Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ne Olsun,eyni Seherde Yasayiriq..

Nə olsun, eyni şəhərdə yaşayırıq,
Səni görə bilməyəndən sonra
nə fərqi
Ya qonşuluqda olduq,
ya hərəmiz
dünyanın bir ucunda...
Aramızda bir həsrət divarı var.
mən həsrətin bir tərəfində
sən həsrətin o üzündə...

Nə olsun, eyni eyni şəhərdə yaşayırıq,
ömrümüzə eyni səhər,
eyni axşam düşür,
Günlərimiz balıq kimi sürüşür,
Səni görə bilməyəndən sonra
Evlərimiz həbsxana kamerası,
lap elə bir addımdır arası...

Nə olsun, eyni şəhərdə yaşayırıq,
eyni havanı uduruq,
eyni sudan içirik,
Eyni dayanacaqlardan keçirik,
yni yolda
müxtəlif istiqamətlərdə qaçırıq.
Səni görə bilməyəndən sonra
nə fərqi
ya ilan kimi sürünürük,
ya quş kimi uçuruq..

Nə olsun eyni şəhərdə yaşayırıq.
Şəhər bizim şəhərimiz deyil,
nə də biz bu şəhərinik.
Yağan yağış bizimdi,
Göy üzündə sərgərdan
gəzən bulud bizimdi.
Bir araya düşən həsrət,
Bir də ümid bizimdi.
Bu şəhərdə
nə sən mənimsən,
nə mən sənin.
İçində itib batmışıq
qəmin, qüssənin...

Birimiz hicran,
birimiz həsrət daşıyırıq,
hərəmiz dünyanın bir ucundayıq.
Səni görə bilməyəndən sonra
Nə olsun eyni şəhərdə yaşayırıq...

Nüsrət Kəsəmənli Noyabr 95


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 40 Bölmə: Sevgi şerləri
loading...