Sənin kölgən düşür burda hər şeyə;
Bu evə-eşiyə,
yorğan-döşəyə,
Körpəm mışıl-mışıl yatan beşiyə
sənin kölgən düşür gecəbəgündüz.
Kölgən düşür
qadınımın üzünə,
Gizlədir üzünün eyiblərini...
...Ağac kölgəsinə,
daş kölgəsinə
Maşın kölgəsinə, quş kölgəsinə
ilişir, dolaşır, qarışır kölgən.
Bütün kölgələri çəkib canına
təzədən canıma daraşır kölgən.
Görəsən, bir azca səni unudub
birtəhər başımı qatarammı heç?
Görəsən, kölgənin ucundan tutub
gəlsəm, gəlsəm sənə çatarammı heç?
Bəlkə ən dözümlü kölgədi kölgən,
qırılan, cırılan, sökülən deyil.
Tanrı kölgəsidi, bəlkə də, kölgən,
ölüncə üstümdən çəkilən deyil.
Gecələr kölgənlə üstümü örtüb
yuxlaya biləydim bu dünyada kaş.
Kölgənə üzümü-gözümü sürtüb
ağlaya biləydim bu dünyada kaş.
Ağlaya bilmirəm...
yağır yağış-qar,
Çöldə kölgən qalır yağış-qar altda.
Keçir kölgən üstdən
ağır maşınlar,
Kölgən tapdalanır
ayaqlar altda.
Kölgən dirsəklənib daşa-torpağa
dikəlmək istəyir, qalxmaq istəyir.
Dayanıb mənimlə qabaq-qabağa
gözümün içinə baxmaq istəyir.
Tez-tez bu şəhərdə aldanır gözüm,
sən donda görükür gözümə qızlar.
Bəlkə parça-parça doğrayıb-kəsib
kölgəndən don tikib özünə qızlar.
Kölgənə nə qədər əllər uzanır,
o küncə-bu küncə qısılır kölgən.
Aylar ötüb keçir, illər uzanır,
günbəgün gödəlir, qısalır kölgən.
Kölgən qısaldıqca
uzaqlaşırsan,
Bəlkə də, hardasa çılpaqlaşırsan.
Beləcə sən məndən, mən səndən uzaq
ölüncə yaşarıq tək-tək
dünyada.
Hələ bircə qarış kölgən qalıbsa,
mən qərib deyiləm, demək, dünyada.
Bir gün sən hardasa dil-dil ötəndə
son sözüm kölgənə yazılar sənin.
Kaş ki, vaxt bitəndə, əcəl yetəndə
qəbrimi kölgəndə qazalar sənin...
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 88 Bölmə: Sevgi şerləri