beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məmməd Həsən Hacınski=Bakı Bulvarının banisi

Bakı Bulvarının ideyası Bakı Şəhər Dumasının mühəndisi Məmməd Həsən Hacınskiyə məxsusdur.

Görkəmli mühəndis, siyasətçi və ictimai xadim olan M. Hacınski 1875-ci il martın 3-də Bakıda doğulmuşdur. 1902-ci ildə isə Peterburq Texnoloji İnstitutunu bitirmişdir. Gənc mühəndis bir neçə ay Moskvada maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin neftayırma zavodlarının tikintisində çalışmış, həmin ilin axırlarında isə doğma Bakıya qayıdaraq, şəhər upravasının (bələdiyyə) tikinti şöbəsinin rəisi təyin olunmuşdur.

M.H.Hacıncki 1908-ci ildə Bakı şəhər idarəsində tikinti şöbəsinə başçılıq etmiş, Bakının abadlaşdırılması və inşaat işlərinin genişlənməsinə səy göstərmişdir; şəhərin baş planının (1898, müəllifi fon der Nonne) layihəsini təkmilləşdirmişdir. 1909-1910 illərdə Bakı dənizkənarı parkının salınması (tikintisi 1912-ci ildə başa çatdırılmışdır) və dəniz hamamının tikilməsi M.H.Hacınskinin fəaliyyəti ilə bağlıdır.

Hacınski1909-cu il. Bakı Dumasının iclasında bələdiyyənin tikinti şöbəsinin müdiri Məhəmməd Həsən Hacınski çıxış edir: «Əhalinin asudə vaxtının keçirilməsi üçün şəhərdə yeganə olan Mixaylovski bağı (indiki Filarmoniya bağı) azlıq edir və günün tələblərinə cavab vermir». Ertəsi gün Bakının bütün qəzetləri bu çıxışı şərh edir və xəbər verirlər ki, şəhərdə, axır ki, Dənizkənarı Bulvar yaradılacaq və bu işə Məhəmməd Həsən Hacınski rəhbərlik edəcək.

Bakı Bulvarının layihəsi üçün müsabiqə elan edilir. Müsabiqəyə şəhərin təxminən 30 memarı qatılır. Onların arasında Zivər bəy Əhmədbəyov, Ploşko, Edel kimi ünlülər də vardı.

İlk bulvar indikindən xeyli qısa olub. İlk bulvar Qafqaz Merkuri Körpüsündən (indiki Kukla teatrı) başlayıb Seyid Mirbabayevin evinədək (Azneft) uzanırdı. Tikinti işləri 2 ilə bitir, 1911-ci ildən bulvar bakılıların sevimli məkanına çevrilir.

M.H.Hacınski Zaqafqaziya Demokratik Federativ Respublikası (ZDFR) hökumətində Ticarət və Sənaye Naziri vəzifəsini icra etmişdir. Seymin Batum konfransında iştirak edən 6 əsas nümayəndəsindən biri olmuş, Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə Azərbaycan tərəfini təmsil etmişdir. ZDFR-in süqutundan sonra (1918, 26 may) M.H.Hacınski mayın 27-də yaradılan Azərbaycan Milli Şurasının üzvü olmuş, 22.12.1919 – 15.02.1920 — illərdə Daxili İşlər Naziri vəzifəsini yerinə yetirmişdir. O, Milli Şuranın Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edən 26 üzvündən biri idi. Hacınski Azərbaycan Parlamentinin üzvü olmuşdur. O, Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris sülh konfransında (1919-1920) iştirak edən nümayəndə heyətinin tərkibinə daxil idi. Paris sülh danışıqları zamanı o, Əlimərdan bəy Topçubaşovla birlikdə ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Türkiyə, İran və b. ölkələrin başçıları, dövlət nümayəndələri, diplomatları ilə görüşərək, Azərbaycan xalqının istiqlal mübarizəsi, ölkənin ağır iqtisadi vəziyyəti, zəngin neft ehtiyatı haqqında məlumat vermişlər.

1920-ci il martın 30-da hökumət istefa verdikdə, Azərbaycan Cümhuriyyəti Parlamenti yeni hökumətin təşkilini M.H.Hacınskiyə tapşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin taleyi üçün son dərəcə məsuliyyətli bir zamanda M.H.Hacınskinin lənglik göstərərək hökuməti təşkil edə bilməməsi hakimiyyət böhranını daha da dərinləşdirmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra Hacınski Azərbaycan Sovet Sosialist Respublikası Ali Xalq Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində müxtəlif rəhbər vəzifələrdə çalışmış, Azərbaycan şəhərlərinin abadlaşdırılmasında iştirak etmişdir. Sovet hakimiyyəti dövründə Azərbaycanın başqa görkəmli ictimai-siyasi xadimləri kimi M.H.Hacınski də represiyaya məruz qalmışdır. L. Beriyanın göstərişi ilə 1930-cu il dekabrın 3-də Tiflisdə Zaqafqaziya Dövlət Siyasi İdarəsi (DSİ) tərəfindən həbs edilərək, ağır işgəncələrə məruz qalan M.H.Hacınski “Azərbaycan Milli Mərkəzinin” işi üzrə ittiham olunmuşdur. 9 fevral 1931-ci ildə ağır həbsxana həyatına dözməyərək ürək xəstəliyinə və vərəmə tutulan M.H. Hacınski, istintaq sənədlərinə görə, “özünü asmaqla” intihar etmişdir.


Tarix: 10.12.2014 / 11:09 Müəllif: Aziza Baxılıb: 80 Bölmə: Ümumi Melumat