Bu evin yanan  işıqlarında
Kor  olmuş  həyat,
Qaranlıq  dünyalar,
Yaşamağa   inad…
 
Bu evin otaqlarında
Dustaq  edilən  talelər,
Qəzəbdən kinlə  gülən  səbirlər,
Yalançı əməlisalehlər…
 
Bu evin döşəmələrində
Tapdanmış  ümidlər,
Gələcəyi  olmayan  vədlər,
Ayaqlanmış  öyüdlər…
 
Bu evin tavanında
Allaha  qalxan  fəryad,
Bəlkələrin  ağırlığına  dözməyib
Qırılmış  qanad…
 
Bu evin  divarlarında
Sınmış  ömrün cizgiləri,
Çiliklənmiş  arzulara
Qəm  sitəmin  vergiləri…
 
Bu  evin  pəncərələrində
Bədbəxtliyin  çılğın  rəqsi,
Yaşamayan  yaşamımın
Acı  çəkən  fəryad  səsi…
 
Bu  evin  qapılarında
Aciz-aciz  boynu  bükük
Tərk  edilən  sevinclər…
 
Qop  ey  tufan,
Çax  ey  şimşək
Parçalansın  qüdrətinlə
Bu evdəki  dərd  yuvası.
Qoy  dəyişsin
Otaqların  qəm  havası
Azad  olsun  yaşamımın
Zəncirlənmiş  təbəssümü…
 
Bəsdi  daha bu  acıdan
Qəm  daradım,  kədər  hördüm
Qop  ey  tufan…
Çax  ey  şimşək…
Bəlkə  məndə   bir  gün  gördüm.
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 83 Bölmə: Sevgi şerləri