beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möcüzəyə ümid etməyin!

Bəbəklərinin dərinliyində gizlənmiş kədər, əynindəki nimdaş paltarlar onun kasıb bir ailənin övladı olduğuna şübhə yeri qoymur. Hələ ətə-qana dolmamaış zəif çiyinlərini özündən ağır yükün altına vermiş bu zavvalı çocuq qədim müsiqi alətində ən çox sevdiyi türkünü ifa edir. Özündən bir-iki yaş kiçik olan bacısı isə mahnının ahənginə uyğun qollarını qaldırır. Aclıq hər iki uşağı əldən salıb. Qılınc kimi kəsən şaxta insanın iliyinə işləyir. Yəqin buna görədir ki, yaxınlıqdan ötüb-keçənlər bu mənzərəyə laqeyd qalırlar. Maraq güc gəldiyi üçün ayaq saxlayıram. Təxminən beş dəqiqə bu talesiz cütlüyə tamaşa edirəm. Birdən qıvırcıq saçları çiyinlərinə düşmüş mavi gözlü bir əcnəbi gəlib yanımda dayanır. Tanımadıqları iki nəfərin onlara diqqət kəsilməsi uşaqları daha da həvəsləndirir. İndi onlar öz işlərini əvvəlkindən daha şövqlə görürlər.Gördüyü bu mənzərədən bərk təsirlənən qonaq əlini cibinə salıb, bir dəstə pul çıxarır. O, pullarının arasından seçdiyi 5 lirəni qızcığazın ovcuna basır. Uşaq başını qaldırıb məhəbbətlə tanımadığı bu adamın üzünə baxır, razılıq əlaməti olaraq kipriklərini tərpədir. Heç kimin görməməsi üçün pulu bərk-bərk ovcunun içində gizlədir. Yorulub əldən düşdükləri üçün hər ikisi dayanır. İndi onlar xoşbəxtdirlər. Ovuclarının içində gizlətdikləri bu pulu onlar halal zəhmətlə qazanıblar. Əl-ələ tutub uzaqlaşırlar. O qeyri-adi musiqi sədaları uzun müddət qulaqlarımda səslənir...
Heç kim anadan zəngin doğulmur. Var-dövləti, mal-mülkü insanlar özləri qazanırlar. Sahib olduqları sərvət onların həyat yolunu müəyyənləşdirir. İnsan sərvətini idarə edə bilməyəndə onun əsirinə çevrilir. Zənginlik həm də xarakterlə ölçülür. Maddi sərvəti mənəvi zənginlik tamamlayanda yeni əsrin ideal insan obrazı meydana çıxır.

Bəşəriyyət uzun illərdi ki, zəngin olmağın yollarını arayır. Dilindən, dinindən, irqindən asılı olmayaraq hər kəs bu suala cavab tapmaq istəyir: var-dövlətə, tükənməz sərvətə necə sahib olmaq olar? Sual sadə, cavablar isə mürəkkəb və müxtəlifdir. Çox oxumaq? Gecə-gündüz işləmək? Qeyri-qanuni yolla pul qazanmaq? Yox, yox, yox! Çox oxuyub, az qazananlar indi çoxluqdadır. Gecə-gündüz işləyib güclə dolananların da sayı-hesabı yoxdur. Haram yolla pul qazanmağın sonu isə həbsxanadır. Haram pul heç kimə xoşbəxtlik gətirməyib. Bəs, çıxış yolu nədədir? Görünür, bu sualın cavabını az adam bildiyi üçün çox adam zəngin ola bilmir. Halbuki zəngin olmaq hamının haqqıdır.

Araz Ağalarov. O, təkcə doğulub boya-başa çatdığı Azərbaycanda və yaşadığı Rusiyada deyil, dünyanın hər yerində tanınır. O, dünyanın ən zəngin insanlarından biridir. Bu sırada öz soydaşımızı görmək nə qədər qürurvericidir! Gəlin, onun bioqrafiyasında bəzi ştrixlərə diqqət yetirək: “1955-ci ildə Bakıda anadan olub. 1982-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Elə həmin il Moskovaya gedərək aspiranturaya daxil olub, Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasında işləməyə başlayıb. 1988-ci ildə kooperativ hərəkatı başlayanda kiçik müəssisə yaradaraq, sərgi fəaliyyəti ilə məşğul olub. 1990-cı ildə Rusiyada ilk dəfə ABŞ-dan olan partniyorları ilə “Comtech” adlanan kompyüter texnologiyaları sərgisi təşkild edib. Aradan cəmi beş il keçəndən sonra onun sərgiləri “Comdex” (Las Veqas) və “Cebit” (Hannover) sərgilərindən sonra dünyada üçüncü olub...” Gərgin zəhmət və saysız-hesabsız ideyalar ona bitib-tükənməz sərvət və böyük şöhrət qazandırıb.
Dünya binə olandan insanlar ədalət axtarışındadırlar. Haqqın nahaqqın ayağına verildiyi qədim Şərqdə bu arzu həmişə daha güclü olub. Bəlkə də buna görədir ki, Şərqin bütün böyük şairləri öz yaradıcılıqlarında ən azı bir dəfə adil padşah obrazı yaradıblar. Orta əsrlərdə insanlar niyə adil padşah arzulayıblar? Bu sualın cavabı da özü kimi sadədir: məmləkəti ədalətlə idarə etsin, zəifi güclünün ayağına verməsin, rəiyyəti dolandırsın, ölkənin sərvətlərini insanlar arasında bərabər bölsün. Dünya qurulandan bəşər övladı yaxşı yaşamaq uğrunda mübarizə aparıb. Çünki, bu onun haqqıdır!

Deyirlər, aforizimlər çox vaxt ovqatdan yaranır. Mən də bu fikirlə razıyam. Yoxsa, folklorumzda bir-birinin əksi olan bu qədər çox nümunə olmazdı. Gəlin, bizlərə atalar sözü kimi sırınan bu deyimə diqqət yetirək: “Pul əl çirkidir”. Məncə, bu, əli pula çata bilməyənlərin “əl işi”dir. Əks təqdirdə, bunu tamamilə inkar edən aşağdakı folklor nümunəsi yaranmazdı: “Pulsuz kişinin üzü qaradır”. Sosializmdən kapitalizmə keçid dövründə daha populyar olan başqa bir deyimə diqqət yetirək: “Pul hər şey demək deyil, amma çox şeydir”. Deməli, aforizmlər doğrudan da insanların ruhi vəziyyətini ifadə edir.

Deyirlər, varını verən utanmaz. Sadə azərbaycanlı həmişə bir tikə çörəyini qonşusu ilə bölüb. Buna görə də azərbaycanlıların idealı pullarını siçovullara yedirən milyonçular deyil, qəpik-qəpik qazandıqlarını xalqının yolıunda xərcləyən Hacı Zeynalabdin Tağıyevdir. Bilirsiniz, insanlar Tağıyevi niyə belə çox sevirlər? Çünki Hacı Zeynalabdin milyonlar qazansa da, bu, onun ruhi vəziyyətini dəyişmədi. Hacı ömrünün sonuna kimi sadə, rəhimli, qayğıkeş qaldı. Qazandığı sərvət Hacını idarə etmədi, əksinə, o, axıra kimi bu sərvətin üstündə ağalıq etməyi bacardı. Yəqin ki, hər kəs Hacının kasıb olduğu illərin kövrək xatirəsinin necə qoruyub-əzizlədiyini yaxşı bilir. Amma indi beş-üç manat qazananların əksəriyyəti öz yoxsul keçmişini danmağa çalışır. Bax, Hacı Zeynalabdin Tağıyevlə onun bəzi sələfləri arasındakı ən böyük fərq də elə budur! Hacının böyüklüyü təkcə sərvətinin çox olmasında deyildi. Hacının həm də ruhi zəngin idi.

Dörd xəlifənin sonuncusu olan Həzrəti Əli hakimiyyətə yiyələndiyi ilk gündən yoxsulluğa qarşı müharibə elan edib. Rəvayətə görə, xəlifə gecə hamı yatandan sonra şəhərdəki kasıbların qapısını döyüb, onlara çörək və ərzaq verirmiş. Şəhər əhli uzun müddət ona yardım edən bu adamın kim olduğunu bilməyib. Deyirlər ki, Həzrəti Əlini məsciddə xəncərlə yaraladıqları gecə şəhərin bütün yoxsulları ac yatıb. Bu hadisə bir neçə gün ard-arda təkrarlandıqdan sonra insanlar öz xeyirxahlarının Həzrəti Əli olduğunu başa düşüblər.

... Ölkələr də insanlar kimidir. Bəzi ölkələr zəngin, bəzi ölkələr isə kasıbdır. Tale onda üzümüzə gülüb ki, yeraltı və yerüstü sərvətlərlə zəngin olan bir ölkədə dünyaya göz açmışıq. Azərbaycanın təkcə “qara qızıl”ı bu ölkənin bütün vətəndaşlarının üzünü ağartmağa qadirdir. Rəsmi statistika da nikbin olmağa əsas verir. Məlum olduğu kimi, Azərbaycanın neft hasilatında dinamik artım 1996-cı ildən etibarən müşahidə olunmağa başlayıb. Əgər 1995-ci ildə 9,2 mln. ton neft hasil olunurdusa, 2000-ci ildə bu 13,9 mln. ton olub. 2005-ci ildə isə bu göstərici 1995-ci illə müqayisədə 2,4 dəfə artaraq 22,2 mln. tona çatıb. Proqnozlara görə, 2008-ci ilin axırına kimi Azərbaycanda ən azı 61 mln. ton neft hasil olunacaq. Lütfən, indi yazacağımız bu rəqəmə sadəcə statistik məlumat kimi yanaşmayın: yaxın 20 il ərzində Dövlət Neft Fonduna təxminən 300 milyard dollar vəsait daxil olacaq. Bu rəqəmin altında Azərbaycan xalqının xoşbəxtliyi gizlənib. Yetər ki, bu vəsait bərabər bölünsün.

Bu mövzu ətrafında araşdırma apararkən maraqlı bir hadisə ilə qarşılaşdım. Söhbətimizə dəxli olduğu üçün anlatmaq istəyirəm. İki-üç gün əvvəl köhnə tanışlardan biri ilə rastlaşdım. Hal-əhval tutduqdan sonra nə işlə məşğul olduğunu soruşdum. Çiyinlərini çəkib dayandı. Niyə işləmədiyi ilə maraqlananda dedi ki, yaxşı iş tapa bilmir. Bir az güzəranının ağır olmasından şikayətlənəndən sonra sağollaşıb, küçədə lotereya satan qocaya yaxınlaşdı. Cibindən 10 manat çıxarıb, satıcının ovcuna basdı. Sonra isə 10 ədəd “Ailə sevinci” lotereyası seçdi. Yenicə aldığı lotereyaları əvvəlcə gözünün üstünə, sonra isə köynəyinin cibinə qoyub yoluna davam etdi. Bax, bizim faciəmizdə elə budur! İnsanlar zəngin olmağın yolunu gecə-gündüz çalışmaqda, yeni ideyalar ortaya qoymaqda deyil, lotereya biletlərində axtarırlar. Ağır həyat şəraitindən, maddi çətinliklərdən xilas olmaq istəyənlərin əksəriyyəti möcüzəyə ümid edirlər. Bəxt isə ən yaxşı halda ayda-ildə bir nəfərin üzünə gülür.


Tarix: 05.12.2014 / 15:46 Müəllif: Aziza Baxılıb: 265 Bölmə: Ümumi Psixologiya