Dyuk Universiteti (Duke University) özəl tədqiqatlar universitetidir və ABŞ-ın Şimali Karolina ştatının Darem şəhərində yerləşir. Tarixi 1838-ci ildən başlayan bu ali məktəb 1924-cü ildə tütün maqnatı Vaşinqton Dyukun şərəfinə Dyuk Universiteti adlandırılıb. "ABŞ xəbərləri və dünya hesabatı"na (U.S. News & World Report) əsasən, 2009-cu ildə "Amerikanın ən yaxşı məktəbi" nominasiyasında Dyuk Universitetinin Tibb Məktəbi tədqiqatlar sahəsində 6-cı, Hüquq Məktəbi isə 10-cu yeri tutub. Universitetin siyasi elmlər, sosiologiya, tarix, iqtisadiyyat və mədəni antropologiya departamentləri də ABŞ universitetləri arasında tez-tez əsas 20-likdə yer alırlar. "QS-World Rankings" jurnalının hər il apardığı dünya universitetlərinin reytinqinə əsasən, 2009-cu ildə Dyuk Universiteti 100 ən yaxşı ali məktəb arasında 14-cü yerdə sıralanıb.
Yerləşir:
ABŞ, Şimali Karolina ştatı, Darem şəhəri
Yaranma tarixi:1838-ci il
Tipi:Özəl
Prezidenti:Riçard Brodhed
İşçi heyəti:2877 nəfər
Tələbələrin sayı:6340 nəfər
Aspirantların sayı:7117 nəfər
Rəsmi saytı: www.duke.edu
Duke universitetinin tarixi
Dyuk Universitetinin tarixi Şimali Karolina ştatının Randolf qraflığında (hazırkı Triniti şəhəri) yerləşən Braun Məktəb Evinin təsis olunduğu 1838-ci ildən başlayır. Bu məktəbin adı Dyuk Universiteti adlandırılana qədər dörd dəfə dəyişir (Braun Məktəb Evi-1838-1841, Birləşmiş İnstitut Akademiyası-1841-1851, Normal Kollec-1851-1859, Triniti Kollec-1859-1924 və 1924-cü ildən Dyuk Universiteti).
1841-ci ildə Şimali Karolinada Birləşmiş Cəmiyyət İnstitutu və müqəddəs ata Brantli Yorkun rəhbərlik etdiyi bir qrup metodist və kvakerlər (İngiltərə və ABŞ-da kilsə mərasimlərini inkar edən xristian dini təriqətin üzvləri) tərəfindən təşkil olunan Braun Məktəb Evinin Birləşmiş İnstitut Akademiyası adlandırılması ilə bağlı xartiya buraxılır. Şimali Karolina ştatının Qanunvericilik Məclisi 1851-ci ildə akademiyanın Normal Kollec adlandırılması, 1853-cü ildə isə ona dərəcə verilməsi haqqında qərar qəbul edir. 1859-cu ildə məktəbin adı dəyişdirilərək Triniti Kollec adlandırılır, devizi isə "Bilik və Din" qəbul olunur.
1887-ci ildə Yel Universitetinin məzunu olmuş iqtisadçı Franklin Krouvel Triniti Kollecinin prezidenti təyin olunur. Krouvel tədris proqramlarını ciddi şəkildə nəzərdən keçirir.
Tütün sənayesi hesabına varlanan güclü və möhtərəm metodistlər - Vaşinqton Dyuk və Culian Kar adlı maqnatlar Triniti Kollecin inkişafı üçün böyük məbləğdə yardım edirlər. 1892-ci ildə Vaşinqton Dyuk və Culian Karın köməyilə Triniti Kollec Darem şəhərinə köçür. C.Kar hazırda Qərb Kampusunun yerləşdiyi ərazini kollecə hədiyyə edir. V.Dyuk isə qadınların kişilərlə bərabər şəkildə yerləşdirilməsi şərti ilə qızı Mariyanın şərəfinə adlandırılacaq qızlar yataqxanasının inşasına və fond yaradılmasına 100000 dollar ayırmağı təklif edir.
1894-cü ildə Con Kilqo kollecin prezidenti seçilir. Onun rəhbərliyi dövründə Dyuk ailəsinin Trinitiyə yatırımlarının məbləği xeyli artır. 1924-cü il dekabrın 11-də Vaşinqton Dyukun oğlu Ceyms Dyuk 40 milyon dollar məbləğində Etimad Fondunu təsis edir. Fondun illik gəliri Karolinada xəstəxanalar, uşaq evləri, metodik kilsə, üç kollec və Triniti Kolleci ətrafında universitet tikintisi üçün nəzərdə tutulur. Triniti Kollecinin prezidenti Con Kilqo kollecin adını dəyişərək Vaşinqton Dyuk və onun ailəsinin şərəfinə Dyuk Universiteti adlandırılmasını israr edir. Beləliklə, 1924-cü ildə kollec Dyuk Universiteti adlandırılır.
Universitet sürətlə inkişaf edir. Dyukun orijinal kampusu (hazırkı Şərqi Kampus) 1925-1927-ci illərdə bərpa olunur, 1926-cı ildə dini və ali məktəblər açılır. 1930-cu ilədək kampusun ərazisindəki binaların əksəriyyətinin tikintisi başa çatır. Bu binalar Triniti Kollecinin kişi tələbələri üçün nəzərdə tutulmuşdu. 1930-cu ildə Şərqi Kampus üzrə Qadınlar Kolleci açılır. 1931-ci ildə Tibb Bacıları Məktəbi təsis olunur, 1935-ci ildə isə Dyuk kilsəsinin tikintisi başa çatır, 1938-ci ildən başlayaraq Meşə məktəbi (sonradan Ekoloji məktəb) fəaliyyət göstərir. Həmin il Dyuk Universiteti Amerika Universitetləri Assosiasiyasının 34-cü üzvü olur.
1903-cü ildən universitetdə tədris edilən mühəndislik ixtisası 1959-cu ildən müstəqil məktəb kimi fəaliyyət göstərir. Şimali Karolina ştatının keçmiş qubernatoru Terri Sanford 1969-cu ildə universitetin prezidenti seçilir. 1971-ci ildə burada Siyasi Elmlər və İctimaiyyətlə Əlaqələr İnstitutu təsis edilir, bir il sonra qadınlar üçün fəaliyyət göstərən kollec kişi və qadınlar üçün Liberal İncəsənət Kolleci adı altında Triniti ilə birləşdirilir. 1974-cü ildə universitetdə Meri Lu Uilyams adına Zənci Mədəniyyət Mərkəzi açılır. 1980-ci ildə Dyuk Universitetinin tibb, cərrahiyyə, pediatriya, mamalıq və ginekologiya şöbələrindən ibarət xəstəxanalarının tikintisi başa çatır.
Son illər ərzində Dyuk Universitetinin elmi-tədqiqat mərkəzi kimi nüfuzu artıb. 1993-cü ildə Dyukun 3 üzvü nüfuzlu Uilyam Louell Patnem riyaziyyat yarışmasında birinci yer tutaraq Birləşmiş Ştatlar və Kanadanın riyaziyyat üzrə ən yaxşı tələbə komandası adına layiq görülüb. Dyuk bu uğuru 1996 və 2000-ci illərdə də təkrarlayıb. Son on ilin doqquzunda Dyuk komandası Harvarddan sonra ilk üçlükdə yer tutan yeganə məktəbdir. 1992-ci ildən Dyukun beş tələbəsi Patnem təqaüdçüsü elan edilib. 90-cı illərdə kampusun ərazisindəki tikinti işləri davam etdirilib. 1994-cü ildə universitetdəki Terri Sanford İctimai Siyasət İnstitutu yeni bina və yataqxanaya köçürülür. 1995-ci ildə Piter Nikolas adlı xeyriyyəçi Ətraf Mühitin Mühafizəsi Məktəbinə 20 milyon dollar yardım edir. Ceyms Dyukun qızı Doris Dyuk isə tədqiqatların aparılması məqsədilə universitetə 10 milyon dollar vəsait ayırır. 1996-cı ildə Robert Kolman fizika üzrə Nobel mükafatına layiq görülür.
1998-ci ildə Dyuk prezidenti Nan Keoheyn universitetin kapital yığımına dəstək üçün beşillik kampaniyaya başlayır. Dyuk uğrunda kampaniya 2003-cü ildə 2,36 milyard dollar vəsaitin toplanması ilə başa çatır. Bu kampaniya Amerikanın ali təhsil tarixində keçirilən kampaniyalar arasında miqyasına görə beşinci olur. 2004-cü ildə universitetin elmi tədqiqatlara sərf etdiyi xərclər 490 milyon dolları ötür, bu isə bir sıra mühüm irəliləyişlərə səbəb olur.
Dyuk Qlobal Səhiyyə Araşdırmaları Laboratoriyası ABŞ-ın infeksion xəstəliklərlə mübarizə üçün yeni vaksinlər, dərman preparatları və testlər hazırlayan dörd laboratoriyasından biridir. 2005-ci ildə universitetin üç tələbəsi Rods təqaüdçüsü adını alaraq, Dyuku ən çox təqüdçüləri olan ikinci universitet edib. Dyuk tarixində 40 tələbə bu təqaüdə layıq görülüb.
Duke universiteti bu gün
8610 akr (35 km2) ərazidə yerləşən Dyuk Universiteti 220 binaya malikdir. Onun 7200 akrı (29 km2) meşəlikdən ibarətdir. Universitetin ərazisi dörd əsas sahəyə - Qərb, Şərq, Mərkəzi kampuslara və Tibb Mərkəzinə ayrılıb. Bütün kampuslar bir-birilə avtobus xidməti vasitəsilə birləşir. Atlantik okeanının Bofort sahilində Dyukun 15 akrlıq (61000 m2) sahəsi var. Dyuk kampusundakı əsas ictimai əyləncə yerlərindən biri 1930-cu ildə yaradılmış 55 akrlıq (220000 m2) sahəyə malik Sara Dyuk bağıdır. 2005-ci il noyabrın 1-nə olan məlumata görə, Dyuk 2001-ci ilin fevralından 34 tikinti layihəsinə 835 milyon dollar sərf edib. Həmin vaxt Dyuk "Kamillik qurğusu" adlı beşillik strateji plan hazırlayıb. 2002-ci ildə başa çatdırılmış layihələrə biznes, hüquq, tibbi xidmət, ibadət məktəbi, yeni kitabxana, incəsənət muzeyi, futbol məşqləri üçün obyektlər, iki yaşayış binası, mühəndislik qurğuları, Göz İnstitutu, iki Genetik Araşdırmalar İnstitutu, Elmi Mərkəz və iki yeni Tibbi Araşdırmalar Mərkəzi daxildir.
Dyuk Universitetində bakalavrlar üçün Triniti İncəsənət və Elm, Pratt Mühəndislik, magistr və aspirantlar üçün isə Ali, Pratt Mühəndislik, Nikolas Ətraf Mühitin Mühafizəsi, Tibb, Tibb Bacısı, Hüquq, İlahiyyat, Fuqua Biznes, Sanford Dövlət Siyasəti məktəbləri mövcuddur. ötən onillikdə Dyuk təqaüdlərinin sayına görə ölkənin özəl universitetləri arasında altıncı yerə layiq görülüb. 2007-ci ildə Dyuk Universitetinin fondu 5,9 milyard dollar məbləğində qiymətləndirilib. Universitetin xüsusi tədris obyektlərinə bədii muzey, bir sıra dil laboratoriyası, Dyuk meşəsi, azad elektronlarda lazer, nüvə və dəniz laboratoriyaları daxildir. Dyuk həmçinin Milli Dəmiryolu Şəbəkəsinin aparıcı iştirakçılarından biridir və istedadlı uşaqlar üçün "İstedadın müəyyən edilməsi" kimi proqramların hazırlanması ilə məşğuldur.
Dyuk öz tələbələrindən tələbəlik illərinin ilk üç ilini kampusda keçirməyi tələb edir. Tələbələrin 85%-i kampusda yaşayır. Birinci kurs tələbələrinin hamısı Şərqi Kampusdakı 14 evdən birində yerləşdirilirlər. 1892-ci ildə tikilmiş bu binalar 190 sakin üçün nəzərdə tutulub. İkinci kurs tələbələrinin böyük əksəriyyəti Qərb Kampusunda yaşayır, lakin onlar yaşayış yeri kimi Mərkəzi Kampusu da seçə bilərlər. Mərkəzi Kampus 1050 tələbəni yaşayışla təmin edir. Qərb Kampusu 1930-cu illərdə tikilib, sonralar ona iki yeni bina əlavə edilib. Bu kampus Qərb Sağlamlaşdırma Kampusu, Azad Maddələr Bölməsi və Boldvin Təqaüd Proqramının daxil olduğu üç tədris cəmiyyəti üçün nəzərdə tutulub. Dyuk Universitetinin yaşlı tələbələrinin təxminən yarısı kampusdan kənarda yaşamağa üstünlük verir.
Dyuk Universitetinin kitabxana sistemi 5,5 milyon cild kitabdan ibarət olmaqla ABŞ-ın ən iri özəl universitet kitabxanaları sistemindən biridir. Bu kitabxana Amerikanın bütün kitabxanaları arasında 29-cu yeri tutur. Burada 17,7 milyon əlyazma, 1,2 milyon ictimai sənəd, onlarca film və videoyazılar var. Uilyam Perkins Kitabxanasından başqa, universitetdə müstəqil idarə edilən Ford (biznes), Diviniti Məktəbi, Dyuk Hüquq və Tibbi Mərkəzi kitabxanaları mövcuddur. Kampusun ərazisində Uilyam Perkins Kitabxanasının 9 filialı var. Bundan əlavə, kitabxana sisteminə Biologiya və Ekologiya, Bostok, Xidmət Mərkəzi, Lili, Musiqi və s. kitabxanalar daxildir.
2005-ci ilin payızında açılan Naşer İncəsənət Muzeyi Dyuk Universitetinin Təsviri Sənət Muzeyini əvəz edib. Rafael Vinoli tərəfindən layihələndirilən Naşer İncəsənət Muzeyi Dyukun sənət əsərləri kolleksiyaçısı Raymond Naşerin şərəfinə adlandırılıb. Muzeydə Endi Varhol, Henri de Tuluz-Lotrek və Pablo Pikassonun sənət əsərləri daxil olmaqla 13 000-dən çox incəsənət nümunəsi qorunur.
Dyuk Universiteti tələbələrə 36 incəsənət və dəqiq elmlər təklif edir. Buraya II Proqramla əlavə edilmiş 46 ixtisas da daxildir. Tələbələr 3-ə qədər ixtisas seçə bilərlər. Bu ali təhsil müəssisəsinə daxil olan tələbələrin 80%-i incəsənət və dəqiq elmləri, qalanları isə Pratt Mühəndislik Məktəbini seçirlər. Dyuk Universitetinin tədris metodu "Kurikulum-2000" proqramının yenidən baxılmış versiyasına əsasən fəaliyyət göstərir. Bu, tələbələrin müxtəlif "elm sahələri" və "tədqiqat üsulları" ilə tanış olmalarına zəmanət verir.
Universitetin məşhur məzunları
Dyuk Universitetinin məzunları 2005-2006-cı illərdə ABŞ-ın milli universitetləri məzunları arasında üçüncü yeri tutub. ABŞ-ın keçmiş prezidenti Riçard Nikson, çilinin sabiq prezidenti Rikardo Laqos, ABŞ prezidenti Barak Obamanın şəxsi köməkçisi Reci Lav, eks-prezident Corc Buşun şəxsi köməkçisi Cared Vaynşteyn, Nazirlər Kabinetinin keçmiş üzvü və senator Elizabet Doul, eləcə də "Morqan Stanley və Pfizer"şirkətinin direktorları universitetin məşhur məzunlarıdırlar. Bundan əlavə, süni ürək implantasiyası əməliyyatını həyata keçirən ilk həkim Uilyam DeVraysın adı da məzunlar siyahısındadır. Universitetin tanınmış şəxsləri siyahısına 2003-cü ildə kimya üzrə Nobel mükafatına layiq görülmüş Piter Aqr da daxildir. Birləşmiş Ştatların keçmiş ədliyyə naziri, baş prokurorun müavini və Bill Klintonun prezidentlik illərində Hüquq Məsləhətxanası İdarəsinin rəhbəri vəzifəsində çalışmış III Uolter Dellincer, 1992-ci ildə Lourens Olivye mükafatına layiq görülmüş yazıçı-dramaturq Ariyel Dorfman, Klinton və Corc Buş dövründə Milli Təhlükəsizlik Şurasının üzvü Piter Fiver də daxildirlər. Universitetin məzunu Devid Gergen prezidentlər Riçard Nikson, Cerald Ford, Ronald Reyqan və Bill Klintonun müşaviri olub. Bill Klintonun prezidentliyi dövründə Azadlıq Medalı ilə təltif edilən Con Hop da Dyuk Universitetinin məzunudur. Nobel mükafatının 19 laureatının universitetlə bilavasitə bağlılığı var.
Dyuk Universitetinin məşhur məzunları:
Riçard NiksonABŞ-ın sabiq prezidenti
Rikardo LoqosÇilinin sabiq prezidenti
Reci LavABŞ prezidenti Barak Obamanın şəxsi köməkçisi
Cared VaynşteynABŞ-ın eks-prezidenti Corc Buşun şəxsi köməkçisi
Elizabet DoulABŞ-ın Şimali Karolina üzrə sabiq senatoru
Uolter DellincerABŞ-ın Hüquq Məsləhətxanası İdarəsinin sabiq rəhbəri
Piter FiverABŞ-ın Milli Təhlükəsizlik Şurasının sabiq üzvü
Piter Aqrkimya üzrə Nobel mükafatı laureatı
Kurt Vyutrixkimya üzrə Nobel mükafatı laureatı
Maks Bornfizika üzrə Nobel mükafatı laureatı
Qertruda Elionpsixologiya və tibb üzrə Nobel mükafatı laureatı
Qreq Mellopsixologiya və tibb üzrə Nobel mükafatı laureatı
Jozef Stiqlitziqtisadiyyat üzrə Nobel mükafatı laureatı
Hazırda Dyuk Universitetində 6340 tələbə və 7117 aspirant təhsil alır. Onların 40%-ni ABŞ-ın 50 ştatından və dünyanın 106 ölkəsindəki etnik azlıqlardan olan tələbələr təşkil edir. Universitetdə 2877-yə yaxın professor-müəllim heyəti çalışır. ABŞ-ın digər universitetləri kimi, bu qədim ali təhsil ocağı da öz elmi nailiyyətləri ilə dünyada seçilir. Dyuk Universiteti müasir elm mərkəzi olmaqla yanaşı, qotik üslubda inşa edilmiş binaları ilə turistləri cəlb edən və dövlət tərəfindən qorunan tarixi abidədir.
Tarix: 08.12.2014 / 14:54 Müəllif: Aziza Baxılıb: 200 Bölmə: Xaricdə təhsil