Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tənhalıq - Svetlana Şumilo

Mən bütün həyatım boyu tənhalıqdan qorxmuşam və elə bütün həyatım boyu özüm üçün aydınlaşdırmağa çalışmışam- nədir tənhalıq?

Birincisi, o fiziki olur, yəni fiziki tənhalıq. Məsələn, sənin ətrafında çoxlu sayda sevdiyin və səni sevən insan var. Amma sən boş evdə tək gecələyirsən, yata bilmirsən. Gecə kiməsə zəng etmək haqda isə qərara gəlmək mümkün olmur.

İkincisi, otaqda çoxlu adam var. Amma sən onların arasında tamamilə yadsan. Və əgər birdən otaqdan çıxsan, sənin arxanca sadəcə təəssüflənəcəklər, ya da getdiyini, ümumiyyətlə, hiss etməyəcəklər.

Üçüncüsü, sən ədəbli, ərkanlı ailə başçısısan, ailəli insansan. Əzizlərin, yaxınların var, özünü onlarsız təsəvvür edə bilmirsən. Amma vaxtaşırı daxilində boşluq hiss edirsən, hansı ki, həmin boşluq kiminsə ünsiyyəti ilə dola bilər. Və sən dostlarla vaxt keçirmək istəyirsən, amma onlar hamısı məşğuldu...

Dördüncüsü, dostlar da var, vaxtaşırı görüşürsüz. Amma sənin istədiyin kimi yaxın və açıq, səmimi ünsiyyət alınmır. Və sən yenə də evə daxilindəki sızıltı ilə qayıdırsan.

Beşincisi, ünsiyyət var, səmimiyyət də. Amma söhbətləşdikdən sonra birdən məlum olur ki, sən heç nəyi doğru anlatmamısan, deməmisən, ya da dostun doğru eşitməyib-anlamayıb və sənin gözlədiyin reaksiyanı verməyib. Yenə də gecə qaranlıq otaqda tək-tənhasan.

Beləcə, birdən elə bu qaranlıqda anlayırsan ki, qəlbin əməlli-başlı sızıldayır. Heç kim səni sona qədər anlamır, heç kim imkan vermir ki, özünü olduğun kimi ifadə edə biləsən, heç kim ruhunu, qəlbini isidə bilmir. Bircə Ondan başqa — Tanrıdan...

Bax, səhra sakinləri qumlar arasında məhz Onunla yaşayırlar. Və nə qədər tək olsalar da tənhalığı hiss etmirlər, heç zaman tənha olmurlar...

Və elə bu zaman tənhalığın əslində nə olduğunu dərk edirsən. Tənhalıq — cəhənnəmdir, o yer ki, orda Tanrı yoxdur...


Tarix: 27.11.2014 / 13:15 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Ümumi Psixologiya
loading...