Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Ədalət" inqilabi fəhlə təşkilatı TARİXİ

"Ədalət" inqilabi fəhlə təşkilatı - 1914-cü ildə fəaliyyətə başlamış, 1916-cı ildə təşkilat kimi formalaşmışdır. Rəsmi yaranma tarixi Bəhram Ağayevin başçılıq etdiyi bir qrup iranlı (əsasən Cənubi azərbaycanlı) fəhlənin "Hümmət" partiyasından ayrıldığı 1917-ci il sayılır. "Ədalət" özünü "İctimaiyyun-amiyyun"un varisi hesab edir, Cənubi Azərbaycanda müntəzəm surətdə fəal inqilabi iş aparırdı. Təşkilatın Rusiya Sosial-Demokrat Fəhlə Partiyası Bakı Komitəsində və "Hümmət"də daimi nümayəndələri var idi. "Ədalət" 1917-ci ildən Azərbaycan və fars dillərində "Bayraqi-ədalət" adlı jurnal nəşr etməyə başlamışdı. Burada, əsasən, İranın daxili siyasi vəziyyətinə dair problemlər, Qacar sülaləsinə qarşı mübarizə, şahlıq hakimiyyətinin devrilməsi və demokratik respublika qurulması tələbi işıqlandırılırdı.

1917-1918-ci illərdə təşkilat xeyli möhkəmləndi və Cənubi Azərbaycan fəhlələri içərisindən silahlı dəstə təşkil etdi. Bu dəstə 1918-ci ilin mart soyqırımı zamanı mədən-zavod rayonlarında asayişə nəzarət edir, burada qırğın düşməsinin qarşısını alırdı. 1919-cu ilin əvvəlində Ə.Qafarzadə başda olmaqla, partiyanın Mərkəzi Komitəsinin yeni tərkibi seçildi. Mərkəzi Komitəyə B.C.Ağayev, S.C.Cavadzadə (Pişəvəri), R.Kərimov və başqaları daxil oldular. "Ədalət‖in Bakıdan əlavə, Gəncədə, Lənkəranda, Astarada və Tiflisdə də komitələri var idı. "Ədalət" 1919-cu ildən Rusiya Kommunist (bolşeviklər) Partiyası (RK(b)P) Bakı Komitəsi və "Hümmət‖lə daha sıx əməkdaşlığa başladı. Həmin ilin iyunundan RK(b)P Qafqaz Ölkə Komitəsinin maliyyə yardımı ilə partiyanın qeyri-leqal "Hürriyyət" qəzeti nəşrə başladı. Azərbaycan kommunist təşkilatlarının 1920-ci il fevralın 11-12-də keçirilən birinci qurultayı Azərbaycan Xalq Cümhuriyyətini devirməklə hakimiyyəti ələ keçirmək məqsədilə "yerli şəraitdən və taktiki mülahizələrdən çıxış edib" RK(b)P Bakı Komitəsini, "Hümmət"i və "Ədalət‖i vahid Azərbaycan Kommunist (bolşeviklər) Partiyası (AK(b)P) halında birləşdirməyi qərara aldı. Qurultayın seçdiyi Mərkəzi Komitəyə "Ədalətdən K.C.Ağazadə, D.X.Bünyadzadə, Ə.Qarayev, A.Yusifzadə daxil oldular.

Həmin il "Ədalətin Azərbaycanda və onun hüdudlarından kənarda fəaliyyət göstərən bütün komitələri də AK(b)P-yə daxil oldu.


Tarix: 10.01.2015 / 12:34 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Ümumi
loading...