Yenə xatırlayacaqsan bu evi
Yenə də zəng edəcəksən: Gəlirəm
Yenə də yalvaracaqsan: Gözlə,
Heç yerə getmə, bu günlük səninəm.
Yenə kölgən cızacaq pəncərəmi
Girəcəksən elə bil öz yuvana,
Yenə palton düşəcək qollarıma
Yenə çantan uçacaq boş divana.
Yenə sakitcə yumub gözlərini
Kürəyin söykədəcəksən sinəmə
Yenə guya unudub sözlərini
Deyəcəksən ki, demə, heç nə demə.
Yenə dinməz dayanıb bir müddət
Arxadan boynuna ahlar səpəcəm
Saçını sonra səliqəylə yığıb
Çiyninin ağ dərisindən öpəcəm.
Ağ belindən götürüb əllərimi
Yenə bərk-bərk sıxacaqsan döşünə
Yenə də tuş gələcək lal baxışım,
Al dodaqlarını sıxmış dişinə.
Sinən aramsız enib qalxınca
Mən gedib bağlayacam çöl qapını.
Söndürülmüş siqaretlərlə yenə
Birbəbir dolduracam külqabını.
Yenə də seyr edəcəm dinməzcə
Çiyinindən sürüşən köynəyini,
Yenə də gözləyəcəm tez soyunub
Tələsik lampanı söndürməyini.
Yenə qoynumda bu çılpaq bədənin
Sübhəcən çırpınacaq, ağlayacaq
Yenə dırnaqların ac qırğı kimi
Sinəmi, boynumu cırmaqlayacaq.
Yenə qışqırtın, iniltin qopacaq,
Sıxacam ağzını ovcumla yenə
Qonşuda xeyli qulaq şəklənəcək
Ehtirasın bu həyasız səsinə.
Yenə həzzin çatacaq son həddə
Bədənin od tutacaq, allanacaq……
Sonda halsız düşəcəksən yatağa,
Ayağın çarpayıdan sallanacaq.
Yenə titrək həyəcanlı səslə
Açacaqsan mənə öz hisslərini,
Yenə də axtaracaq süst baxışım
Bədənində yad öpüş izlərini.
Yenə də inciyəcəksən məndən
Deyəcəksən: Soyuyub ehtirasın.
Yenə xatırlayacaqsan bir vaxt
Bizi uydurmaş o şəhvət havasın.
Yenə laqeydliyimdən usanıb
Əsəbi yellədəcəksən əlini,
Sanki qəsdən məni cırnatmaq üçün
Yenə tərifləyəcəksən ərini.
Bezib axır susacaqsan, birdən
Yenə də yastığa çırpıb üzünü,
Dözməyib gəldiyin üçün bu evə
Yenə lənətləyəcəksən özünü.
Yenə də hönkürəcəksən xeyli
Nəmli yastıq udacaq göz yaşını,
Sonra sakitləşəcəksən azacıq,
Ah çəkib qaldıracaqsan başını,
Yenə qalxıb yığacaqsan yerdən
Səpələnmiş təzə pal paltarını,
Geyəcəksən yenə tənbəl-tənbəl
Əyninə köynəyini, şalvarını.
Qapıda bir də yumub gözlərini
Kürəyin söykədəcəksən sinəmə,
-Sənə mən ömrümü bəxş eylərdim
Bircə yol barı desəydin – ELƏMƏ…
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 117 Bölmə: Sevgi şerləri