Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Küsmüşəm....

Bir arzu var, arzulardan doğulan,
Bir ümid var, tənhalıqda boğulan.
Bir yuva var, alt-üst olub dağılan,
Xoş günlərdən, əllərimi üzmüşəm,
Bu həyatdan gör nə vaxtdır, küsmüşəm.

Döydüyüm qapılar, açılmaz oldu,
Səhrada su tapdım, içilməz oldu.
Elə bəxt yaşadım, qaçılmaz oldu,
Bir gün acım bitər deyib, dözmüşəm,
Bu həyatdan gör nə vaxtdır, küsmüşəm.



Hara getdi yaxşılığın, savabın,
Yad əldə çalındı, könül rübabın,
Bir şübhəm var, tapmayıbdır cavabın,
Bəlkə hamı yaxşıdı, mən pismişəm,
Bu həyatdan, gör nə vaxtdır, küsmüşəm.

Ey dili donduran, qəlbi yay olan,
Ey hər gecəsi, günü ah-vay olan,
Ey cavan yaşında, ömrü zay olan,
Özüm öz quyumun, ipin kəsmişəm,
Bu həyatdan, gör nə vaxtdır, küsmüşəm.

Rəhimli, dərdini kimlə bölürsən,
Bir də gördün, ömür bitib, ölürsən.
Bir gün gələn, bir gün gedər, bilirsən,
Heyif, səhv məkanda haqqı gəzmişəm,
Bu həyatdan, gör nə vaxtdır, küsmüşəm.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 70 Bölmə: Sevgi şerləri
loading...