Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

78. Ən-Nəbə (Böyük xəbər) surəsi
78. Ən-Nəbə (Böyük xəbər) surəsi

1. (Bu müşriklər) bir-birindən nə haqqında soruşurlar?

2. Böyük bir xəbər (qiyamət günü) haqqında!

3. Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar.

4. Xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!

5. Bir də (deyirəm) xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!

6. Məgər Biz yeri döşək etmədikmi?!

7. Dağları da dirək?!

8. Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.

9. Yuxunuzu da istirahət etdik.

10. Biz gecəni (hər şeyi bürüyən) örtük etdik.

11. Gündüzü isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik.

12. Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq.

13. Sizin üçün çox parlaq bir çıxar (günəş) yaratdıq.

14. (Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki,

15. Onunla dən və bitki yetişdirək,

16. Eləcə də (ağacları bir-birinə) sarmaşan bağlar.

17. Həqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir vaxtdır!

18. Sur çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə (məhşərə) gələcəksiniz.

19. (O gün) göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydə yarıqlar) açılacaqdır.

20. Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir.

21. Həqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur!

22. O, azğınların məskənidir.

23. Onlar orada sonsuz müddət qalacaqlar.

24. Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar.

25. Qaynar sudan və irindən başqa!-

26. (Dünyadakı əmələrinə) uyğun cəza olaraq.

27. Çünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır, onun əzabından qorxmurdular).

28. Ayələrimizi də elə hey təkzib edirdilər.

29. Biz hər şeyi (bir-bir) sayıb (lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit etmişik).

30. İndi (ey kafirlər!) dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!

31. Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət),

32. Bağçalar və üzüm bağları,

33. Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar.

34. (Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir!

35. Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər.

36. (Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir -

37. Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar!

38. Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!

39. Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə tərəf qayıdan bir yol tutar!

40. Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: "Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!" - deyəcəkdir.


Tarix: 10.06.2015 / 16:15 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Qurani Kerim
loading...