beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bayıl qalası - Tədqiqi

Bir də yüzillər keçəndən sonra, Xəzər dənizinin səviyyəsi yenidən xeyli aşağı düşdüyü zaman Bayıl qəsri su üzündə görünməyə başlamışdır. Mütəxxəsislərin əksəriyyəti o fikirdədi ki, qəsr dörd yüz ildən artıq Xəzər suları altında gizlənməsəydi, Abşeronun bir çox abidələri kimi bu qaladan da iz qalmayacaqdı. 1939 – 1969 – cu illər ərzində qəsr ərazisində aparılan arxeoloji tədqiqat işlərində divar uçuqları altından və su dibindən 700 – dən artıq yazılı daş tavalar çıxarılmışdır. Dərin oymalı bu daş tavalar nadir monumental xəttatlıq və heykəltəraşlıq əsərləri olub, nəhəng tikinti kitabəsinin ayrıntılarıdır. İlk çağda onlar divar hörgüsündə yanaşı düzülərək qala divarlarının bayır səthində uzun kitabə qurşağı (hündürlüyü 71 sm) əmələ gətirirmiş.

Bayıl qəsrinin daş kitabələrində araşdırmaçılar 15 Şirvanşahın adını, tikinti tarixlərini oxuyub, başqa müxtəlif məlumatlar aşkar etmişlər. Bu kitabələrdən Mərdəkan qalasında "müəllif qolu" olan memar Əbdülməcid Məsud oğlunun, Ustad Zeynəddin Əbdürrəşid oğlu Şirvaninin adları oxunmuşdur.

Bir kitabə daşında Bayıl qəsrinin "Bəndər qələ" adı ilə verilməsi dəyərli faktlardandır. Anlamı liman qala olan bu ad Bayıl qalasının baş funksiyalarından birini aydınlaşdırır. Bütövlükdə isə Bayıl qəsri Şirvanşahların yeni paytaxt şəhəri yanında iqamətgahı olmuş, Şamaxı qalasının müdafiəsində Gülüstan qalasının daşıdığı vəzifəni Bakı qalasının müdafiəsində Bayıl qalası daşımışdır.

Bayıl qalasının cənub qapısı və qarşısındakı tikililər dəniz ticarəti iləbağlı olduğu halda, sahilə yaxın şimal qapısı və qarşısındakı tikililər Şirvanşahların iqamətgahı olmuşdur. Qəsrin demək olar ki, ortasnda daş döşəməli meydançada monumental bir tikilinin özülü üzə çıxarılmışdır. Bəzi araşdırmaçılar bu yerdə Abşeron qalalarının ənənəvi qüllələri tipində bir qüllənin ucaldığını söylədikləri halda, əksər tədqiqatçılar onu atəşgah və ya məbəd qalıqları sayırlar. C. Qiyasi isə bu meydançada iri bir saray binasının ucalması ehtimalını irəli sürmüşdür. XII-XIII yüzillərdə möhkəm qəsr, qala liman kimi tikilmiş və Bakının dənizdən qorunmasında baş yer tutan Bayıl qəsrinin daha qədim bir memarlıq kompleksinin özülləri üzərində ucaldılması ehtimalları da vardır.

Şirvanın başqa müdafiə tikililərində (Dərbənd qalası, Şamaxı qalası, Bakı qalası, eləcə də Gülüstan qalası və Qəley-Buğurt qalası) olduğu sayaq Bayıl qəsrinin memarlıq tərtibatında da bədii daş relyeflər, yonma daş fiqurlar işlədilmişdir.


Tarix: 10.01.2015 / 13:16 Müəllif: Feriska Baxılıb: 94 Bölmə: Ümumi