Bir səhər yuxudan durub…
Bir səhər yuxudan durub
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən.
…Qorxasan qaçıb gedələr, -
Tez qapını bağlayasan.
Geri dönüb içəridə
bir təzə qonaq görəsən.
Görəsən ki, qapqaradı
o qonaq başdan ayağa.
Ondan başqa hamısının
üst-başını ağ görəsən.
Pəncərədən içəriyə
dola, dola gün işığı.
İçəridə boş-boşuna
yanan bir çıraq görəsən.
Söndürəsən o çırağı -
hamı birdən yoxa çıxa….
Otaqda bir qara qələm,
bir də ağ vərəq görəsən.
Tarix: 25.03.2013 / 17:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1089 Bölmə: Qemli şerler
loading...