Heç nədən başladı bizim sevgimiz,
Əvvəlcə dost olduq, sonra sevgili.
Heç bu cür sevgini gözləmirdik biz,
Bəs haçan cücərdi sevginin gülü?
Elə bil lal idik, susduq bir müddət,
Sevgini ürəkdə biz əzizlədik.
Məqamı gözləyib pusduq bir müddət,
Hamıdan, hamıdan onu gizlətdik.
Gizlətdik hamıdan, özümüzdən də,
Dedik ki, sevgimiz israf olmasın.
Dedik ki, çəkinib sözümüzdən də,
O sevgi qaçmasın, tələf olmasın.
Axır ki, etiraf məqamı çatdı,
Danışdıq, qəlbimiz boşaldı birdən.
O gündən qəlbimiz necə rahatdı,
Xoşbəxtin xoşbəxti idik – mən və sən.
Sevərək sevilmək nə gözəl imiş?!
Gözəldir ağrısı, acıları da.
Bilməzdik ki, sevgi çox dəcəl imiş,
Bilməzdik yolumuz qalar yarıda.
Qovuşub əbədi bir yerdə olmaq,
Bu sevgi uğrunda cəhdimiz imiş.
Arzusu gözündə qalıb ayrılmaq,
Əfsus ki, bizim də bəxtimiz imiş.
Xəyala çevrildin, itdin gözümdən,
Getdin səmadakı buludlar kimi.
Öldü o sevgi də, məhv oldu birdən,
Qəlbimdə məhv olan ümüdlər kimi.
Qəlbimdən silinməz, getməz yarası,
Mənəm bu həsrətə əbədi məhkum.
Özüm də bilmirəm nədir çarəsi,
Bilmirəm ki, səni necə unudum?
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 117 Bölmə: Sevgi şerləri