərək geri çəkilirlər. Bizim əsgərlərimizin geri çəkilməsindən sonra, erməni dəstəsi Sığnaxdakı yolda olan mövqeləri tutur və bununla da 3-cü və 4-cü vzvodların arxasına çıxırlar.

Şuşakəndə gedən yolu kəsməli olan ikinci vzvod isə ermənilərin pusqusuna düşür. Ermənilər bu vzvodu mühasirəyə alırlar və demək olar ki, vzvoddakı bütün əsgərlərin hamısını məhv edirlər. Yalnız iki yaralanmış əsgər sağ qalaraq qaça bilir. Onlardan biri olan Azər adlı əsgərin sözlərinə görə, döyüşdən sonra o, ermənilərin ratsiya vasitəsilə vzvodu pusquya doğru aparan Maxış adlı bələdçiylə necə danışıqlar apardığını eşidirdi. Bu danışığın gedişatında bələdçi ona söz verilmiş mükafatı ermənilərdən tələb edirdi. Ermənilər isə cavabında ona deyirdilər ki, get həlak olmuşların avtomatlarını yığ və onları sat, bu da sənin mükafatın olacaq. Üçüncü və dördüncü vzvodlar isə təyin olunan yoldan kənara çıxıb, nəzərdə tutulmuş mövqelərdən 2 kilometr daha uzaqda mövqe tuturlar. Buna görə onlar Sığnaxda və Şuşakənddə yollarda döyüşən əsgərlərə yardıma gələ bilmirlər.

Uğursuz başlanğıca baxmayaraq, əməliyyat nəzərdə tutulmuş plan üzrə davam etdirilir. Nəbilər kəndində olan dəstə Daşaltıya doğru atəş açmağa başlayır, qarşılığında erməni dəstələri cavab atəşi açırlar. 3-cü və 4-cü vzvodların atəş dəstəyi altında Riad Əhmədovun dəstəsi kəndin içərilərinə doğru irəliləməyə başlayır. Amma "Kələmlik" adlı yerin yaxınlığında Qurban adlı bələdçinin satqınlığı nəticəsində dəstə pusquya düşür və bütün üzvləri ermənilər tərəfindən öldürülür. Riad Əhmədov özü isə itkin düşür. Bir müddətdən sonra 3-cü və 4-cü vzvod kəndin kənarlarından Daşaltıya daxil olurlar və erməni dəstələriylə döyüşə başlayırlar. Lakin bu zaman, Sığnaxda yolda mövqeləri özbaşına tərk etmiş birinci vzvodun əsgərləri "ura" qışqırıqlarıyla 3-cü və 4-cü vzvodların arxalarıyca kəndə girirlər. Kənddə olan azərbaycanlı əsgərlər əlaqənin olmaması səbəbindən gələn vzvodu düşmən əsgərləri olaraq qəbul edirlər və onların arasında atışma başlanır. Nəticədə hər üç vzvod itki verir və həm Daşaltı istiqamətindən, həm də Sığnax istiqamətindəki mövqelərdən erməni dəstələrinin şiddətli atəşi altına düşürlər. Bundan başqa, Sığnax kəndi istiqamətindən gələn erməni dəstəsi Azərbaycan bölmələrinin mövqelərinə arxadan zərbə vurur. Azərbaycan əsgərləri hər tərəfdən sıxılmasına, həmçinin Daşaltı və Sığnax istiqamətindən düşmənin çarpaz atəşi altına düşməsinə baxmayaraq, əsgərlərdən heç biri döyüş meydanından qaçmadı. Mühasirəyə düşmüş əsgərlər döyüşməyə davam edirdilər. Azərbaycanlı əsgərlərin döyüşdə şücaət göstərdiyinə dair çoxlu faktlar var. Bir çox azərbaycanlı əsgər əsir düşməmək üçün intihar etməkdən çəkinmirdilər. Belə ki, hər tərəfdən ermənilərin əhatəsinə düşmüş Elşən Xəlilov F-1 qumbarasıyla özünü partlatdı, həmçinin Zaur Cəfərov əsir düşməmək üçün son gülləsini özünə vurdu.

Daşaltıda vəziyyətin kritik olduğunu görən T.Mehdiyev Xüsusi Təyinatlı Milis Dəstəsinin döyüşçülərindən ibarət 5-ci vzvodu kənddəki döyüşçülərə kömək üçün göndərir. Lakin cəmi 500-600 metr irəlilədikdən sonra ermənilərin güclü müqavimətiylə qarşılaşan 5-ci vzvod da dayanmağa məcbur olur. Əməliyyatın iflasa uğradığını başa düşən T.Mehdiyev güclü dumanın çökməsindən istifadə edərək Şuşaya doğru geri çəkilmək əmri verir. 1992-ci il 26 yanvar günü Milli Ordunun sağ qalmış döyüşçüləri Daşaltıdan Şuşaya doğru geri çəkilirlər.


Tarix: 22.01.2015 / 16:35 Müəllif: Feriska Baxılıb: 134 Bölmə: Ümumi