Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tenha Xanima Gece Oxusu.Qara Qarqa

Qara qarğa

Alma ağacına qonub qarıldayan qara qarğanın səsinə yuxudan oyandı. Nəhs gün olacaqdı, sınamışdı, qara şeytan sübhdən gəlib qarıldadımı, başına bir iş gəlməliydi. Əhvalı korlanmışdı, uğursuzluq baş verməsə də, qaşqabağı açılmırdı. Bəd xəbər gözləyən adam kimi səksəkədəydi. Günortadan sonra «İldırım» qəzetinin müxbiri gəldi, onun haqqında yazı yazmaq istəyirdi. Yalnız bundan sonra sakitləşdi. Bu kişi durub Bakıdan bura, ucqar əyalət qəsəbəsinə məhz ona görə təşrif gətirmişdisə, nəhs günü unutmaq lazım gəlirdi.Müxbir işgüzar tərzdə diktafon, bloknot, qələm çıxarıb onu sınayıcı baxışlarla süzdü, – yəni bu nə materialdır belə, haqqında yazmağa dəyərmi, - yalnız bundan sonra sözə başladı. «Bu xarabaya, viran qalmışa, – ona baxıb dərhal da sözünü dəyişdi, – yurdumuzun bu dilbər guşəsinə gəlib çıxana kimi anadan əmdiyim süd burnumdan gəldi. Avtobus tank kimi nərildəyir, xarab olur, isti, bürkü, benzin qoxusu adamı əldən salır. Kimə ağır cəza vermək istəsələr, oturdalar əyalət avtobusuna, deyələr, get, axıra qədər. Geniş bir yazı yazacağam, sizin yaşam və yazam tərzinizi bütün ölkəyə çatdıracağam».
- Nə tərzimi? – bir şey başa düşməyib soruşdu.
- O mənlikdi. Başlayaqmı?
- Nəyin sizlik oduğunu bilmədim, – müxbirin onunla hesablaşmaq fikrində olmadığını hiss eləyirdi, çox da baş aparmasın deyə iradını bildirdi, ancaq dərinə getməyib razılığını bildirdi. – Başlayaq.
- Başlayırıq sizin dünyaya gəlişinizdən. Hansı kənddə?
- Meşəlidə, – dedi.
- Aydındı, fıstıq ağaclarının yarpaqları xışıldayır, palıd ağacları göylərə meydan oxuyur…
- Orda nəyinsə xışıldadığını xatırlamıram. Göylərə meydan oxuyan palıd ağacları yoxdu. Adı beləydi, əslində isə boz və qumsal çöldə qərar tutmuşdu…
- Siz hansı boz çöldən danışırsız? – müxbir duruxdu, narazı baxışlarla onu süzdü.
- Anadan olduğum boz çöldən.
- Heç nə başa düşə bilmirəm! – müxbir işıldayan alnına tökülmüş seyrək, sarımtıl saçlarını başının əsəbi hərəkətiylə geri atdı. – Mən təxəyyülümü gücə salıb, sizi meşədə dünyaya gətirmək istəyirəmsə, bunun nəyi pisdi?
- Pis deyil, ancaq həqiqət də var axı. Boz çöldə doğulduğum halda, nəyə görə məni meşədə dünyaya gətirməlisiz?
- Mənə necə yazmağı sizmi öyrədəcəksiz? – müxbirin səsindən aşkar davakarlıq yağırdı.
- Neçə yaşın var? – oğlanla mübahisə eləmək fikrində deyildi, ancaq cavabını da verməyə bilmirdi.
- Nəyinizə lazımdı? Deyək ki, iyirmi iki…
- Mənsə otuz beş ildi yazıram. Kimin kimə, başlıcası isə nəyi öyrətməsi məsələsində diqqətli olun.
Oğlan duruxdu, istehza ilə gülümsəyib başını yırğaladı, siqaret çıxarıb yandırdı, alışqanla siqareti ona tərəf itələdi.
- Çəkən deyiləm, - nəzakətlə etiraz elədi.
- Bəs yazanda?
- Başa düşmədim? – başını qabağa əyib soruşdu.
- Yazanda çəkmirsiz, ilhamınız cuşə gəlsin deyə, gücləndirici vasitələrdən istifadə eləmirsiz? Araqdan, konyakdan…
- Heç nədən istifadə eləmirəm! – müxbirin sözünü kobud tərzdə kəsdi, ilk dəfəydi qapısına müxbir gəlirdi, müxbirlə münasibətini korlamaq istəmirdi, ancaq bu uşaq onu hövsələdən çıxardırdı. – Çəkmirəm, içmirəm, qara-qura atmıram! Yalnız yazıb qurtarandan sonra bir müddət ayılmadan içirəm.
- Fəxr eləməli bir şey yoxdu. İlişib qalmışıq sizin o kənddə! Çıxa bilmirik ordan. Mən sizi meşədə, ağacların, güllərin arasında dünyaya gətirmək istəyirəm, sizsə dirənirsiz. Qumsal çöl dilinizdən düşmür!
- Ay uşaq! Mən özüm də təbiətin qoynunda dunyaya gəlmək istərdim, amma bu arzuyla deyil, bu taledi.
- Qurtardıq bu haqda! O mənlikdi!
- Nə? – tərsliyi tutmuşdu, güzəştə getmək fikrində deyildi.
- Sizin harda dünyaya gəlməyiniz!
- Qətiyyən! Sizlik deyil. Bu Allahın və valideynlərimin işi olub, hardan sizlik ola bilər?
- Bunu hara çırpım?
- Nəyi? – tutuldu, nə demək istəyirdi, oğlan siqaretini göstərirdi. Heyrətləndi, oturublar həyətdə, heyva ağacının altında, bu isə külü çırpmağa yer tapa bilmir, gərək bunun üçün külqabı ola. – Yerə çırpın! – dedi.
- Olar? – oğlan təəccüblə soruşdu.
- Niyə də olmasın? Qəribə adamsız! Bu boyda həyətdə külü çırpmağa yer tapa bilmirsiz. Çırpın mənim başıma!
Oğlan pərt oldu, qızardı, bir az da davakar görkəm aldı, döyüşə atılmağa hazırlaşan xoruza oxşayırdı.
- Demək, meşədə…
- Boz və qumsal çöldə!
- Bu mənlikdi!
- Sizlik deyil! Qətiyyən!
Müxbirin, bu ədəbazın işıldayan alnına bir yumruq vursaydı, ona neçə il iş verərdilər? İlk dəfəydi cinayət məcəlləsini oxumadığı üçün təəssüflənirdi. Oxumaq lazım imiş, oxusaydı, indi gözlərini döyməzdi. Bu haramzadənin, yekəxananın başına bir yumruq vurmağın ona neçəyə başa gələcəyini dəqiq bilərdi. Məlumatsızlıqdan nə qədər götür-qoy eləsə də, qərara gələ bilmədi.
- Gör sənə nə deyirəm, yaxşı eləyib gəlibsən. Bunları qoy bir tərəfə, gedək mənimlə Demana.
- Hara? – oğlan heyrətlə soruşdu.
- Demana, dağlara, uca zirvələrin ətəyində geniş çöldü. Orda mənim komam var, ordan Savalanın qarlı zirvəsi görünür. Çöllər elə ətirlidi, sanki torpağa bahalı ətir səpiblər. Dərman bitkiləri yığar, günəşin necə doğmasına tamaşa elər, soyuq sulardan içərik. Gecəni də orda qalarıq, gecə çöl küləkləri əsir…
- Mən bura iş dalısınca gəlmişəm, – oğlan hirslə onun sözünü kəsdi. - Keçək məktəbə, hansı məktəbdə oxuyubsuz?
- Qonşu kənddəki, – pərt halda dedi, – yağışda, qarda, çovğunda gündə beş kilometr yolu gedib qayıtmaq asan deyildi.
- Canavarlar sizə hücum eləyirdi! – oğlanın gözləri işıldayırdı.
- Bu hardan ağlına gəldi? – əməllicə söhbət eləyirdilər, oğlan yenə də hoqqabazlıq eləməyə başladı. – Canavarlar hücum eləməyib. Yolun kənarlarında canavar, çaqqal görmüşük, möhkəmcə qorxmuşuq, ancaq hücum-filan olmayıb.
- O mənlikdi!
- Necə sizlik ola bilər? – dilxor halda səsləndi.
Oğlan hirslə diktafonun düyməsini basıb söndürdü, tələsik bloknota nəsə qeyd eləyib, qələmi stolun üstünə qoydu. Sevindi, söhbətin bitdiyini güman eləyirdi, ancaq belə deyilmiş. «Unutmayın ki, mən sizə görə cəhənnəm əzabına qatlaşmış, yayın cırhacırında bu xarabaya, – sözünü dəyişib dilbər guşəyə keçməyə ehtiyac duymadı, – gəlmişəm. Əyər mənim fədakarlığım, xüsusi ilə də redaktorumuzun vətənpərvərliyi olmasaydı, adınız heç vaxt qəzetlərdə çəkilməyəcəkdi. Xəbərsiz-ətərsiz yoxa çıxacaqdız, o birilər kimi!»
Haqlıydı, nə qədər yaşamış, yazmışdı, amma onunla maraqlanan qəzet, müxbir olmamışdı. Bu müxbir əyalət yazıçısı haqda yazmaq fikrinə düşməsəydi, durub Bakıdan bura gəlməsəydi, olmayacaqdı da. Belə olmağına beləydi, ancaq oğlan özü cığallıq eləyirdi, həqiqəti təhrif eləmək nəyinə lazımdı? Necə olub, elə yaz da, uydurmaq nəyə lazım?
- Tənqidçilərdən biri bütün yazanların dəli olduqlarını dedi, – müxbir növbəti suala keçdi. – Siz necə, özünüzü dəli hesab eləyirsiz?
- Ay uşaq, yavaş! – həyəcanla səsləndi. – Arvad iyirmi ildi bu qənaətdədi ki, məndə iynənin ucu qədər də ağıl yoxdu. Deyir, ağlın olsaydı, adam olub adamlara qoşulardın. Dediklərini eşitsə, ağzını yummaq olmaz. Deyəcək, gördün mən deyəndi, müxbir Bakıdan bura ondan ötrü gəlmişdi ki, düz alnınının ortasına kim olduğunu desin.
Oğlan ayağa qalxdı, cavablardan razı qalmadığı hiss olunurdu. Ayaqyolunun yerini soruşdu, geri qanrılıb ağacların arasındakı tikilini göstərdi. Oğlan getdi, qayıdıb gələndən sonra ayaqqabılarını çıxartdı, yalın ayaqlarını yanındakı söyüd kötüyünün üstünə qoydu. Üfunət qoxusu vurdu onu, ürəyi bulandı, sifətini büzüşdürüb:
- Sən ora yıxılmışdın? – soruşdu.
- Hara? – oğlan gözlərini döydü.
- Əşşi, ayaqyoluna da! Bəlkə içinə düşübsən. Deməliyəm ki, qoxuyursan, – oğlanın gözlərinin içinə baxmadan deyirdi və bu sözləri demək onun üçün çətin idi, öz evində, öz həyətində qonağa beləcə demək ürək açan deyildi, ancaq qoxuya da dözə bilmirdi.
- Ayaqlarım iy verir, – oğlan elə deyirdi, sanki ayaqlarının iy verməsi ilə fəxr eləyirdi. – Bir az yel-hava dəydimi, keçib gedəcək.
- A kişi, yel-hava nədi? Yumaq lazımdı! Soyuq suyla!
Oğlan qızardı, nəsə demək istədi, ancaq demədi, əlini yellədi, ayağa qalxıb, yaxınlıqdakı su krantına doğru getdi, yastı-yastı yeriyir, elə bil üzürdü, günəşdə yanmış boynu iyrəncdi, hər halda ona belə gəlirdi.
Oğlan qayıdıb gəldi, bayaqkı qoxu çəkilmişdi, güclə hiss olunurdu. Yerini rahatladı, orda dəsmal olsa da, qurulanmamışdı, əlləri, ayaqları yaş idi.
- Cavanlarla qocalar arasında döyüş gedir, yəqin bilirsiz də? – soruşdu. – Bu döyüşdə sizin yeriniz hardadı?
- Mən orda deyiləm, mən müharibə istəmirəm.
- Nə isə, – oğlan yenə də narazı qaldı, – burası mənlikdi.
- Btir az aydın danışın! – öskürdü, qıpqırmızı qızarmış halda sərt səslə dedi. – Sizlik olan nədi?
- Ədəbiyyatımızda nə çatmır? – oğlan onu eşitmirmiş kimi yeni sualını verdi.
- Vətənə, millətə, torpağa, tariximizə sevgi. Yazılarımızda böyük məhəbbət yoxdu. Yeniliyə, yeni sözə, yeni ab-havaya ehtiyacımız var.
- İndi də işinizdən danışın.
İşi yaralı yeriydi, təhsil şöbəsində adi bir işdə işləyirdi. İldə azı beş dəfə təhsil şöbəsi, icra hakimiyyəti işini yoxlayır, onu kabinetə, başçı yanındakı şuraya çağırırdılar. «Danmırıq, – deyirdilər, – rayonumuzun yeganə yazıçısız, sizə hörmətimiz var. Ancaq dövlət pulundan bezməyib, verərik o pulu, iki maşın çınqıl gətirib tökərik küçələrimizə». O isə dinmirdi, ağıllı bir dostu ona məsləhət görmüşdü ki, belədə dinməsin, təsir əks təsirə bərabərdir, demişdi, nə qədər çox müqavimət göstərsən, bir o qədər çox əzəcəklər.
- Gör sənə nə deyirəm…
- Demanamı gedək? – müxbir ona sözünü axıra qədər deməyə imkan vermədi.
- Aha!
- Axı dedim, mən bura iş dalısınca gəlmişəm.
- Özün bilərsən, amma getsəydik, yaxşı olardı. Qarlı zirvələrə baxar, soyuq sulardan içər, komada gecələrdik.
- Getmirəm! İstəmirəm!
- Getmirsən, getmə. Olmaya səni ora zorla aparıram?
Arvadı süfrə açdı, təzə kartof soyutması, qızardılmış çay balığı, dovğa gətirdi, arağı da var idi. Kasıb süfrəydi, müxbir qəfil gəlmişdi, vaxt eləyib ət ala bilməmişdi. Müxbir arağı su kimi içir, içdikcə də işıldayan alnı tərləyirdi.
- Kasıb yaşayırsız, – narazılığını biruzə verdi.
- Elədi, – təsdiq elədi, – virus imkan vermir.
- Hansı virus?
- Vicdan adlı virus. Yaxşı yaşamaq, var-dövlət qazanmıq üçün bu virusdan təmizlənməlisən. Mən bunu gec başa düşdüm, virus artıq bütün bədənimə yayılmışdı.
- «Onlar məni öldürdülər» yazısı sizindimi?
- Hə, – dedi.
- Yaşayırız axı.
- Bu yaşamaqdımı? Arzuları, ümidləri, yaşamaq eşqi, enerjisi aşıb daşan o yazıçını öldürdülər. Okeana çıxmağa imkan vermədilər. Ondan məndə quruca ad, soyad qalıb, vəssəlam!
Yeməkdən sonra müxbir ətiacı adam təsiri bağışlamırdı, kefi kökəlmişdi, əvvəlkitək mübahisəyə can atmırdı, bloknotla qələmi bir tərəfə qoymuşdu, diktafonla keçinirdi.
- Yazıçılarımıza təqaüd verəcəklər, yəqin sizin adınız da o siyahıda olacaq?
- Olmayacaq! – kəsəsinə dedi.
- Niyə? Mən sizin yazılarınızı…
- Qulaq asın, yazının, istedadın bu işə dəxli yoxdu. Mən adamsız, imkansız əyalət yazıçısıyam, Azərbaycan ədəbiyyatının uzaq və ögey qohumuyam. Bu xalq isə heç vaxt yazıçısına, söz-sənət adamına sahib durmayıb. Aydındımı?
Müxbir dəfə-darağını yığışdırdı, cib telefonu ilə harasa zəng elədi, maşın istədi, kiminləsə görüşmək istəyirdi və hər nəydisə, telefon danışığından məmnun qaldı.
- Yenə də özümü zorlamaq məcburiyyətində qalacağam, – telefonu cibinə qoyub dedi.
- Özünüzü neyləyəcəksiz? Olurmu belə şey?
- Sizin dedikləriniz kara gəlmir, müasir qəzet üçün material deyil. Özüm baş işlətməliyəm.
- Gör sənə nə deyirəm…
- A kişi, getmirəm sənin o Demanına! Soyuq sulardan içmək istəmirəm! Günəşə, qarlı zirvələrə baxmaq istəmirəm! Yatmaq istəmirəm dağdakı komanda! Çox istəyir məni, yatım komada, birələr daraşsın canıma! Lap elə yatdıq o komada, çöl küləkləri də əsdi, nə olasıdı?
Lənətə gəlmiş uşaq, hirslə dodaqaltı deyindi, cəhənnəmə getmə! Day niyə bağırırsan? Maşın gəldi, icra hakimiyyətindən göndərmişdilər, müxbirin buralarda böyük hörməti var imiş. Onunla görüşdü, dilucu vidalaşdı, xala xətrin qalmasın dedi ki, «İldırım» qəzetini izlə, haqqındakı yazı gələn həftə gedəcək.
Səhərisi icra başçısının köməkçisi zəng elədi, gileylənirdi, müxbir sizə qonaq gəlir, sizdən yazı yazır, ancaq biz yola salmalı oluruq.
- Mən ondan xahiş eləmişdim, buyursun, gəlsin, mənim haqqımda yazı yazsın? Sonrası da yola salmaq nədi, olmaya mən onun üçün vida mərasimi düzəltməliydim?
- Özümüz yola saldıq, – köməkçinin səsində minnət, məzəmmət var idi, – mərasim olmasa da, bir balaca məslis təşkil elədik kafedə, ancaq sənin adını yazdırmışıq. Hər halda qonaq sənindi.
- Nə deyirəm, – könülsüz halda dilləndi, təşvişə düşmüşdü, bir balaca məclis görəsən ona neçəyə başa gələcəkdi? – Hesablaşaram onlarla.
- Yeri gəlmişkən sizin işiniz növbəti iclasda müzakirə olunacaq. Qardaşım, – «qardaşım»ı elə deyirdi, söysəydi, belə təsir eləməzdi. – Dövlət pulunu heç kimə havayı vermir. Küçələrimiz dağılır. Bizsə vəsait tapıb yollara çünqıl döşəyə bilmirik.
Qulaq asmayıb dəstəyi asdı, bu gözgörəsi əbləhlikdi, köməkçinin qazancı bir tərəfə, dörd onun maaşı qədər maaş alırdı. Gəl danışığına bax, vur-tut altmış manatla rayonu cənnət eləmək istəyir. Aldığı cüzi məbləğ belə bunlara rahatlıq vermir.
Kafedən hesabı öyrənmək üçün geyinib qəsəbəyə çıxdı. Hava tutulmuşdu, yağış gözlənilirdi, qəsəbənin yuxarısındakı təpələrin üstündə qara buludlar toplaşır, tədricən göyün üzü tutulur, havadan yağış qoxusu gəlirdi.
Kafedə hesabı öyrənəndə büsbütün ruhdan düşdü, iki ayının maaşını verməliydi, ancaq kafedəkilərin iki ay gözləmək fikirləri yox idi, uzağı bir həftəyə hesab çatmalıydı. Lənət şeytana, müxbir hardan gəlib çıxdı, onu bu qədər xərcə saldı?
Geri qayıdanda yağışa düşdü, dayanıb yağışın keçməsini gözləmədi. Yağışı, yağış dumanını yararaq keçib gedirdi. Saçından üz-gözünə su axırdı, yağış suyu şor, duzlu idi. Təəssüflə gülümsədi, yağışın dadını çoxdan unutmuşdu. Uşaqlıqda payızın yağışlı, çiskinli havalarında çöldən göbələk yığanda beləcə islanır, topuğundan su axırdı.
Evə çatıb paltarlarını təzəcə dəyişmişdi ki, cavan bir oğlan gəldi. Atası uzun müddət rayonda mühüm vəzifələrdə işləmiş, üç-dörd ay bundan əvvəl ölmüşdü. Özü də hansısa idarədə rəis işləyirdi və belə mühüm simanın gəlişi onu xeyli təəccübləndirmişdi. Belələri yazıçının yanına getmirlər. Atası haqda kitab buraxdılrmaq istəyirmiş, rayonun bütün tanınmış adamları, vəzifə sahibləri ürək sözlərini, kişi haqda xatirələrini yazmışdılar, onun da ürək sözlərini yazmasını istəyirdi. Boyun qaçırtdı.
- Yaza bilmərəm, – dedi.
- Niyə? – oğlan qaşlarını çatdı.
- Yalan yaza bilmərəm. Ona görə.
- Həqiqəti yazın, – oğan gülümsəyərək təkid elədi.
- Onda gərək yazam ki, atan qəddar, harın, rüşvətxor, qaniçən adam olub, qəlbində rəhm, insaf olmayıb.
- Belə de! – gözlədiyinin əksinə olaraq oğlan hirslənib özündən çıxmadı, heç təmkinini də pozmadı. – Növbəti iclasda məsələniz müzakirə olunacaq. Orda mən sizin yadınıza salaram atamın necə kişi olduğunu.
Bu yenə də əsl quldura «kişi» deyirdi. Ağzını doldurub bunu da, atasını da söyməkdən özünü güclə saxladı. Demək belə, növbəti iclasda əsl tufan qopacaqdı. Adam cilov gəmirirdi, saxlamaq olmayacaqdı, asıb-kəsəcək, lap yəqin tələb eləyəcəkdi ki, onu küçənin ortasındaca güllələsinlər.
Oğlanın ardınca şair dostu gəldi, iki şüşə tut arağı gətirmişdi, şüşələri stolun üstünə qoyub, nədənsə gülümsəyrək soruşdu.
- O burdan gedirdi?
- Hə, – kimi soruşduğu məlum idi.
- Yazmadın? – bura niyə gəldiyini də bilirmiş.
- Yox, – dedi, – niyə gəldiyini bilirsənsə, niyə yazmadığımı da bilərsən.
- Mən yazdım, – dostunun səsi boğuq çıxırdı. – Mənə bir otaqlı ev vermlidilər, bundan da çox asılıdı. İyirmi beş ildi bu günü gözləyirəm. Neyleyim, özümü zorladım, yazdım.
- Əcəb iş-peşə tapıbsız, iş çətinə düşən kimi özünüzü zorlayırsız! – dostunun necə qızardığını görəndə anladı ki, kitaba nəsə yazmaq şair üçün asan olmayıb, neyləsin, ortalıqda ev söhbəti var idi. Sözünü dəyişib dostuna təsəlli verdi. – Ürəyini sıxma. Sən yazdın, yazmadın, o kitab onsuz da çap olunacaq.
Bir azdan çaya balıq tutmağa getmiş oğlu da qayıdıb gəldi, ovu uğurlu olmuşdu, manqalı həyətdə qoyub yandırdılar, köz üstə balıq bişirdilər, külə kartof basdırdılar, yağışda çimmiş ağacların arasında oturub yeyib içir, söhbət eləyirdilər.
- Bayaq yağış yağnda evə piyada getdim, – şair dedi, – selləmə yağış yağırdı, mənsə gedirdim.
- Nə olsun? – manqala yaxın oturmuşdu, əlindəki odun parçası ilə közü eşir, bişən kartofları çıxarırdı, küldə bişən kartofu gərək isti-isti yeyəsən, azacıq soyudumu, dadı olmur.
- Unutmuşdum, – şair gülümsəyirdi, – yağış suyu doğrudan da duzlu olurmuş.
- Eləymiş, mən də unutmuşdum, – dedi.
***
Səhər tezdən yenə də alma ağacına qonub qarıldayan qarğanın səsi onu yuxudan elədi, istədi tüfəngi götürüb qarğanı vursun, ancaq əli gəlmədi. Qarğa nəhs günü gətirmirdi, nəhs gün olacağını xəbər verirdi.
Görəsən bu gün nə olacaqdı, olmaya yenə müxbir gələcəkdi. Müxbir gəlmədi, qəzeti gəldi. Qonşunun cavan oğlu qəzet köşkündə işləyirdi, qəzeti onun üçün evə gətirmişdi. «İldırım» qəzetində dərc olunmuş yazını oxuduqca dəhşətə gəlirdi. Əbləh nələr yazmışdı?! Guya o, keçilməz meşələr arasında qərar tutan kənddə anadan olmuşdu. Yazılarını hələ uşaqkən dağ çayları, xışıldayan meşələr, yaşıl çöllər, əsən yurd küləkləri qulağına pıçıldamışdı. Qonşu kəndə məktəbə gedəndə canavarlar dişlərini şaqqıldadaraq onlara hücum edirmiş. Sən demə əyalət yazıçısı təkcə yazıçıların, qələm əhlinin yox, bütün insanların dəli olduqlarını deyibmiş. Deyibmiş ki, iynənin ucu qədər ağlımız olsaydı, tarixin dərslərindən ibrət götürərdik. «Yazıçılar arasındakı döyüşə necə baxırsız?» sualına isə az qala söyüşlə cavab vermişdi. Əşşi, bu qocalar nə istəyirlər, qaxılıb otursunlar xarabalarında, uzansınlar sobanın dibində, qoca sümüklərini istiyə versinlər. Qoy cavan uşaqlar da bilsinlər vəzifə nədi, hakimiyyət nədi? Onu ən çox yandıran, ağrıdan isə işi, vəziyyəti haqqında yazılanlar oldu. Guya müxbirə, bu əbləhə, əslafın yekəsinə demişdi ki, bu xalq yazıçı-filan qədri bilən deyil! Nə yaxşı çox hörmətli, qayğıkeş, qədirbilən, əsl insan olan icra başçımız var imiş. Hər ay məni çağırır yanına, deyir, vəziyyətimi yüngülləşdirmək üçün heç nə edə bilmədiyimdən üzülürəm, rahatçılığım yoxdu. Hər iclasda, yığıncaqda, idarə, müəssisə rəhbərləri ilə birlikdə bu məsələni müzakirə eləyirik.
Yazını axıra qədər oxuya bilmədi, qəzeti cırıb atdı. Sümsüy, qoxumuş it onu bütün respublikada rüsvay eləmiş, abırdan salmışdı. Heç özünə gəlməmiş icra başçısının köməkçisi zəng elədi. Dedi ki, sənin işini növbəti iclasda müzakirə eləməyi təxirə saldıq, biz jestə jestlə cavab verməyi bacarırıq. Kafeylə də işin olmasın, özümüz hesablaşarıq.
Kafeylə özləri hesablaşacaqdılarsa, bütün «İldırım»ları almalı, yandırmalıydı. Qoy heç olmasa, rayonda bu yazını oxumasınlar. Telefon yenə zəng çaldı, şair idi, səsindən əhvalının qaydada olmadığını hiss elədi.
- Bir işmi olub? – soruşdu.
- İldırım vurub məni! – səsi gəldikcə qışqırırdı.
- Harda, evinin içində?
- Lap elə evimin içində, oturduğum yerdə! Düz ürəyimin başından vurub!
Bir azdan şair gəldi, yenə də tut arağı gətirmişdi. Deyirdi, gəlmək istəmirdim, qəzetdə oxudum bədəninə viruslar daraşıb, yoluxmaqdan qorxdum.
- Məndən uzaq durun! – hirslə dedi. – Siz də yoluxarsız. Gedin, yaşayın özünüz üçün.
- Demək, səni də sındırdılar, – aydın işdi, başçı haqda yazılanlara işarə vururdu.
- Sınıb eləyən olmayıb! O müxbirin, o əbləhin uydurmalarıdı hamısı!
- Düz də eləyib, – şair kədərlə dedi, – günəş batır. Ömrün qürüb çağıdı. Bəsdir daha, səni bilmirəm, mən yorulmuşam. Silahı yerə qoymalıyıq, bir sözlə hindu tomahavkını torpağa sancır. Onlar bizə qalib gəldilər. Qoy bayram eləsinlər, sevinsinlər.
- Hə, - dedi, – qoy sevinsinlər.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 416 Bölmə: Sevgi varmı?
loading...