Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pensilvaniya Universiteti

Pensilvaniya Universiteti (University of Pennsylvania) ABŞ-ın ən qədim universitetlərindən biridir və Pensilvaniya ştatında, Filadelfiya şəhərində yerləşir. Universitet ABŞ-ın səkkiz ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq Liqasına daxildir. Ali təhsil ocağı özəl universitet kimi fəaliyyət göstərir, lakin onu hərdən Steyt-Kollec şəhərində yerləşən Pensilvaniya Ştatının Dövlət (Pennsylvania State University), həmçinin Filadelfiya (Philadelphia University) universitetlərilə səhv salırlar. Pensilvaniya Universiteti humanitar və texniki elmlər üzrə geniş spektrdə elmi-tədqiqat işləri aparır. "The Times" qəzetinin hər il apardığı dünya universitetlərinin reytinqinə əsasən, 2009-cu ildə Pensilvaniya Universiteti 12-ci yerdədir.

Yerləşir:ABŞ, Pensilvaniya ştatı, Filadelfiya
Yaranma tarixi:1740-cı il
Tipi:Özəl
Prezidenti:Emi Qutmann
İşçi heyəti:6314 nəfər
Tələbələrin sayı:19816 nəfər
Aspirantların sayı:9653 nəfər
Rəsmi saytı:www.upenn.edu


Pensilvaniya universitetinin Tarixi
Pensilvaniya Universiteti 1740-cı ildə alim, jurnalist, diplomat Bencamin Franklin tərəfindən yaradılıb. İlk vaxtlar xeyriyyə məktəbi kimi fəaliyyət göstərən təhsil müəssisəsi 1755-ci ildə kollecə çevrilir və B.Franklin Pensilvaniya kollecinin prezidenti olur. Franklin ictimai qulluq və ticarət üçün yararlı, klassikaya əsaslanan təhsil proqramını təbliğ edirdi. O zamankı siyasi xadimlərin çoxunun adı bu təhsil ocağı ilə bağlıdır: Kontinental konqresin 24 nümayəndəsi, "Müstəqillik haqqında Deklarasiya" mətninin altında imzası duran 9 tanınmış sima - Bencamin Franklin, Corc Klaymer Fitzsimons, Frensis Hopkinson, Tomas Makkin, Robert Morris, Uilyam Paca, Corc Ross, Bencamin Raş və Ceyms Uilson; ABŞ Konstitusiyasının mətnini imzalayan 10 şəxs - Bencamin Franklin, Corc Klaymer Fitzsimons, Cared İngersoll, Rufus Kinq, Tomas Mifflin, Qouverner Morris, Robert Morris, Corc Vaşinqton, Hyu Uilyamson və Ceyms Uilson bu kollecin məzunları olublar.

1779-cu ildə kollecə universitet statusu verilib. Pensilvaniya Universiteti ABŞ-da ilk universitet statusu almış ali məktəbdir. 1765-ci ildə burada tibb məktəbi (Şimali Amerikada ilk tibb məktəbi), 1874-cü ildə universitetin ilk baza xəstəxanası, 1881-ci ildə ilk biznes məktəbi (dünyada məşhur və prestijli Uorton Biznes Məktəbi), 1896-cı ildə dünyada ilk psixoloji yardım klinikası, ilk Amerika tələbə təşkilatının binası Hyuston Holl, 1946-ci ildə ABŞ-da ikinci baytarlıq tibb məktəbi açılıb. 1946-cı ildə universitetdə bütöv bir elektron kompüter - ENİAK, kütləvi elektron hesablama maşınları istehsal edilib.

Pennsilvaniya Universiteti bu gün
Pensilvaniya Universitetinin kampusu Filadelfiyanın qərbində 269 akr (109 km2) ərazidə yerləşir. Kampusun planı "Koup and Stewardson" firması tərəfindən hazırlanıb. Firmanın memarları kampusun binalarını qotik üslubda inşa ediblər. Universitetin bütün məktəbləri, tədqiqat institutları, yataqxanaları və s. kampusun ərazisində yerləşir. Son zamanlar burada yeni restoranlar, yüksək səviyyəli ticarət mərkəzi, kinoteatr inşa edilir. Burada həmçinin avtonəqliyyat qarajı, Ualnut küçəsində yerüstü dayanacaq, texniki qulluq məntəqələri var.

Kampusun ərazisində bakalavr hazırlayan 4 məktəb - İncəsənət və Elmlər Məktəbi, Mühəndislik və Tətbiqi Elmlər Məktəbi, Tibb Bacısı Məktəbi, Uorton Biznes Məktəbi yerləşir. Burada, eyni zamanda Annenberq Rabitə Məktəbi, İncəsənət və Elmlər Ali Məktəbi, Təhsil Ali Məktəbi, Hüquq Məktəbi, Stomatologiya Məktəbi, Dizayn Məktəbi - keçmiş Təsviri İncəsənət Məktəbi, Mühəndislik və Tətbiqi Elmlər Məktəbi, Tibb Məktəbi, Tibb Bacısı Məktəbi, İctimai Siyasət və Təcrübə, Baytarlıq Məktəbi, Uorton Məktəbi, ümumilikdə magistr hazırlayan 12 təhsil müəssisəsi fəaliyyət göstərir.

Pensilvaniya Tibb Məktəbi tibb bacısı, təbabət, stomatologiya və baytarlıq, biomühəndislik (Mühəndislik məktəbi) və səhiyyənin idarəolunması (Uorton Məktəbi) proqramları üzrə tələbə hazırlayır. Burada tibbi tədqiqatlara böyük məbləğdə maliyyə sərf olunur.

Universitetin kitabxanası 1750-ci ildə kartoqraf Lui Evansın təhsil ocağına külli miqdarda kitab bağışlaması nəticəsində yaranıb. Hazırda burada məktəblərlə əlaqəli 15 kitabxana (həmçinin elektron) fəaliyyət göstərir: Annenberq (Rabitə məktəbində), Bidl (Hüquq peşə məktəbində), Tibb-biologiya (Tibb Məktəbinin pavilyonunda), Müasir iudaika (yəhudi dini) mərkəzi, kimya, stomatologiya, maşınqayırma, təsviri incəsənət, lippinkot (Uorton Məktəbində), riyaziyyat, fizika, astronomiya (Devid Rittenhaus laboratoriyasında), muzey (Arxeologiya və Antropologiya muzeyində), nadir kitablar və əlyazmalar, Van Pelt-Ditrix kitabxana mərkəzi, baytarlıq, lea kitabxanaları. Kitabxana sistemi ümumilikdə 5,7 milyon cild kitaba malikdir.

Pensilvaniya Universitetinin nəzdində 1887-ci ildə yaranan Arxeologiya və antropologiya muzeyi fəaliyyət göstərir. XX əsrin əvvəllərində ilk olaraq məhz bu muzeyin əməkdaşları Misir, Mesopatamiya, Afrika, Şərqi Asiya, Cənubi Amerika ərazilərində arxeoloji və antropoloji qazıntılar aparıblar. Bunun nəticəsində muzey böyük miqdarda qədim Misir və Yaxın Şərq mədəniyyəti kolleksiyalarına, Urun sərdabələrinə, qədim çin artefaktına aid olan nadir tapıntılara malikdir. Muzeyin təsviri incəsənət potensialına rotonda (girdə və ya yarımgirdə qübbəli kiçik bina) və bağlar, o cümlədən Misir papirusu aiddir. UPM və MASCA elmi bölmələri arxeoloji tapıntıların, qədim əlifbalarla yazılmış mətnlərin interpretasiyası üçün ən müasir metodlardan istifadə edir. Kampusun ərazisində Müasir İncəsənət İnstitutu da fəaliyyət göstərir. İnstitut bütün ilboyu müxtəlif sərgilər təşkil edir.

Pensilvaniya Universitetində tələbələrin qalmaları üçün hər şərait yaradılıb. Kampusda Dyubua, Fişer Hassenfeld, Qriqori, Harnvell, Harrison, Hill, İngiltərə Kral Məhkəməsi, Riep, Rodin, Sensom Şərq/Qərb, Stoufer, ərzaq tələbə yataqxanaları-kollec evləri (rezidensiyalar) mövcuddur. Vaxtlarını səmərəli keçirmələri üçün tələbələrin istifadəsinə parklar, restoranlar, idman, oxu zalları, kinoteatrlar və s. verilib.

Təhsil və tədqiqat proseslərinin bölünməməsi Pensilvaniya Universitetinin əsas xüsusiyyətidir. Burada oxuyan tələbələr ikinci kursdan başlayaraq, laboratoriya və institutlarda işləyə bilərlər. Bu təhsil müəssisəsinə dünyanın texniki universitetlərindən daha çox tələbə qəbul edilir.

Universitetin nəzdində bakalavrda oxuyan tələbələrə ali məktəbin elmi həyatında fəal iştirak etmələri üçün Tələbə Təşkilatı Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlə əməkdaşlıq Pensilvaniya Universitetində magistraturada oxumaq və təqaüd almaq istəyənlər üçün əlavə şans yaradır. Universitet rəhbərliyi abituriyentlərin bilik səviyyəsinə çox ciddi yanaşır. Ən yüksək müsabiqə incəsənət, sosiologiya və hüquq fakültələrində qeydə alınır.

Pensilvaniya Universitetinin məşhur məzunları
Uilyam Henri HarisonABŞ-ın 9-cu prezidenti
Toomas Hendrik İlvesEstoniyanın prezidenti
Kvame NkrumaHananın ilk prezidenti
Uilyam UokerNikaraqua Respublikasının prezidenti
Nnamdi AzikiveNigeriyanın 1-ci prezidenti
Ernesto BalyadaresPanamanın sabiq prezidenti
Sezar VirataFilippinin sabiq baş naziri
Uilyam BrennanABŞ Ali məhkəməsinin hakimi
Ceyms UilsonABŞ Ali məhkəməsinin sabiq hakimi
Oliver Uilyamsiqtisadçı, Nobel mükafatı laureatı
Corc Smitfizik, Nobel mükafatı laureatı
Harold zur Hauzenhəkim-psixoloq, Nobel mükafatı laureatı
Edmund Felpsiqtisadçı, Nobel mükafatı laureatı
Edvard Preskotiqtisadçı, Nobel mükafatı laureatı
İrvin Rouzkimyaçı, Nobel mükafatı laureatı
Reymond Devisfizik, Nobel mükafatı laureatı
Alan MakDermidkimyaçı, Nobel mükafatı laureatı
Alan Higerkimyaçı, Nobel mükafatı laureatı
Əhməd Zevailkimyaçı, Nobel mükafatı laureatı
Stenli Prusinerhəkim-psixoloq, Nobel mükafatı laureatı
Maykl Styuart Braunhəkim-psixoloq, Nobel mükafatı laureatı
Lourens Kleyniqtisadçı, Nobel mükafatı laureatı
Noam Çomskilinqvist və politoloq
Pensilvaniya Universitetinə qəbul qaydaları
Amerika universitetlərinə qəbul olmaq üçün abituriyent aşağıdakı sənədləri əldə etməlidir:

- ali məktəbdən verilmiş anketin doldurulması (application form) və sənədlərin baxılması üçün məbləğ (application fee);

- hər bir universitetin öz qəbul qaydaları, formaları var. Bu formaları universitetin saytından əldə etmək mümkündür. Həmin formaya mütləq çek əlavə olunur, məbləğ isə təhsil müəssisəsindən asılıdır;

- transkript (son üç ildə fənlərdən alınan qiymətlər) - attestat və ya diplomun surəti;

- transkript, adətən, cədvəl formasında olur, həmçinin attestat və diplom ingilis dilinə tərcümə olunmalıdır;

- 3 zəmanət məktubu (abituriyentin müəllimlərindən və ya elmi rəhbərlərindən), məktub transkript kimi ingilis dilinə tərcümə edilməli, notariusda təsdiq olunmalıdır;

- 1 və ya 2 səhifədən ibarət olan, tərcümeyi-halı xatırladan personal statement (esse). Müvafiq sənəddə aşağıdakı suallara cavablar vermək lazımdır: "Bu universitetdən mən nələr gözləyirəm?", "Nə üçün xaricdə oxumaq istəyirəm?". Həmçinin abituriyent ali məktəbin onu nə ilə cəlb etdiyini, universitetin məşhur professorlarının adlarını, tanınmış laboratoriyalarını qeyd etməlidir;

- imtahanın nəticələri - məktəb məzunları TOEFL və SAT-dən, ali məktəb məzunları isə TOEFL, GRE və ya GMAT-dan imtahan verməlidirlər. Test imtahanları ödənişli olur və qiymətlər 60-250 dollar arasında dəyişir. Əsas imtahanlar təhsil müəssisəsinin tələblərinə uyğun aparılır.

Qaydaya görə, ali məktəbdən verilmiş anketdə gələcək tələbə hər təhsil ili nə qədər məbləğ ödəyə biləcəyi haqqında məlumat verməlidir. Abituriyentin maliyyə durumu onların bank hesabında təsdiqlənməlidir. Bir çox ali məktəblər xarici tələbələrə maliyyə dəstəyi göstərir. Burada əsas rol abituriyentin akademik bacarığından, onun elmi və yaradıcı fəallığından asılıdır. Bundan başqa, xarici tələbələr üçün ABŞ hökuməti və müxtəlif fondlar tərəfindən maliyyələşən təqaüd proqramları və qrantlar mövcuddur.

Bütün sahələr üzrə geniş elmi-tədqiqat işləri aparan Pensilvaniya Universiteti dünyanın ən nüfuzlu universitetlərindən biridir. Pensilvaniya Universitetinin tələbəsi olmaq dünyanın çox gənclərinin ən böyük arzusudur.


Tarix: 08.12.2014 / 14:53 Müəllif: Aziza Baxılıb: 321 Bölmə: Xaricdə təhsil
loading...