beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevil Nuriyeva

- Uşaqlıqdan jurnalist olacağınızı bilirdiniz?
- Bilirdim. Hətta 13 yaşından etibarən “Gəncənin səsi” qəzetində ştatdankənar müxbirlik edirdim. Bütün yazılarım Qarabağ haqqında idi. O zaman hamı informasiya blokadasından danışırdı və mənə niyəsə elə gəlirdi ki, mən bu blokadanı yara biləcəyəm.

- Qrup yoldaşlarınızdan kimsə bu gün sizin qədər tanınırmı?
- Xeyr.

- Fərqlənməyə necə müvəffəq oldunuz?
- İlk olaraq onu deyim ki, alın yazısına çox inanıram. Qismət və təbii ki, zəhmət. Bizim işimiz özünə qarşı həqiqi sevgi tələb edir. Mən peşəmi çox sevirəm. Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov kimi insanların adı var jurnalistikada. Mən onların damlası belə ola bilmərəm. Fəxr edirəm ki, bu insanlar mənim peşəmin ulduzlarıdır. Uğur qazanmaq istəyənlərin çox uzun gecələri olacaq bu işdə. Jurnalistika, peşəkarlıq, cəsarət, zəhmət tələb edir. Bu işdə ya yaxşı peşəkarsan, ya da ümumiyyətlə yoxsan. Orta mövqe sadəcə yoxdur. Çox çalışmaq lazımdır. Jurnalist həm də bütün son hadisələrdən, texnikadan, ədəbiyyatdan və s. xəbərdar olmalıdır. Məsələn, mən öz Nokia E7 smartfonumdan istənilən yerdə xəbər portallarına girib ən son məlumatları ala bilirəm. Bir daha vurğulamaq istəyirəm. Əgər bu gün öz sahəmdə hər hansı bir uğura yiyələnmişəmsə, bunu ilk olaraq Allahın mənə bəxş etdiyi şansa, sonra isə zəhmətimə və peşəmə sevgimə borcluyam. Bir də ən önəmlisi peşə ləyaqəti! Baxın, yekunu bununla vururam – peşə ləyaqəti çox önəmlidir!

- Maraqlı müsahibələriniz çoxdur. Müsahib seçiminiz də həmişə diqqət cəlb edir. Elə adam varmı ki, onunla müsahibə almağa nail olmamısınız?
- Bu gün çox arzu edirəm Barak Obama ilə müsahibə edim və bu yolda da bir şeylər edirəm. Çox arzu edirəm Kandaliza Raysdan müsahibə alım. İraq müharibəsinin memarlarından biri ilə müsahibə mənə çox maraqlıdır. Hər günün siyasi prosesləri getdikcə əlçatmaz müsahiblər olacaqdır. Mən israrlı adamam. Bir işin üstünə düşdümsə, sonuna qədər aparmağı xoşlayıram. Bəzi hallar olub ki, istəyimə gec nail olmuşam, amma olmuşam. Baxın, məktəbdə oxuyurdum, Bənazir Bhutto Pakistanda hakimiyyətə gəlmişdi. Televizordan onun müsahibəsinə baxmışdım o zaman və bu xanımı sevmişdim. Evdə demişdim ki, mütləq bu xanımla müsahibə edəcəyəm və onunla dost olacağam. İllər keçdi, mən onunla müsahibə etdim, hətta bir neçə müsahibə etdim. Bu müsahibələrin yalnız biri efirə gedib, digər ikisi isə yayımlanmayıb. Yayımlanmayacaq da. Çünki onları hazırladığım kitabımda çap etmək fikrindəyəm. Bu mənim çoxdanki arzumdur. “Zirvədəki qadınlar”. Həyatda birə-bir görüşdüyüm qadınların serialını etmək istəyirəm. Amma bu barədə ətraflı danışmaq istəmirəm, çünki bir iş haqda onu ərsəyə gətirdikdən sonra danışmağı xoşlayıram.

- Rəqabət işinizə kömək edir, ya əksinə?
Sevil Nuriyeva- Kömək etməlidir, amma, təəssüf ki, Azərbaycanda elə bir media mühiti yoxdur. Bizdə hələ də televiziya jurnalistikası sahəsində bir akademiya təsis olunmayıb. Qəzet jurnalistləri daha çox mükafatlar təsis etdilər və düz etdilər. Amma televiziya jurnalistikası ayrı sahədir.

- Siz Türkiyə mətbuatında da çıxış edirsiniz. Orada rəqabət necədir?
- Orada rəqabət anlayışı bir az fərqlidir. Çünki Türkiyə mətbuatı daha demokratikdir. Oradakı rəqabət anlayışının içində daha çox savad yatır. Daha ağıllı, zəkalı olanlar ön plana çıxır və onların qarşısını heç kəs ala bilmir. Liberal cəmiyyət yaxşını özü-özündə önə çıxarır. Amma bizim cəmiyyətdə qarşını kəsmə anlayışı mövcuddur. Çünki hələ də sovet dönəmindən qalma zehniyyət yatır. Türkiyədə isə bu sistem yoxdur. Düzdür, mənə peşəmdə mane olanlar olmayıb. Biz müstəqilliyin məhsuluyuq. Müstəqillik özü ilə bərabər keyfiyyətli peşəkarları ortaya çıxarmağa səbəb oldu. Bir çox sindromları sındırdı, stereotiplər dağıldı. Bu nöqteyi-nəzərdən mənə daha çox köməklik olubdur. Mən necə Qulu Məhərrəmlinin, ya da Vasif Babayevin, Nadejda İsmayılovanın, Vahid Mustafayevin, Universitetdəki müəllimlərim - Zeynal Məmmədlinin köməyini qeyd etməyə bilərəm?! Birinci kurs tələbisi idim, 18 yaşım var idi. Oxuya-oxuya işləyirdim. Qulu Məhərrəmlinin redaksiyasında işləmirdim, amma hər dəfə analiz yazanda düşünürdüm ki, səhv edə bilərəm. Qaçırdım o biri redaksiyaya ki, “Qulu müəllim, qulaq asın da xahiş edirəm.” Ona xoş gəlirdi, deyirdi belə yazma, belə yaz.

- Həmişə qəbul edirsiniz “Bunu belə yazma, belə yaz”ı?
- Bəli, bəli. Çox sevdiyim, zəkasına hörmət etdiyim insanlar var. Bu gün də zəng edirəm, oxuyuram onlar üçün yazdıqlarımı. Mən fikirlərini öyrənirəm, öz süzgəcimdən keçirirəm. Amma özümə və öz yazdıqlarıma qıraqdan baxmağı da sevirəm. Mən bir bəndəyəm, mənim yazım, Əstəğfirullah, Quran ayəsi deyil ki. Əlbəttə xəta olacaq. Amerika kimi dövlət İraqa girəndə hesablamışdı 6 aya bitirəcək bu işi. Amerikanın bütün strateji İnstitutları bunu hesablamışdı. Amma gördüyünüz ki, getdiyi yerdə bataqlığa düşdü. Demək böyük dövlətlər belə analizində səhvə yol verə bilər.

- Olubmu ki, müsahibinizə sualları öncədən göndərəsiniz və onun xahişi ilə sizin üçün önəmli olan hansısa sualı ixtisara salasınız?
- Bu peşə mənə çox şeyi öyrətdi, ən başlıcası da, qarşımdakına sayğı ilə yanaşmağı. Mən çox kəskin sualları verməyi sevirəm. Amma bəzən bunun ayarını pozurdum. Bunu sonralar anladım. Bir gün mənə Nadejda İsmayılova dedi ki, özünə rəva bilmədiyin sualları qarşındakına vermə.

- Amma bu insanlıqdır, bəs peşəkarlıq cəhətdən?
- Elə peşəkarlıq cəhətdən deyirəm. Sualın peşəkarcasına verilməsi. İstədiyin məsələni elə gözəl tərzdə açmaq olar ki... Məsələn, bir insana birbaşa “sən oğrusan” deməyə ehtiyac yoxdur. Amma mən o sualları vermişəm. Satqın olanın əməllərini suallarla açaraq məlum etmək olar ki, adam satqındır, ya yox. “Satqınsan” deməyə eytiyac yoxdur. Yenə də, qırmadan istədiyimə nail olmuşam. Misal üçün bir dəfə, müsahibim, Amerikanın Azərbaycanda keçmiş səfiri Rino Harniş öncədən sualları istədi. O bir neçə sualı çıxarmışdı. Təbii ki, mən o sualları verdim müsahibə zamanı. Amma orada yazdığım kimi deyil, bir az daha başqa formada. O çıxanda mənə dedi ki, “Siz axı demişdiniz o sualları verməyəcksiniz”. Dedim ki, “Mən demokratik bir cəmiyyət istəyirəm, bunu da Amerikadan öyrəndik. Siz də senzura tətbiq etmək istəyirsiniz?!” Çox pərt olmuşdu və “Sağ ol” dedi. Dedi ki, “Qəlbinizdə antidemokrat bir diplomat olaraq qalmaq istəməzdim”.

- Məqsədinizə gedən yolda hər hansı bir haqsızlıqda filan dayanmalı olanda, nə edirsiniz?
- Səbr etmək lazımdır. Mən çox mübarizələrdən keçmişəm, amma heç vaxt pərdəni aradan götürməmişəm. Ətrafdakı mühit ilə harmoniya olduğu təqdirdə, sən hər şeyə nail olacaqsan. Uğur zəkanı tələb edən bir amildir. Qalıcı uğurun altında mütləq zəka yatır. Bildiyin yolu tutub getməlisən. Nə badə dönəsən yolundan. Amma qarşında divar varsa, boş əl ilə də divarı qırmağa vaxt sərf etmə. Çünki, çox güman ki, bu iş sənin zədə almağınla nəticələnəcək. O zaman konyekturanın yetişməsini gözləmək lazımdır. Yəni həmin məsələ yerində qalsın, sən onu yetişdirən amili, alt yapını hazırla. Bundan sonra divarı rahatlıqla aşa biləcəksən. Mən həmişə zəmini yaradıb, divarı aşanlardanam. Bu peşə həm də hissiyyat tələb edir. Məsələn, Misir hadisələrindən çox-çox qabaq, balaca bir bəyanatdan sonra həmkarlarıma dedim ki, diqqətiniz Misirdə olsun. Jurnalistika elə peşədir ki, nəbzi sənin əlində olmalıdır. Bir də uğurun əsas göstəricilərindən biri - özünü axının istiqamətinə verməməkdir. Tərsinnən gəlmək lazımdır. Misal üçün bu gün nə qədər dəbdir, milliyətçilikdən danışmaq. Amma mən bu mövzuda danışdığıma görə tənqid olunduğum zamanlar yazmışam bu haqda. Bu gün mən susuram, çünki hamı bundan danışır. Çünki xorda oxumağı sevmirəm. Solitsiyi sevirəm.


Tarix: 05.12.2014 / 15:35 Müəllif: Aziza Baxılıb: 206 Bölmə: Ümumi Psixologiya